Bakı-Ankara münasibətləri: Tarixi qardaşlıq və milli maraqların sərhədi

Bakı-Ankara münasibətləri: Tarixi qardaşlıq və milli maraqların sərhədiTürkiyə-Azərbaycan münasibətlərindəki soyuqluq, təəssüf ki, davam edir. Vəziyyəti daha da narahatedici edən isə AKP hakimiyyətinə yaxın media orqanlarının və sosial şəbəkələrdəki troll hesablarının Azərbaycan əleyhinə yalan, böhtan və qarayaxma kampaniyalarını davam etdirməsidir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri də gərginliyin azalmasına gətirib çıxarmayıb.
Əslində, Ankara ilə Bakı arasındakı problemin həlli ilk baxışdan sadə görünür. Lakin Türkiyədəki bəzi siyasi dairələrin ambisiyaları və Azərbaycanın müstəqil mövqeyinə münasibəti məsələni mürəkkəbləşdirir.
Azərbaycan nə istəyir?
Bakı Türkiyəni özünün strateji müttəfiqi, dostu və qardaşı hesab edir. Azərbaycanın bu mövqeyi dəyişməyib. Ancaq qardaşlıq, dostluq və müttəfiqlik heç kimə, hətta Türkiyəyə belə, Azərbaycanın qərarlarını sorğulamaq, daxili işlərinə müdaxilə etmək və ya milli maraqlarına uyğun seçimlərinə təzyiq göstərmək hüququ vermir.
Türkiyə Azərbaycanı, onun siyasi həssaslıqlarını və müstəqilliyə verdiyi əhəmiyyəti digər ölkələrdən daha yaxşı anlamalıdır. Buna görə də Ankara Azərbaycanın hər hansı təzyiqə, haqsız münasibətə və ya suverenliyinə toxunan davranışa səssiz qalacağını gözləməməlidir. Təəssüf ki, bəzi siyasi dairələrin davranışları elə təəssürat yaradır ki, sanki Azərbaycan müstəqil qərarlar verən bərabərhüquqlu müttəfiq deyil, Türkiyənin regional siyasətinə uyğunlaşmalı olan tərəfdir.
Fikrimcə, problemin ideoloji əsaslarından biri Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə Türkiyənin daxili və xarici siyasətində daha qabarıq görünən neo-osmanlıçı düşüncədir.
Neo-osmanlıçılıq ən sadə formada Türkiyənin Osmanlı imperiyasından miras qalan tarixi, mədəni, dini və coğrafi əlaqələrini müasir dövlətin siyasi təsir imkanlarına çevirməsini nəzərdə tutan ideoloji və geosiyasi yanaşmadır.
Müşahidələrə görə, neo-osmanlıçı yanaşmanın Türkiyə siyasətində ilk ciddi təzahürləri Turqut Özalın fəaliyyəti ilə, onun nəzəri və strateji çərçivəsinin formalaşması isə Əhməd Davudoğlunun adı ilə əlaqələndirilir. Bununla belə, Osmanlı irsinin daxili siyasi kimlik və regional güc iddiası ilə daha sıx əlaqələndirilməsi Rəcəb Tayyib Ərdoğan və AKP hakimiyyəti dövründə daha aydın nəzərə çarpmağa başlayıb.
Əslində, Turqut Özalın yanaşması əsasən Türkiyənin iqtisadi və diplomatik imkanlarını genişləndirməyə yönəlmişdi. O, ölkənin yalnız Qərbə istiqamətlənmiş dövlət kimi çıxış etməsini deyil, Yaxın Şərq, Balkanlar, Qafqaz və Mərkəzi Asiya ilə tarixi, mədəni və iqtisadi əlaqələrindən də yararlanmasını vacib sayırdı. Özal üçün Osmanlı irsi imperiyanın sərhədlərini bərpa etmək vasitəsi deyil, Türkiyənin regional təsirini artırmağa kömək edə biləcək siyasi və iqtisadi resurs idi.
Əhməd Davudoğlu isə bu yanaşmaya daha geniş geosiyasi çərçivə verdi. Onun "Strateji dərinlik" konsepsiyasına görə, Türkiyənin gücü yalnız hərbi imkanları və coğrafi mövqeyi ilə məhdudlaşmırdı. Tarixi keçmiş, mədəni əlaqələr və müxtəlif regionlarla eyni vaxtda münasibətlər qurmaq potensialı da ölkənin strateji imkanlarının mühüm hissəsi hesab olunurdu. Beləliklə, Osmanlı irsi ayrı-ayrı diplomatik əlaqələrin mənbəyi olmaqdan çıxaraq Türkiyənin regional və beynəlxalq rolunu əsaslandıran daha geniş konsepsiyanın tərkib hissəsinə çevrildi.
Lakin nə Özalın iqtisadi-diplomatik yanaşması, nə də Davudoğlunun geosiyasi konsepsiyası Ərdoğan dövründəki siyasi xətlə tam eynidir. Daha dəqiq desək, Ərdoğan neo-osmanlıçı düşüncəyə daha geniş siyasi məzmun verdi. Osmanlı keçmişi Türkiyənin milli kimliyinin, hakimiyyətin siyasi ritorikasının və regional güc iddiasının nəzərəçarpan elementinə çevrildi.
Ərdoğan nəyi dəyişdi?
Ərdoğan hakimiyyətinin siyasətini üç əsas istiqamət üzrə təhlil etmək olar.
Birincisi, Osmanlı keçmişi dövlətin siyasi və ictimai diskursunda daha mərkəzi yer tutmağa başladı. Ərtoğrul Qazi, Osman Qazi, Orxan Qazi, Fateh Sultan Mehmed, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleyman və II Əbdülhəmid kimi tarixi şəxsiyyətlər daha geniş auditoriyaya təqdim olundu. "Diriliş: Ertuğrul" və "Payitaht: Abdülhamid" kimi seriallar Osmanlı tarixini milyonlarla insanın gündəlik həyatına daxil etdi.
Tarixi abidələrin bərpası, fəthlərin ildönümlərinin qeyd olunması və Osmanlı irsinin xaricdə təbliği də bu prosesin tərkib hissəsinə çevrildi.
