"Sandıqdakı qardaşım" - Aysel İbrahimli

"Sandıqdakı qardaşım" - Aysel İbrahimliSonxeber.az Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan III kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:

Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hər küncündə hələ də onun o ağır, adamı boğan sükutu duyulurdu. Həyətdə Kamilin samovara od salmaq üçün sındırdığı çır-çırpının səsi gəlirdi, mən isə sanki ayaqlarım məndən asılı olmayaraq, illərdir yanından qaçdığım o otağa - anamın yataq otağına tərəf sürüklənirdim. Otağın qapısı elə bir gıcırtı ilə açıldı ki, sanki on illərdir açılmayan bir məzarın qapağı tərpəndi. İçəridəki hava hələ də anamın qoxusunu saxlayırdı; bir az naftalin, bir az köhnə parça və bir az da o izahı olmayan acı dərman qoxusu.

Gözüm dolabın küncündə, tozun içində qalmış o köhnə taxta sandığa sataşdı. Uşaqlığım boyu o sandıq mənim üçün qadağan olunmuş bir qala idi. Hər dəfə əlimi o tərəfə uzadanda anamın sərt səsi qulağımda cingildəyirdi: "Toxunma! Ora getmək olmaz!" İndi isə o sərt səsin sahibi yox idi, sandıq isə qarşımda bütün müdafiəsizliyi ilə dururdu. Uşaqlığımdakı ən böyük arzum bu sandığın anam tərəfindən qorunmaması idi. Axı, bir uşağa nəyi qadağan edərsənsə, o, ona daha maraqlı gəlir. Heç düşünməzdim ki, uşaqlıq arzumda istəmədən də olsa, anamın ölümünü arzulamışam.

Paslanmış açarı çətinliklə kilidə salıb buranda çıxan o qırıq metal səsi boş otaqda əks-səda verəndə bir anlıq dayandım, elə bildim anam hardansa çıxıb yenə əlimdən vuracaq. Qorxsam da, dərin bir nəfəs alıb içimdəki qarışıqlığı susdurmaq istədim ki, qarşımdakı həqiqətlə üz-üzə qalmağa gücüm çatsın.

Sandığı açdım. Üstdə anamın illərlə sandıq qoxusu hopmuş və bir az da nimdaş, saralmış cehizliyi, naxışlı yaylıqları və bir-birinə səliqə ilə bağlanmış süfrələri dururdu. Onları təmkinlə, bir-bir kənara yığdım. Sandığın dibinə yaxınlaşdıqca içimdəki həyəcan qəribə bir qorxu ilə əvəz olundu. Ən altda bir büküm gözümə sataşdı. Küncə elə sıxılmışdı ki, sanki kimsə onu bir daha heç vaxt tapmasın deyə gizlətmişdi: qırmızı bir parça bükümü.

Parçanı açanda içindən çıxan sınıq-salxaq bir oyuncaq maşın və rəngi qaçmış, kənarları süzülmüş bir tibbi arayış düşdü. Arayışı açıb o köhnə yazıya baxanda əvvəl başa düşmədim. Sonra tarixə və ada baxdım. Bu, mən doğulmazdan üç il əvvəl itirilmiş bir körpənin - heç vaxt varlığından xəbər tutmadığım, evdə adı belə çəkilməyən böyük qardaşımın ölüm kağızı idi. Sənədin küncündə anamın qurumuş göz yaşlarının ləkəsi hələ də dururdu.

O an sanki beynimdə illərdir qaranlıq qalan bütün pərdələr bir-bir açıldı. Bu gün özüm ana olsam da, illərlə anamı başa düşə bilməmişdim. O məni sevirdi, yoxsa sevmirdi? Çünki mənə çox vaxt soyuq davranardı. Amma mən xəstələnəndə, ya da ölümlə üz-üzə qalanda sanki ürəyi yerindən qopacaq kimi çırpınardı.

Mən illərdir anamı soyuq, hissiz və məsafəli bir qadın kimi tanımışdım. Əvvəl onun mənə bir dəfə də olsun ürəkdən sarılmamasını, dərdimi danışanda üzünü yana çevirməsini və mənə yaxın durmamasını sevgisizlik sanmışdım. Amma indi o bir parça kağız mənə hər şeyi darmadağın edən bir həqiqəti pıçıldayırdı.

Səkkiz yaşım olanda məktəbdən gəlib həvəslə "Ana, bax, rəsm çəkmişəm!" deyib ona tərəf qaçanda əllərini necə təlaşla geri çəkdiyini indi anlayıram. O zaman elə bilmişdim ki, barmaqlarımın mürəkkəbi onun təmiz önlüyünü bulayar deyə qaçır. Amma yox, o, mənə toxunmaqdan, o toxunuşun yaradacağı o doğmalıq bağından qorxurmuş. Üzünü yana çevirib "Get, dərslərini elə" deyəndə gözlərindəki o qəribə laqeyd baxış deyil, boğulmuş bir hönkürtü imiş.

Bir dəfə bərk qızdırmalı olanda gecə yarı ayılıb anamı çarpayımın küncündə heykəl kimi oturmuş görmüşdüm. Alnıma qoyduğu nəm dəsmal əlindən düşəndə barmaqları təsadüfən saçıma toxunmuşdu. O an sanki elektrik vurmuş kimi diksindi, əlini dərhal geri çəkib otaqdan çıxdı. Mən onda ağlamışdım ki, anam hətta xəstə halımda da mənə sığal çəkməyə nifrət edir. Sən demə, o qırışmış əllər mənim saçlarımda illər əvvəl itirdiyi o körpənin qoxusunu duyubmuş...

Mən illərdir anamı ruhu soyuq, duyğuları kütləşmiş bir qadın kimi tanımışdım. Amma indi o bir parça kağız mənə pıçıldayırdı ki, o, əslində dünyanın ən fədakar sərkərdəsi imiş; öz ürəyini mühasirəyə alıb, içəridəki sevgini mənə sızdırmırdı ki, mən də onun kimi o sevginin altında qalıb əzilməyim. O, mənə sarılmırdı ki, itirəndə qollarının arası boş qalmasın. O, məni uzaqdan sevməklə əslində məni öz bəxtsizliyindən qoruyurmuş.

İndi isə sandığın dibindəki o sınıq oyuncaq maşına baxdıqca içimdəki o soyuq divarların uçulub töküldüyünü hiss edirdim. Anamın mənə vermədiyi hər bir sığal, əslində mənim üçün saxladığı ən böyük göz yaşı imiş. Bir dəfə o ağır itkini yaşamışdı və bir daha eyni ağrını hiss etməmək üçün özünə sevməyi, bağlanmağı, şəfqət göstərməyi qadağan eləmişdi. Mənə həddindən artıq bağlansa, məni də itirəcəyindən qorxduğu üçün aramızda o keçilməz soyuq divarları hörübmüş.

Yoldaşım Kamilin eyvandan gələn ayaq səsləri məni xəyaldan ayırdı. O, otağa girib məni yerdə, toz-torpağın içində, o sənədi bağrıma basıb hönkür-hönkür ağlayan görəndə donub qaldı. Yanımda diz çöküb, heç nə soruşmadan sənədə baxdı. Bir neçə dəqiqə sadəcə sükut oldu. Kamilin əlinin çiyinlərimdəki ağırlığını hiss edəndə bir şeyi də dərk etdim: mən də illərdir eyni yolu gedirmişəm. Mən də Kamillə aramda həmişə bir gizli məsafə saxlamışam, uşaqlarımıza qarşı anamın o "uzaq" modelini təkrar etmişəm. Sanki çox sevsəm, mütləq nəsə fəlakət olacaqmış kimi duyğularımı qıfıla salmışam.

