Keçid ballarında dəyişiklik: Hansı ixtisaslara qəbul asanlaşdı?

Keçid ballarında dəyişiklik: Hansı ixtisaslara qəbul asanlaşdı?Keçid ballarındakı dəyişikliklər, xüsusilə bəzi ixtisaslarda artım, bəzilərində isə azalma tendensiyası ali təhsil sistemində struktur problemləri və əmək bazarına uyğunlaşma mexanizmlərinin hələ də qeyri-effektiv olmasını bir daha nümayiş etdirir. Məlumdur ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbulda əsas göstəricilərdən biri keçid ballarıdır və bu balların formalaşması bir tərəfdən abituriyentlərin nəticələrindən, digər tərəfdən isə universitetlərin ixtisas üzrə plan yerləri və cəlbediciliyindən asılıdır. Lakin keçid ballarındakı dəyişikliklər daha dərin bir problemi – ixtisasların reytinqinin yalnız abituriyent seçimi ilə deyil, dövlətin strateji yanaşması ilə müəyyən edilmədiyini göstərir.

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 20-ci maddəsinə əsasən, ali təhsil müəssisələri təhsilalanların hazırlığını əmək bazarının tələblərinə uyğun qurmalı, bu prosesdə dövlətin iştirakını təmin etməlidirlər. Eyni zamanda "İşgüzar təhsil" konsepsiyası çərçivəsində təklif edilən yanaşmalara əsasən, ixtisas seçimi yalnız akademik maraqlara deyil, peşəkar tələbatlara söykənməlidir. Lakin bu prinsiplər faktiki tətbiq səviyyəsində yetərincə reallaşmır. Nəticədə bəzi ixtisaslarda süni tələbat formalaşır, bəzilərində isə cəmiyyətin ehtiyacı olsa da, maraq aşağı qalır:

Keçid ballarında dəyişiklik: Hansı ixtisaslara qəbul asanlaşdı?"Keçid ballarının artdığı sahələr əsasən rəqəmsal texnologiyalar, mühəndislik, informasiya təhlükəsizliyi, proqramlaşdırma və iqtisadiyyatla bağlı ixtisaslardır. Məsələn, 2024-cü ilin məlumatına görə, Bakı Ali Neft Məktəbində proqram mühəndisliyi üzrə keçid balı 600-ü keçmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu ixtisas üzrə ballar 550-dən yuxarı olmuşdur. Eyni zamanda UNEC-də maliyyə və menecment ixtisaslarına keçid balları 500-ə yaxınlaşmışdır. Bu artım birbaşa həmin sahələrdə kadr tələbatının çoxluğu, əmək haqqının yüksək olması və beynəlxalq mobil imkanların genişliyi ilə bağlıdır. Rəqəmsal iqtisadiyyatın yüksəlişi və beynəlxalq əmək bazarının bu istiqamətdə açıq olması abituriyentlərin bu sahələrə marağını artırır və nəticədə keçid balları yüksəlir.

Əksinə, biologiya, coğrafiya, kimya müəllimliyi, ekologiya, torpaqşünaslıq, kənd təsərrüfatı mühəndisliyi kimi ixtisaslarda keçid ballarında kəskin azalma müşahidə olunur. Gəncə Dövlət Universitetində biologiya müəllimliyi ixtisasının keçid balı 200, Azərbaycan Dövlət Aqrar Universitetində torpaqşünaslıq və aqronomluq ixtisaslarının keçid balları isə 150 bal olmuşdur. Bu ixtisaslara marağın azalmasının səbəbi həmin sahələrin əmək bazarında zəif təmsil olunması, peşənin ictimai nüfuzunun aşağı olması, təbliğatın zəifliyi və gəlir perspektivinin qeyri-müəyyənliyidir. Müəllimlik ixtisaslarında da oxşar vəziyyət müşahidə olunur. Təhsil sahəsində islahatlara baxmayaraq, müəllimlərin peşəyə cəlbetmə mexanizmləri və maddi motivasiyası hələ də zəifdir. Bu da abituriyentlərin marağının zəifləməsinə və nəticə etibarilə keçid ballarının enməsinə səbəb olur.

