Adam döyüş yoldaşını yeyərmi (Fotolar)

Milyonlarla britaniyalı neçə illərdir ki, bilmədən at əti yeyirmiş...

Yadımdadır ki, bir qazax həmkarım hər il vətənində istirahətdən qayıdanda özü ilə Almatıdan bir böyük bağlama ərzaq gətirərdi və hər dəfə də bizi Qazaxıstanın ən hörmətli təamı olan qaxac edilmiş... at ətinə qonaq edərdi. Mən həmişə bu qonaqpərvərlikdən imtina edərdim... Çünki təsəvvürümdə at "yeməli" heyvan olmamaqdan əlavə, Qırat, Dürat, Bozat kimi qəhrəmanlarla bağlı idi. Üstəlik, gözümün önündə atlı qəhrəmanların - Sankt-Peterburqda Birinci Pyotrun, Britaniya Parlamentinin binası qarşısında Şir Ürəkli Riçardın at üstündə abidələri canlanırdı. Amma heç demə, mən neçə illərdir xəbərim də olmadan at əti yeyirəmmiş. Tək mənmi? Yox, bütün Britaniya...

Adam da "döyüş yoldaşı"nı yeyərmi?

Bu yaxınlarda bütün dünyada məşhur olan burgerlərin tərkibindən - at DNT-si (genetik materialı) tapılıb. Qeyri-elmi dildə bu, o deməkdir ki, çəkilmiş mal ətindən hazırlanan burgerlərə at əti qatılıb. Bir çox britaniyalıların hiddətə gəlməsinin iki səbəbi var.

Birincisi, onlara mal əti əvəzinə at əti yedizdiriblər, ikincisi isə bir az əvvəl dediyimdir. Şir Ürəkli Riçard və sair...Yəni Britaniyada hələ qədimlərdən at ətinin yeyilməsinə yazılımamış qadağa var. Tarixində qanlı mühariblər olmuş çox az xalq var ki, (qazaxlar kimi) "döyüş yoldaşı"nın ətindən bozbaş bişirsin. Burgerlər Britaniyada ən çox satılan, bişirilən və yeyilən ət məhsuludur. Bütün supermarketlər yarımfabrikat şəklində burger satır və "Makdonalds" kimi restoranların menyusu isə əsasən elə burgerdən ibarətdir. Hər gün milyonlarla britaniyalı mağazalardan burger alıb bişirir. Qəti şəkildə demək olar ki, milyonlarla evdə burger az qala gündəlik ət yeməyidir.

İndi təsəvvür edin ki, ölkənin istisnasız olaraq bütün supermarketlərinin satdığı burgerlərin içərisindən "at materialı" tapılıb. Nə az, nə çox, bəzi məhsulların tərkibinin 30 faizi bu materiallardan ibarət imiş. Adı çəkilən mağaza və kafelərin az qala hamısı bütün "burger məhsulunu" piştaxtalardan çıxararaq zibilliyə atıblar.

At əti mal ətindən dörd dəfə ucuzdur...

"Forbes" jurnalı yazır ki, baş verən qalmaqalda supermarketlərin də günahı var. Belə ki, onlar ət məhsulları istehsal edən zavodlara qiymət məsələsində böyük təzyiq göstərirlər.

2006-cı ildən bəri Britaniyada mal ətinin bir kilosunun qiyməti 4 funt sterlinq artıb. Məhz buna görə də ət istehsalçıları məhsullarını ucuzlaşdırmaq üçün ən müxtəlif vasitələtə əl atırlar. Bu vasitələrdən biri də "ət məhsulunun tərkibindəki təmiz ətə insan orqanızminə ziyansız olan (onların nəzərində) başqa ət materialların" qarışdırılmasıdır. Buna "ət əlavəsi" də deyilir və əsasən güclü maşınlarda çəkilmiş heyvan sümüklərindən ibarət olur. Və artıq müharibələrdə iştirak etməyən, yer şumlamayan və nəqliyyatda rolu kəskin azalan atın əti son dərəcə ucuzlaşıb. Ərzaq təhlükəsizliyi ekpertləri deyirlər ki, at əti Avropada mal ətindən 4 dəfə ucuz başa gəlir. Həmin o "ət əlavəsi" də elə at ətindən və sümüklərindən ibarətdir ki, buna da "at əlavəsi" demək daha düzgün olardı.

Hər şeyi zarafata salan britaniyalılar ...

Britaniyalılar bütün Avropada zarafatçıl millət sayılır. Onlar hətta öz səhvlərinə, səfehliklərinə və bəlalarına gülməyi bacaran adamlardır. Bir az da bizim kimi: "Kim nə deyər bizdə olan qeyrətə" məsələsi.

Pembrikşir şəhərində iki zarafatçıl oğlan "at paltarı" geyinərək Tesco supermarketinə gəlib pantomim tamaşası göstəriblər.

At əti qalmaqalı ilə bağlı Britaniya mətbuatında və ictimai şəbəklərdə yüzlərlə lətifə dərc olunub. "The Guardian" qəzetində cap olunmuş belə bir zarafatda deyilir.

"Mal ətindən burger üçün ən yaxşı resept: çəkilmiş mal əti, sarımsaq, istiot, göyərti, yumurta və incə doğramış köhlən əti".

"Mənim qızım həmişə onun üçün poni almağımı tələb edir. Əvəzində mən Tescoya gedərək onun ad günü üçün burger almışam".

"Darıxmayın, belə getsə, sizin burgerlərinizdən zebr əti də çıxacaq".

Britaniyada at ətini bircə restoranda yemək olar. O da Şotlandiyanın Edinburq şəhərindəki L’Escargot Bleu fransız restoranında. Restoranın müdiri Fred Berkmiller deyir ki, müştərilərə iki ildir, at əti verir, özü də adətən yarıçiy… O, deyir ki, xammal almaq asan deyil və əsas təchizatçı Fransadır. "Biz hər at ətini, yox, cins, seçmə atların ətini təklif edirik" - deyir müdir.

"The Daily Telegraph" qəzeti yazır ki, bu restoran unikaldır. Britaniyanın başqa heç bir yerində at əti tapmaq mümkün deyil, "çünki heç bir ağlı olan britaniyalı bu ətə əli ilə də toxunmaz".

Adam döyüş yoldaşını yeyərmi (Fotolar)Adam döyüş yoldaşını yeyərmi (Fotolar)Adam döyüş yoldaşını yeyərmi (Fotolar)Adam döyüş yoldaşını yeyərmi (Fotolar)Adam döyüş yoldaşını yeyərmi (Fotolar)Adam döyüş yoldaşını yeyərmi (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7932   Tarix: 24 yanvar 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti