İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI

İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATIBir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbol meydanındakı səhvlərdən daha ağır bir hadisə baş verdi. Bununla da ulduz qapıçının karyerası 25 yaşında cinayət işi ilə faktiki olaraq dağıldı.

Lent.az-ın "Həyatın oyunçuları" rubrikasının növbəti qəhrəmanı Braziliyada sadəcə "qapıçı Bruno" kimi tanınan Bruno Fernandes de Souzadır.

Valideynlərindən ayrı böyüyən uşaq

Bruno Fernandes Dores de Souza 23 dekabr 1984-cü ildə Braziliyanın Minas-Jerays ştatında dünyaya gəlib. Bruno hələ körpə ikən valideynlərinin himayəsindən kənarda qalıb. Valideynləri 1988-ci ildə ayrılıblar. Onu ata tərəfdən nənəsi Estela Santana Souza böyüdüb. Bruno anası ilə yalnız illər sonra, artıq peşəkar futbolçu olduğu dövrdə yenidən görüşüb.

Kasıb ailədən "Flamenqo"nun kapitanlığına

Peşəkar futbolda özünü qapıçı kimi göstərən braziliyalı futbolçunun böyük sıçrayışı "Atletiko Mineyro"dan başlayıb. 2006-cı ildə "Flamenqo"ya keçən Bruno qısa müddətdə Rio-de-Janeyro klubunun əsas qapıçısına çevrilib. 2009-cu il onun futbol həyatının zirvəsi olub. Bruno "Flamenqo" ilə Braziliya çempionluğunu qazanıb. Klub 17 illik fasilədən sonra ölkə çempionu olub və qapıçı həmin uğurun əsas simalarından sayılıb.

Həmin vaxt Brunonun qarşısında tamam başqa gələcək görünürdü. Sonradan Avropaya transfer ola, Braziliya millisinin formasını geyinə və 2014-cü il dünya çempionatında iştirak edə bilərdi. Amma 2010-cu ilin yayı hər şeyi dəyişdi.

Qapıçı olsa da, qol vurması

Brunonu azarkeşlər üçün maraqlı edən cəhətlərdən biri yalnız qapını qoruması deyildi. O, penalti və cərimə zərbələrini də yerinə yetirirdi. "Flamenqo"nun formasında qollar vurması qapıçı üçün qeyri-adi göstərici idi. Bu da ona xüsusi şöhrət qazandırmışdı.

Eliza Samudio və yoxa çıxma

Həmin dövrlərdə Bruno Eliza Samudio adlı modellə münasibətdə idi. Eliza daha sonra Brunodan uşağı olduğunu bildirib və futbolçunun atalığı tanımasını tələb edib. Münasibətlər getdikcə gərginləşib. Eliza hələ 2009-cu ildə Bruno tərəfindən təhdid edildiyini və zorakılığa məruz qaldığını hüquq-mühafizə orqanlarına bildirib. Qadın hətta futbolçunun ona silah tuşladığını iddia edib. Hadisə ilə bağlı araşdırma aparılsa da, proses Elizanı sonrakı faciədən qoruya bilməyib.

2010-cu ilin iyununda Eliza Samudio müəmmalı şəkildə yoxa çıxıb. Bu zaman Braziliyada dünya çempionatı həyacanı yaşanırdı. Lakin ölkə mətbuatında futbol xəbərləri ilə yanaşı, "Flamenqo"nun kapitanının adının keçdiyi yoxaçıxma işi də əsas mövzulardan birinə çevrilib. İstintaq irəlilədikcə şübhələr Bruno və onun ətrafındakı şəxslərin üzərinə yönəlib.

Qapıçıdan müttəhimliyə

Bir neçə həftə əvvəl "Flamenqo"nun formasında meydana çıxan futbolçu bu dəfə kameralar qarşısına əlində qapıçı əlcəkləri ilə yox, polis nəzarətində çıxıb. Bruno saxlanılıb və onun futbol karyerası faktiki olaraq həmin anda dayanıb.