Müsbət hal odur ki, keçid ballarının dəyişməsi abituriyentlərin qərarlarının rasional əsaslara söykəndiyini göstərir. Onlar əmək bazarını izləyir, ailələrinin iqtisadi vəziyyətini nəzərə alır, ixtisasların beynəlxalq tanınmasını və karyera imkanlarını analiz edirlər. Bu, təhsilalanların informasiya savadlılığının artdığını və qərar qəbuletmə prosesində daha şüurlu olduqlarını göstərir. Digər müsbət məqam ondan ibarətdir ki, bəzi universitetlər əmək bazarına uyğun yeni ixtisaslar – süni intellekt, rəqəmsal hüquq, təhlil mühəndisliyi kimi proqramlar təklif etməyə başlayıblar. Bu isə ixtisas portfelinin yenilənməsi baxımından müsbət meyldir.

Lakin neqativ tərəf ondan ibarətdir ki, dövlət ixtisas planlamasında hələ də əmək bazarının tələblərinə əsaslanan proqnozlaşdırma aparmır. Bu isə bir tərəfdən bəzi sahələr üzrə kadr qıtlığı, digər tərəfdən isə diplomlu işsizlik yaradır. Hazırda iqtisadiyyatın kənd təsərrüfatı, ekoloji təhlükəsizlik, səhiyyə və sosial xidmətlər sahəsində kadrlara ehtiyacı artsa da, bu sahələr üzrə qəbul planı və dövlət sifarişi ya azalır, ya da aşağı keçid ballarına görə keyfiyyətli kadr axınına nail olmur. Bu isə ali təhsil və iqtisadi inkişaf arasında ciddi boşluq yaradır".

Ekspert onu da vurğuladı ki, Dünya təcrübəsində bu boşluq institusional yanaşmalarla aradan qaldırılır. Məsələn, Kanadada hər əyalət üzrə əmək bazarının təhlili əsasında universitetlərə illik ixtisas planı təqdim edilir. Almaniyada universitetlərlə sənaye arasında razılaşdırılmış "dual təhsil" mexanizmi vasitəsilə tələbələr ixtisas seçiminə iş yeri ilə paralel şəkildə qərar verirlər. Avstraliyada isə dövlət hər ixtisas üzrə məzun məşğulluq səviyyəsini və əmək haqqı ortalamasını açıq statistik bazada ictimaiyyətə təqdim edir. Bu da abituriyentlərin qərar verməsinə kömək edir və ixtisaslar üzrə süni tələbi azaldır:

"Azərbaycanın təhsil sistemi bu təcrübədən öyrənərək keçid ballarının formalaşma mexanizmini daha şəffaf, iqtisadi əsaslı və strateji hala gətirməlidir. Bunun üçün Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi birgə əmək bazarı proqnozlaşdırma modeli qurmalı, Dövlət İmtahan Mərkəzi isə keçid ballarını yalnız statistik deyil, proqnostik model üzərindən qiymətləndirməlidir. Hər ixtisas üzrə minimum keyfiyyət göstəricisi müəyyən edilməli, təklif-tələb balansına uyğun qəbul kvotaları tənzimlənməlidir. Nəticədə ali təhsil daha planlı, daha məqsədyönlü və daha davamlı inkişaf istiqamətində təşkil olunacaq. Beləliklə, keçid ballarının artması və azalması yalnız təmayül göstəricisi deyil, sistemin mahiyyətini əks etdirən struktur indikator olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 5490   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vahid məktəbli forması və xarici ideoloji təsirlər: Azərbaycan təhsilinin qarşısında duran strateji çağırışlar

"Təhsil sisteminin inkişafı yalnız dərsliklərin yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bu proses eyni zamanda məktəblərdə sosial bərabərliyin təmin olunmasını, uşaqların psixoloji təhlükəsizliyinin qorunmasını, milli-mənəvi dəyərləri

11:13 154
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

13:30 157
.

Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"

"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi

13:16 184
.

Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və sağlam məktəb mühitinin mühüm təminatıdır

"Təhsil yalnız şagirdlərə bilik və bacarıqların aşılanması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət, intizam, qarşılıqlı hörmət və vətəndaşlıq dəyərlərinə yiyələndiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan vahid məktəbl

11:35 170
.

"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil

İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind

12:02 416
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

10:20 278
.

Kamboca Baş naziri rəsmi qarşılandı - Fotolar

Bu gün Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş nazir

10:57 144
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11.10.2026 401
.

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti, hazırda ev dustağı olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, İ.Əliyevin qardaşı, uzun müddət müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliye

10:09 202
.