Bakıdakı binalar zəlzələyə davamlıdır? - "Şirkətlər özləri necəsə müəyyənləşdirib tikirlər" - MÜSAHİBƏ

Bakıdakı binalar zəlzələyə davamlıdır? - "Şirkətlər özləri necəsə müəyyənləşdirib tikirlər" - MÜSAHİBƏTürkiyədə baş verən zəlzələ "Əsrin fəlakəti" oldu. Bu hadisə insanlarda müxtəlif suallar yaratdı. Bizdə də insanlar təbii olaraq narahat olmağa başladılar. Ən çox narahat olanlar isə seysmoaktiv bölgələrdə yaşayanlardır. Yaşadığımız binanın tikintisinin keyfiyyətindən tutmuş ərazinin seysmik xəritəsinə qədər müxtəlif mövzuda suallar yaranır.

Bu sualların bir qismi ilə bağlı "Kaspi" qəzeti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli ilə söhbətləşib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanın seysmik təhlükəli ərazi olduğu deyilir. Bir ərazinin seysmik təhlükəli ərazi olmasını şərtləndirən amillər nələrdir?

- Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Bu qurşaq Alp dağlarından başlayır, Himalay dağlarında qurtarır, Sakit okeana qədər uzanır. Burada plitələrin, plitədaxili blokların hərəkəti həmişə aktivdir. Azərbaycan da həmin seysmik qurşaqda yerləşir. Bizim mərkəz tərəfindən aparılan tədqiqatlar kompleks şəklindədir. Bu həm seysmoloji, həm geofizikidir. Eləcə də geodinamik tədqiqatlar aparırıq. Ölkə ərazisində 24 GPS stansiyamız var, 84 seysmik cihaz quraşdırmışıq. Dünyada ilk dəfə olaraq palçıq vulkanlarının seysmik stansiyalar vasitəsilə müşahidəsinə başlamışıq. Bunun üçün vulkanlar ətrafında 12 seysmik stansiya quraşdırılıb. Bundan başqa, ölkə ərazisində 300-dən çox poliqonumuz var. Poliqonlarda ayın 10-15 günü həm qravimetrik, həm də maqnitometrik ölçmə işləri aparırlar. Tədqiqatlarımız deyir ki, il boyu təkcə Azərbaycan hüdudunda 9-10 min yeraltı təkan qeydə alınır. Bunların içərisində hiss olunanları, olunmayanları var. Hiss olundu-olunmadı, fərqi yoxdur, maqnitudası 3-dən yuxarı olanları mətbuata açıqlayırıq.

"Seysmoaktiv zonalarımız 8-9 ballıqdır"

- Ümumi olaraq seysmik qurşaqda yerləşirik. Bəs ölkə ərazisində ən seysmik təhlükəli ərazilər hansılardır?

- Seysmoaktiv zonalarımız 8-9 ballıq zonalardır. Birinci Xəzər dənizini deyim. Deməli, Abşeron rayonunda 25 stansiyamız var. Hələ Abşeron yarımadasının özündə zəif təkan belə qeydə alınmayıb. Deməli, Abşeronda zəlzələ ocağı yoxdur. Yarımadaya təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Ümumiyyətlə, bütün respublikamız seysmoaktivdir. Xəzərin cənub-şərqi, şərqi, şimali-şərqi, şimal hissəsi, Xəzərin özü. Quru hissələrdə Quba, Qusar, Xaçmaz seysmoaktivdir. Böyük Qafqazın cənub şərq hissəsinə keçsək, Şamaxı, İsmayıllı bütöv aktiv zonadır. Şimal-qərb hissəmiz Şəki, Zaqatala, Balakən, Qərb hissəsi – Gəncəbasar zonası, sonra Talış dağları, Kür çökəkliyi. Naxçıvan da həmçinin. Orada da tarixən böyük zəlzələlər olub.

- Onlar içərisində də fərqləndirə biləcəyimiz yəqin ki var.

- Ümumi hesablamalarda ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır.

- Bu nəticə nəyə əsasən əldə edilib?

- Bizim illik hesabatlarımız olur. Aktivlik xəritəsi tərtib edirik. Aktivlikdə həm ərazidə baş verən təkanların sayı, həm də onlardan ayrılan enerjinin miqdarı önəm kəsb edir. Məsələn, bir ərazidə maqnitudası 1-3 arası olan 50 təkan baş verə bilər. Başqa ərazidə 5-6 bal gücündə təkan olursa, aktivlik burada daha çox artmış olur.

"Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır"

- Şamaxı şəhərini dəfələrlə zəlzələ dağıdıb. Amma bu gün orada şəhər var. Belə yerlərdə niyə şəhər yenidən salınır?

- Tarixən belədir ki, harada yaxşı şərait var, insanlar orada məskən salıblar. Yəni havası, suyu yaxşıdırsa, təsərrüfat üçün uyğun yerdirsə və s. Ona görə nə qədər dağıntı olsa da, insanlar orada yenidən məskunlaşırlar. Zamanla tikintilər necə təkmilləşib? Hansısa bu tipli hadisələr baş verdikcə, daha dayanıqlı olsun deyə, tikintilərdə də təkmilləşmə gedib. Yəni köçmək əvəzinə zamanla tikintilərin dayanıqlılığını artırıblar. Bir də ki torpaqdır, insan dədə-baba yurdundan getmək istəmir.

- Azərbaycan ərazisi ümumilikdə neçə ballıq zəlzələ regionu hesab edilir? Gah 7 deyilir, gah da 8.

- Sovet vaxtı SSRİ-yə daxil olan ölkələrin ümumi seysmik rayonlaşdırma xəritəsi tərtib olunmuşdu. O xəritəyə əsasən, Azərbaycan 7 ballıq zona hesab edilirdi. Ancaq zamanla həmin xəritədəki ölkələrdə qeyd ediləndən daha yüksək balda zəlzələlər qeydə alındı. Məsələn, 7 bal yazdıqları yerdə 9 ballıq zəlzələ olmuşdu. 1989-cu ildə SSRİ-yə daxil olan respublikalarda bu məsələyə yenidən baxdılar və göstəricilər 1 bal artırıldı. 7 idisə, 8 ballıq oldu, 8 idisə, 9. Ancaq 9 yerində qaldı. Azərbaycanı 8 ballıq götürdülər. 1991-ci ildə bizdə də belə qəbul edilib. Ancaq o xəritə bir işə yaramır. Ərazinin tədqiqatı aparılmalı, Azərbaycanın yeni seysmik xəritəsi tərtib olunmalıdır.

Zəlzələnin episentri çox dərində deyildi deyə, bu qədər dağıntı oldu

- Biz hər zaman zəlzələlərin neçə bal olmasına fikir verirdik. Ancaq Türkiyə zəlzələsindən sonra hansı dərinlikdə baş verməsinin də nə qədər önəmli olduğunu gördük. Eyni balda zəlzələ dərində və dayazda baş verəndə, hansı fərq yaradır?

- Bəzi yerlərdə zəlzələ yerin çox dərin qatlarında olur. 30-40 kilometr, yaxud ondan da dərin qatlarda. Dərinliyi çox böyük olan zəlzələlərin təzahürü yerdə çox zəif olur. Dərində olan zəlzələnin silkələnmə dairəsi böyükdür, ancaq yer üstündə hiss olunması, dağıntısı zəifdir. Nə qədər səthə yaxın olsa, o qədər çox dağıntı yaradır. Türkiyədəki 5, 10, 12 kilometrdə idi, ona görə bu qədər dağıntı oldu. Həmin zəlzələ 30-40 kilometr dərinlikdə olsaydı, bu qədər dağıntı olmayacaqdı.

- Bir də zəlzələnin müddəti məsələsi var.

- Zəlzələnin müddəti artdıqca, vurduğu zərər də artır. Ən uzun müddətli zəlzələ 30-40 saniyə olur. 1 dəqiqəyə qədər də olub. Ancaq ən təhlükəli zəlzələ ardıcıl olanlardır. Biri var tut ağacını 30-40 saniyə silkələyirsən, bir də var eyni templə dəfələrlə silkələyirsən. Dəfələrlə silkələyəndə, ağacın dəymişi də tökülür, kalı da.

Süni zəlzələ törətmək mümkündürmü?

- Türkiyədə baş verən zəlzələni süni zəlzələ adlandıranlar çox oldu.

- Harada zəlzələ baş verirsə, süni zəlzələ ehtimalını dilə gətirənlər olur. İnsanları çaşdırmaq, öz siyasi məqsədləri üçün bunları edənlər olur. Süni zəlzələ ilə təbii zəlzələ seysmoqramda fərqlənir. Məsələn, tədqiqatlarımızda təbii zəlzələlər öz yerində, eləcə də sənaye partlayışları olanda, onları da qeydə alırıq, onların gücünü də veririk. Bilirik ki, bu partlayışdan dolayı olan silkələnmədir, bu isə təbii zəlzələ. Zəlzələni bilməyən adamlar ortaya elə ehtimal atırlar.