2013-cü ildə Braziliya məhkəməsi onu Eliza Samudionun öldürülməsində ittiham edib. Bruno həmçinin adam oğurluğu və cinayətin izlərinin gizlədilməsi ittihamları üzrə də təqsirli bilinib. İlkin hökm 22 ildən çox həbs cəzası nəzərdə tutub, sonrakı məhkəmə sənədlərində ümumi cəza 23 ildən artıq göstərilib. Eliza Samudionun cəsədi isə tapılmayıb. Beləliklə, Braziliya millisinin potensial qapıçısı kimi göstərilən futbolçunun 2014-cü il dünya çempionatı arzusu həbsxana divarları arasında qalıb.

Həbsdə olarkən futboldan uzaq qalmaması

Brunonun hekayəsinin ən mübahisəli tərəflərindən biri onun məhkumluqdan sonra belə futbola qayıtmağa çalışmasıdır. 2014-cü ildə həbsdə olduğu vaxt aşağı liqa klublarından biri ilə müqavilə bağlamağa cəhd edib. 2017-ci ildə isə müvəqqəti azadlığa çıxdıqdan sonra "Boa Esporte" onu heyətinə qatıb. Klubun qərarı Braziliyada böyük etiraz doğurub. Sponsorların bir hissəsi klubla əməkdaşlığı dayandırıb, insan haqları fəalları transferə qarşı kampaniya aparıblar.

Bruno isə həmin vaxt ikinci şansa layiq olduğunu söyləyib. Buna baxmayaraq, onun azadlığı uzun çəkməyib və Ali Məhkəmənin qərarından sonra yenidən həbsxanaya qaytarılıb.

2019-cu ildə Bruno yarımçıq rejimə keçmək hüququ əldə edib. Sonrakı illərdə müxtəlif aşağı liqa və həvəskar klublarda oynamağa çalışıb. 2025-ci ildə artıq 40 yaşında olan Bruno regional turnirlərdə yenidən qapıya keçib. O, "Rive Atletik" ilə yarışın ən yaxşı qapıçısı seçilib. Futboldan kənarda isə bir müddət mebel çatdırılması sahəsində çalışıb.

2026-cı ildə yenidən həbs

Brunonun məhkəmə ilə problemləri bununla da bitməyib. Ona 2023-cü ildə şərti azadlıq hüququ verilib. Lakin 2026-cı ilin fevralında "Vasko-AC" klubunda oynamaq üçün Rio-de-Janeyro ştatından Akre ştatına məhkəmənin icazəsi olmadan getdiyi müəyyən edilib. Bu, şərti azadlığın qaydalarının pozulması hesab olunub. Məhkəmə mart ayında onun azadlığını ləğv edib və Bruno barəsində həbs qərarı çıxarıb. Bir müddət axtarışda olan keçmiş "Flamenqo" qapıçısı 7 may 2026-cı ildə Rio-de-Janeyroda saxlanılıb. Mayın 11-də o, Banqudakı Gerisino həbsxana kompleksində yarımçıq rejimə uyğun müəssisəyə köçürülüb.

Ailə həyatı: dörd uşaq atası

Brunonun şəxsi həyatı da kifayət qədər mürəkkəb olub.

Onun ilk həyat yoldaşı Dayanni Rodriqes do Karmo idi. Bu münasibətdən futbolçunun Bruna Vitoria və Maria Eduarda adlı iki qızı dünyaya gəlib. Cütlük sonradan ayrılıb. Brunonun Eliza Samudio ilə münasibətindən isə Bruno Samudio de Souza - Bruninho dünyaya gəlib. 2012-ci ildə Rio-de-Janeyro məhkəməsi Bruno Fernandesin uşağın atası olduğunu hüquqi olaraq tanıyıb və futbolçunun adı oğlanın doğum şəhadətnaməsinə daxil edilib.

Elizanın ölümündən sonra Bruninhonu ana nənəsi Sonia Moura böyüdüb.

Həbsxanada qurulan yeni ailə

Brunonun həyatında daha bir qeyri-adi hadisə həbs cəzası çəkdiyi illərdə yaşanıb. O, məhkəmə prosesinin davam etdiyi dövrdə diş həkimi İnqrid Kalyeyrus ilə münasibət qurub. 2016-cı ilin iyununda onlar Brunonun cəza çəkdiyi Santa Luzia şəhərindəki APAC müəssisəsində evləniblər.