Zamanın amansız çarxı fırlandıqca insan özünü keçmişin aynasında daha tez-tez görür. Bir vaxtlar anamın mənə qarşı olan o buz kimi soyuqluğundan gileylənərdim. İndi isə öz valideynliyimə baxıram və görürəm ki, mən də o soyuqluğun kölgəsindəyəm. Amma bizim hekayəmiz fərqli idi. Mənim səssizliyimin və övladlarımla arama çəkdiyim o görünməz hasarların təməlində tamamilə başqa bir duyğu dayanırdı.

Mən övladlarımı özümdən uzaq tuturdum ki, bir gün bu dünyadan köçüb getsəm, yoxluğum onlara çox ağır gəlməsin. Onları mən yaşaya-yaşaya mənsizliyə alışdırmağa çalışırdım. Hesab edirdim ki, aradakı məsafə nə qədər böyük olsa, itkinin acısı da bir o qədər yüngül olar. Sevgimi bir zireh kimi içimdə gizləmişdim; elə bilirdim ki, onları bu yolla qoruyuram.

Lakin indi anlayıram ki, nə qədər böyük bir yanılmanın içindəymişəm. Valideyn öz sevgisini övladından əsirgədikcə əslində gələcəkdəki o ağrını azaltmır, əksinə, onu daha da dərinləşdirir. İnsan sevdiyini itirəndə ən çox yaşadığı xoş günlərə görə deyil, yaşaya bilmədiyi, yarım qalan sevgilərə görə inciyir.

Verilən ömür elə bir xəzinədir ki, sevgi orada bir damla belə israf edilmədən, doya-doya yaşanmalıdır.

İndi o hasarları bir-bir uçurmağın vaxtıdır. Başa düşdüm ki, övladlarım üçün ən böyük təsəlli mənim yoxluğumda xatırlayacaqları soyuq bir məsafə deyil, ruhlarına toxunan o isti, səmimi ana sevgisi olacaqdır. Çünki sevgi gələcəyin qorxusuna qurban verilməyəcək qədər müqəddəsdir…

Kamil o gün heç nə demədən mənə elə bərk sarıldı ki, mən ilk dəfə o qırmızı parçaya bükülmüş sənədlə birlikdə içimdəki o qorxunc mirası da dəfn etdim. O bağ evindən çıxanda mən təkcə bir sandığı yox, illərdir canımı ağrıdan o sevgisizlik yükünü də o otaqda qoyub çıxdım. Anam getmişdi, amma o, öz ağrılı sirri ilə mənə sevməyin qorxusuz yolunu açmışdı.

Aysel İbrahimli


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir"

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı deyib. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğun

10:58 137
.

"Müharibədə də, müharibədən sonra da heç kim bizə kömək etmirdi"

"Səkkiz milyon əhalimiz var idi, onlardan 1 milyonu qaçqın-köçkün, evsiz-eşiksiz, çadırlarda". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bu bir humanitar fəlakə

16:41 104
.

Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub. "Qafqazinfo" xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib. Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir. *. Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirili

11:31 289
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

17:29 51
.

"Kartdan karta" limiti ilə bağlı əsas sual: Sahibkar niyə müştərini nağda yönəldə bilər?

Bu günə qədər hər kəs kart ödənişlərindən istifadəyə təşviq edilirdi. İndi isə nağd alış-verişə yönləndirmə müşahidə olunur. Bəs bu dəyişiklik hansı məqsədə xidmət edir?. Mövzu lə bağlı BİG.AZ-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, əgər nəzərdə tutduğunuz "kar

12:16 176
.

Qardaşı da nişanlandı

Mediada müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu kimi tanınan Jerar Qafarov da ailə qurmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor qardaşı Corc Qafarovdan sonra Jerar da nişanlanıb. O, nişan mərasimindən görüntüləri paylaşaraq "Xoşbəxt həyat yoldaşı, xoşbəxt həyat" şərhini yazıb

14:49 241
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

13:10 206
.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

17:03 76
.

İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı - Fərman imzaladı

"Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Azərbaycan Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilib. "Qafqazinfo"

16:06 134
.