- Bəs biz necə bilək ki, baş verən süni zəlzələdir, yoxsa təbii?

- Sovetlər dövründə Qazaxıstanda SSRİ-nin poliqonu var idi. Yer altında nüvə silahlarının sınağını həyata keçirirdilər. Silahlardan asılı olaraq fərqli gücdə təkanlar hiss edilirdi. Çox dərində olmadığına görə 5-6 bal gücündə zəlzələ əmələ gəlirdi. Ağacı yıxmaq, maşını çevirmək gücünə malik olurdu. Bu həmin ərazidə olurdu, orada da hiss edilirdi. Müasir dövrə gəlincə, tektonik silahlar var, zəlzələ ocaqlarına enerji buraxıb həmin zəlzələni tezləşdirməyin mümkün olduğunu deyirlər. Amma bir məsələ var, sən neçə kilometrlərdən hansısa əraziyə bu enerjini necə buraxa bilərsən? Metro xətti deyil ki, gəlib o silah bu əraziyə dəysin, burada zəlzələ yaratsın.

"Dəqiq vaxt yoxdursa, bu proqnoz nəyə yarayır?"

- Zəlzələlər baş verəndə "Bunu niyə proqnozlaşdırmaq olmur?" deyirlər.

- Orta və uzunmüddətli zəlzələləri proqnozlaşdırmaq olur. Ortamüddətli proqnoz odur ki, bir neçə aya, bir neçə ilə qədər harada zəlzələ ola bilər? Uzunmüddətli isə 5, 50, 100 il üçün olan proqnozdur. Ancaq qısamüddətli zəlzələni proqnozlaşdırmaq, yeri, vaxtı və gücü dəqiq demək olmur. Buna görə orta və uzunmüddətli proqnozların heç bir əhəmiyyəti yoxdur. 2000-ci ildə biz aprelin 27-də rəsmi şəkildə dedik ki, Bakıda zəlzələ gözlənilir, amma vaxtını bilmirik. Zəlzələ noyabrda oldu. Dəqiq vaxt yoxdursa, bu proqnoz nəyə yarayır?

"Hər nöqtənin balını nəzərə alıb tikinti aparmaq lazımdır"

- Respublikamız kifayət qədər seysmoloji təhlükə olan zonada yerləşir. Belə regionda tikintidə nələr nəzərə alınmalıdır?

- Tutaq ki ərazi 8 ballıqdır, amma sən daha yüksək zəlzələyə davamlı tikməlisən. 9 ballıq yerdirsə, 9-dan yüksək üçün nəzərdə tutmalısan ki, 9 ballıq zəlzələ olanda, daha dayanıqlı olsun.

- Şəhərdə hansısa bir ərazini götürək və deyək ki, bu rayonda binalar filan bala uyğun tikilməlidir.

- O yerdə rayon olaraq ümumi bal demək olar ki, orada layların hamısı bir cinsdir, dümdüzdür. Ancaq elə yerlər çox deyil. Ona görə ərazi olaraq ümumi götürə bilmərik. Şəhərdə hər nöqtənin öz balını nəzərə alıb tikinti aparmaq lazımdır. Bir məhəllədə yan-yana 3 bina tikilməlidir. Ərazini yoxlasaq, iki bina 8 ballıq regionda yerləşir, biri 9 ballıq əraziyə düşür. Yan-yanadır, amma fərqlidir. Məhəllədə filan bina tikiləndə, yoxlanıb, 8 ballıq ərazidir – demək olmaz. Orada 9 ballıq ərazi də ola bilər və onu bilmək lazımdır.

"Tikintinin bizə aidiyyəti yoxdur"

- Bu günlərdə bir açıqlamanız gündəm oldu. Dediniz ki, 2019-cu ildən sonra yeni binalar tikilməzdən öncə seysmoloji rəy üçün sizə müraciət olunmur. Belə nəticəyə gəlmək olarmı ki, 2019-dan sonra tikilən binaların zəlzələyə davamlılığı sual altındadır?

- Düzdür, bizə müraciət etməyiblər, amma mən onu da iddia edə bilmərəm. Bununla bağlı normativ hüquqi sənəd var, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi o sənəd əsasında lazım olan ünvanlara müraciət edir. O sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət nəzərdə tutulmayıb. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu məsələlərə çox ciddi yanaşır. Çox sayda binalar var ki, normativlərə uyğun olmadığı üçün tikintisini təsdiq etməyiblər.