Toy mərasimi həbsxana kompleksinin daxilində keçirilib. Bu nikahdan Brunonun İzabella adlı daha bir qızı dünyaya gəlib. Beləliklə, müxtəlif münasibətlərindən onun ümumilikdə dörd övladı var: Bruna Vitoria, Maria Eduarda, Bruninho və İzabella.

Ata da qapıçı, oğul da...

Brunonun həyatındakı ən qəribə paralellərdən biri isə illər sonra ortaya çıxıb. Eliza Samudio ilə münasibətindən dünyaya gələn oğlu Bruninho da futbolçu olmağa qərar verib.

Və atasının mövqeyini seçib - qapıçı.

Gənc Bruninho əvvəlcə "Atletiko Paranaensi" akademiyasında yer alıb, daha sonra "Botafoqo"nun aşağı yaş komandalarına keçib. Beləcə, anasının yoxa çıxması və atasının məhkumluğu ilə başlayan ağır ailə tarixinin içində böyüyən oğlan həyatını futbol meydanına bağlayıb.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 103   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirəcək. "Report" xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb. Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. "Sabah"ı

05.09.2026 192
.

"Çelsi" Juan Pedro ilə müqavilənin müddətini uzadıb

İngiltərənin "Çelsi" klubu braziliyalı hücumçu Juan Pedro ilə müqavilənin müddətini 2034-cü ilədək uzadıb. "Report" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Brayton"dan transfer olunan Braziliya millisinin 24 yaşlı üzvü 2025-ci ili

22.08.2026 304
.

"Tvente" ilə başlayan avrkubok macərası "Tvente"də dayandı - Video-Yenilənib

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas

27.08.2026 641
.

Rafael Lean "Qalatasaray"da nə qədər qazanacaq? - Müqavilənin detalları

Portuqaliyalı ulduz vinger Rafael Lean karyerasında yeni səhifə açaraq "Qalatasaray"a keçməyə hazırlaşır. xarici mediaya istinadən xəbər verir ki, artıq istedadlı futbolçunun İstanbul nəhəngində əldə edəcəyi qazancın təfərrüatı da məlumdur. Səs-küylü transferin maliyyə tərəfləri xüsusi diqqə

29.08.2026 226
.

"Qarabağ" "Sabah"ı belə təbrik etdi

"Qarabağ" futbol klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, klub bu haqda sosial media hesablarında paylaşım edib. "Qarabağ" FK "Sabah" FK-nı UEFA Çempionlar Liqasını

26.08.2026 383
.

İmtina etdiyi oğlu da qapıçı oldu - Özü və övladları kimsəsiz böyüyən futbolçunun HƏYATI

Bir vaxtlar "Flamenqo"nun kapitanı idi və Braziliyanın ən yaxşı qapıçılarından biri hesab edilirdi. Adı hətta Avropanın böyük klubları ilə yanaşı çəkilir, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında milli komandanın qapısını qoruyacağı ehtimal edilirdi. Ancaq onun həyatında futbo

18:40 0
.

Məğlubedilməz 33 yaşlı boksçu vəfat etdi

Puerto-Rikolu boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib. BİG.AZ Trend-ə istinadən bildirir ki, bu barədə onun atası sosial şəbəkələrdə məlumat paylaşıb. Kolon 2015-ci il oktyabrın 17-də ABŞ-da məğlubedilməz Terrel Uilyamsla döyüşdən sonra kədərli şöhrət qazanmışdı. Həmin görüşdə Priçard başı

15.08.2026 369
.

Nikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi

İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy

30.08.2026 205
.

"Qarabağ"ın yeni transferləri oyunu stadiondan izləyirlər

"Qarabağ"ın yeni transferləri olan Taofik İsmael və Reda Khadra komandanın "Tvente"yə qarşı keçirilən pley-off mərhələsinin matçını stadiondan izləyirlər. "Qafqazinfo" xəbər verir ki, hər iki futbolçu VİP lojada yer alır. Belə ki, "Tvente" ilə matçın fasiləsind

27.08.2026 271
.