Bu siyasətin Azərbaycan cəmiyyətinə təsiri də az olmadı. Türkiyə istehsalı olan tarixi seriallar və siyasi-mədəni məzmunlu layihələr Azərbaycan ailələrinin evlərinə daxil olaraq ictimai təsəvvürlərə təsir göstərdi.
Qeyd edim ki, Osmanlı tarixinə marağın artması özlüyündə problem deyil. Problem həmin məzmunun Türkiyənin siyasi liderlik obrazını ön plana çıxaran ideoloji çərçivəyə çevrilməsi və Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin tədricən emosional bağlılıq üzərindən formalaşdırılması ehtimalıdır.
İkincisi, AKP hakimiyyəti dövründə Türkiyənin daxili siyasətində dini-mühafizəkar kimliyin mövqeyi gücləndi. Dini təhsil imkanlarının genişləndirilməsi, dini simvolların ictimai görünürlüğünün artması və əvvəlki dünyəvilik məhdudiyyətlərinin bir qisminin yumşaldılması dindar-mühafizəkar təbəqələrin ictimai həyatda daha geniş təmsil olunmasına şərait yaratdı. Bununla yanaşı, dini icmalar, camaatlar və təriqətlər Türkiyənin ictimai-siyasi həyatında mühüm sosial şəbəkələr olaraq qalmaqda davam etdi.
Bu məqam mühümdür. Çünki həmin dini çevrələrin siyasi və ictimai təsir imkanları genişdir. Məsələn, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra FETÖ ilə mübarizə dini şəbəkələrin dövlət və siyasətlə münasibətlərini daha həssas məsələyə çevirdi.
Hakimiyyət dini-mühafizəkar çevrələrlə münasibətlərində siyasi sədaqət, ictimai təsir və dövlət nəzarəti arasında balans yaratmağa çalışdı.
Üçüncüsü, Türkiyənin xarici siyasəti daha iddialı regional xəttə yönəldi. Ankara Balkanlarda, Yaxın Şərqdə, Qafqazda və Afrikada diplomatik, iqtisadi, humanitar və hərbi vasitələrlə təsirini genişləndirməyə çalışdı. Davudoğlunun xarici işlər naziri olduğu dövrdə bu fəallıq tarixi və mədəni əlaqələri geosiyasi üstünlüyə çevirmək ideyası ilə əsaslandırılırdı.
"Ərəb baharı", Suriya vətəndaş müharibəsi və Misirdə Məhəmməd Mursi hakimiyyətinin devrilməsi Türkiyənin regional planlarını ciddi çətinliklərlə üzləşdirsə də, Ankara xarici siyasət prioritetlərini dəyişən şəraitə uyğunlaşdırmağa çalışdı. Suriyada hakimiyyət dəyişikliyi, Liviyada Türkiyənin təsirinin artması və digər regional proseslər Ankaranın dəyişən geosiyasi şəraitə uyğunlaşmaq cəhdlərini göstərir.
Bəs bu ideologiyanın Azərbaycan-Türkiyə münasibətlərinə nə dəxli var?
Fikrimcə, əsas problem məhz Türkiyənin regional liderlik iddiası ilə Azərbaycanın müstəqil siyasi iradəsi arasında yarana biləcək ziddiyyətdir.
Ankara üçün Azərbaycan Cənubi Qafqazda mühüm strateji tərəfdaş, enerji və nəqliyyat layihələrində əsas müttəfiq, türk dünyası siyasətində isə vacib ölkədir. Lakin Azərbaycanın Türkiyənin regional strategiyasında mühüm yer tutması Bakının Ankara qarşısında siyasi öhdəliklərini qeyd-şərtsiz genişləndirməsi demək deyil. Azərbaycan Türkiyənin təsir dairəsinin bir hissəsi deyil. O, öz milli maraqları, təhlükəsizlik prioritetləri və müstəqil qərarları olan suveren dövlətdir.
Mənə görə, neo-osmanlıçı yanaşmanın problemli tərəfi də məhz budur. Əgər Türkiyənin regional liderlik iddiası tərəfdaşlarının onun siyasi xəttinə uyğunlaşmasını gözləməsinə gətirib çıxarırsa, bu, bərabərhüquqlu müttəfiqlik anlayışı ilə ziddiyyət təşkil edir. Tarixi qardaşlıq siyasi itaət demək deyil. Ortaq dil, din, mədəniyyət və tarix heç bir dövlətə digərinin daxili işlərinə qarışmaq və ya onun müstəqil seçimlərini sorğulamaq hüququ vermir.
Azərbaycan Türkiyə ilə münasibətlərində məhz bu sərhədin qorunmasında maraqlıdır. Bakı Ankara ilə müttəfiqliyi davam etdirmək, strateji əməkdaşlığı genişləndirmək və ortaq maraqları müdafiə etmək istəyir. Ancaq bunu öz suverenliyindən imtina etmədən və Türkiyənin bütün siyasi qərarlarını avtomatik dəstəkləmək öhdəliyi götürmədən etmək niyyətindədir. Bu, Türkiyəyə qarşı mövqe deyil, müstəqil dövlət olmağın təbii tələbidir.
Ankara anlamalıdır ki, Azərbaycan onun regional ambisiyalarının aləti deyil və olmayacaq. Bakı Türkiyə ilə münasibətlərini qorumaqla yanaşı, öz milli maraqlarını müdafiə etmək hüququnu da özündə saxlayacaq. Bu mövqeyi Türkiyəyə qarşı çıxış kimi təqdim etmək problemin mahiyyətini təhrif etməkdir.
Azərbaycan güclü ordusu, müstəqil diplomatik xətti və iqtisadi potensialı olan suveren dövlətdir. Bakı heç bir ölkənin neo-osmanlıçı xəyallarının Qafqazdakı forpostu ola bilməz.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 147   Tarix: 19 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" sərəncamda dəyişiklik edilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərənca

18.10.2026 364
.

Təbiətin məhvinə qorunmasından 30 qat çox vəsait xərclənir - Quterreşdən şok açıqlama

"Dünyada ətraf mühitin mühafizəsinə yatırılan hər bir dollara qarşılıq olaraq, təbiətə zərər vuran fəaliyyətlərə 30 dollar sərf edilir. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş İrəvanda keçirilən biomüxtəlifliyin qorunmasına dair sammitdəki çıxış

18.10.2026 328
.

İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını

18.10.2026 230
.

Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil

İran son iki əsrdə heç bir ölkəyə hücum etməyib və heç bir ölkəyə hücum etmək niyyətində də deyil. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian müdafiə naziri vəzifəsinə namizədin - Mehrdad Əxlaqi Kitabçinin səlahiyyətlərinin müzakir

18.10.2026 324
.

Minimum əməkhaqqı artacaq? - Video

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılmasını nəzərdə tutur. Lakin bu, hər il artım olacağı demək deyil. Paytaxt sakinləri məsələ ilə bağlı fikirlərini Baku TV ilə bölüşüblər

18.10.2026 303
.

İtaliyada kütləvi etirazlar: 60 nəfər yaralanıb

İtaliyada qiymət artımına qarşı keçirilən kütləvi etirazlar zamanı toqquşmalar baş verib, azı 60 nəfər yaralanıb. xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb. Məlumata görə, Milan və Bolonya şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar yaşanıb. Milanda etirazçıla

10:54 156
.

Ekvadorda canlı yayım zamanı üzərinə xaç aşan keşiş öldü - Anbaan görüntü

Ekvadorun Quayakil şəhərindəki kilsələrin birində keşiş ibadət zamanı üzərinə xaçın düşməsi nəticəsində dünyasını dəyişib. bu barədə "Periodico" qəzetinə istinadən xəbər verir. Məlumata əsasən, ata Patrisio Alfredo Sançes Molinari oktyabrın 17-də gündəlik ibadət mərasimini həyata keçirirmiş

18.10.2026 369
.

"Xaliq Faiqoğlu"nda avtobus BÖHRANI: "Az qalıb, birdəfəlik bağlanacaq"

Bakıda fəaliyyət göstərən 9 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı səngimək bilmir. Paytaxtın yollarında tıxac olmayan saatlarda belə avtobusun dayanacaqlara təxminən bir saatlıq intervalla gəlməsi insanların səbrini tükəndirir, gündəlik gediş-gəlişini çətinləşdirir. Sərnişinləri

11:59 191
.

Bakı-Ankara münasibətləri: Tarixi qardaşlıq və milli maraqların sərhədi

Türkiyə-Azərbaycan münasibətlərindəki soyuqluq, təəssüf ki, davam edir. Vəziyyəti daha da narahatedici edən isə AKP hakimiyyətinə yaxın media orqanlarının və sosial şəbəkələrdəki troll hesablarının Azərbaycan əleyhinə yalan, böhtan və qarayaxma kampaniyalarını davam etdirməsidir. Türkiyənin xarici işlə

11:24 135
.