- Bəziləri deyirlər ki, köhnə tikililər təhlükədir, ancaq həm də belə fikirlər səsləndirilir ki, yeni tikililərdə qənaət məsələsi filan olur, təhlükə ehtimalı var.

- Tikintinin bizə aidiyyəti yoxdur. Biz elmi tədqiqat işləri aparırıq. Biz tikintinin layihəsindən öncə əraziyə getməli, orada tədqiqat aparmalı, ərazinin ballığını müəyyənləşdirib bu ərazidə maksimum hansı gücdə zəlzələ ola biləcəyini deməliyik. Layihələndirilmədən öncə tədqiqat aparılmalıdır. Əvvəllər şirkətlər tərəfindən bizə müraciət olunurdu, indi edilmir. Qruntların növünə görə, ya necəsə müəyyənləşdirib tikirlər, özləri bilirlər, bizlik deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 835   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp İranla atəşkəsin hələ də qüvvədə olduğunu bildirib

ABC müxbirinin X-də verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı ABC News-a verdiyi açıqlamada İranla atəşkəsin yeni zərbələrə baxmayaraq qüvvədə qaldığını bildirib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Donald Tramp bildirib ki, dünənki hücumlar İrana xəbərdarlıq idi. Müəllif

08.05.2026 200
.

Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər

Mütəxəssislər əlavə avadanlıq almadan evdə Wi-Fi siqnalını necə yaxşılaşdırmağın yollarını izah ediblər. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər əksər hallarda əlaqə problemlərinin provayderlə və ya routerin nasazlığı ilə deyil, xarici amillərlə bağlı olduğunu hesab edirlər. Siqnalın keyfiyyətin

08.05.2026 304
.

Zaxarova: "Rusiya xalqı Zelenskinin təhdidlərinə qarşı birləşib"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a verdiyi müsahibədə Rusiya xalqının Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidlərinə qarşı birləşdiyini bildirib. xarici mediaya istinadən xəbər verir ki, diplomat Qələbə Günü paradı öncəsi səsləndirilən təhdidlərlə bağlı şəxsi münasibətin

10:03 133
.

Qızılın qiyməti kəskin ARTDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,42% artaraq 4,730.6 ABŞ dollarına bərabər olub. COMEX-d

08.05.2026 316
.

Rubio ABŞ-ın müharibəyə son qoymaq təklifi ilə bağlı İrandan bu gün cavab gözlədiklərini bildirib

ABŞ İrandan müharibəyə son qoymaq təklifinə hələ cavab almayıb. APA xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə bildirib. "Bu gün İrandan cavab gözləyirik. Hələlik onu almamışıq. Ümid edirəm ki, bu, ciddi bir təklif olar. Həqiqətən də belə ümid edirəm", - o deyib. Rubi

08.05.2026 275
.

"Xınalıq" restoranında ofisiant qəfil öldü

Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfat edib

08.05.2026 340
.

İsrail ordusunun 3 hərbçisi İrana casusluğa görə HƏBS OLUNDU

İsrail ordusunun 3 hərbçisi İrana casusluqda ittiham olunur. yerli mediaya istinadla bildirir ki, 3 hərbçi və 1 mülki şəxs uzun müddət İran xüsusi xidmət orqanları ilə əlaqə saxlayıb. Təqsirləndirilənlərin bir qismi İsrail Hərbi Hava Qüvvələrinin Texniki Məktəbinin şagirdləri olub. Məhz orada onlar il

08.05.2026 268
.

Mənəvi sarsıntı və iztirab: qanun nə deyir?

"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirab hesab olunur. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizliyə məruz qalan şəxsin yaşadığı psixoloji sarsıntının təsirini azaltmaq, onun mənəvi tarazlığın

08.05.2026 286
.

5 kilometr dərinlikdə 400°C temperatur olan "cəhənnəm": Orada həyat var

Karib dənizində aparılan dərin dəniz tədqiqatı zamanı alimlər Yer səthinin təxminən 5 kilometr altında ekstremal şəraitə malik, lakin canlı orqanizmlərlə zəngin bir mühit aşkar ediblər. Qaynarinfo "BBC Wildlife Magazine" nəşrinə istinadən xəbər verir ki, burada suyun temperaturu 400C-dən d

08.05.2026 332
.

TOP MP3