Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı
Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl süni intellekt tətbiqinə silahların təhlükəliliyi, özünümüdafiə və həbs cəzaları barədə suallar verdiyi müəyyənləşdirilib.
Hadisə iyulun 24-də Sakaryanın Arifiye rayonunda baş verib. Qonaq getdiyi evdə 70 yaşlı Fərrux Yılmaza (ad və soyad şərtidir) məxsus, rəsmi icazəsi olan tapançadan atəş açılması nəticəsində 14 yaşlı Murat İmrağ ölüb.
Hadisə ilə bağlı saxlanılan 15 yaşlı Yasin Karataş həbs edilib.
İstintaq çərçivəsində şübhəlinin mobil telefonu yoxlanılıb.
Araşdırma zamanı martın 20-də çəkilmiş fotoda otaqdakı masanın üzərində iki tapança və patron darağının olduğu aşkarlanıb. Həmin masanın yanında Yasin Karataş və şəxsiyyəti hələlik müəyyən edilməyən, təxminən eyni yaşda başqa bir oğlan uşağının oturduğu görünür.
Aprelin 9-da çəkildiyi ehtimal edilən digər fotoda isə Yasin Karataş olduğu düşünülən yeniyetmənin sağ əli ilə tapançanın dəstəyindən tutduğu, sol əli ilə silahın sürgüsünü geri çəkdiyi əks olunub.
Süni intellektə verdiyi suallar diqqət çəkib
İstintaq materiallarına əsasən, Yasin Karataş iyulun 11-də süni intellekt tətbiqinə bir sıra suallar ünvanlayıb.
Onun verdiyi suallar arasında bunlar yer alıb:
"Səs tapançası insana ağrı verərmi?"
"Glock tapançası insana ağrı verərmi?"
"Pompalı tüfəng insana ağrı verərmi?"
"Bir qıza təcavüz edən şəxsi öldürsək, neçə il həbs cəzası alarıq?"
"Anamı vuran kişini öldürsəm, həbsə düşərəm?"
"Zəruri müdafiə nədir?"
"Ömürlük həbs cəzasını kimlər çəkir?"
"Cəzanın icrası nədir?"
"Birini döyüb polisə getsəm və cəzamı çəkməyə gəldiyimi desəm, mənə nə deyərlər?"
"Daltonları tanıyırsan?"
"Daltonların başçısı kimdir?"
Bundan başqa, yeniyetmənin iyulun 18-də süni intellektə "Boş silahı şeytan doldurarmı?" sualını verdiyi də müəyyən edilib.
Həyatını itirən Murat İmrağın anası Yeliz İmrağ jurnalistlərə açıqlamasında oğlunun intihar etməsi barədə iddialara inanmadığını bildirib.
Onun sözlərinə görə, şübhəli şəxs cinayəti etiraf edib. Ana hadisənin bədbəxt hadisə kimi təqdim olunmasına çalışıldığını iddia edib.
"Rəsmi hesabatlar da bunun qəza olmadığını göstərir. Müxtəlif qruplarla yazışmalar, silahla çəkilmiş fotolar var. Oğlumun haqqını sona qədər müdafiə edəcəyəm", - o bildirib.
Yeliz İmrağ şübhəlinin hadisədən sonra barıt izlərini təmizlədiyini də iddia edib.
"Oğlumu öldürəndən 5-10 dəqiqə sonra özünü və barıt izlərini təmizləyib. Məncə, ilkin hesabat belə bunun əvvəlcədən planlaşdırıldığını göstərir", - ana deyib.
Murat İmrağın atası Özkan İmrağ da hadisənin əvvəlcədən planlaşdırıldığına inandığını bildirib.
Onun sözlərinə görə, şübhəli şəxs hadisədən əvvəl müəyyən araşdırmalar aparıb.
"Hadisə günü əməkdaşlar əllərdən nümunələr götürüblər. Oğlumun barmaq izi silahda olmayıb. Şübhəlinin əlindən götürülən nümunədə də barıt izi aşkarlanmayıb", - ata qeyd edib.
Hadisə ilə bağlı istintaq davam edir. Yeniyetmənin süni intellektlə yazışmalarının hadisə ilə əlaqəsi və ölümün hansı şəraitdə baş verdiyi araşdırılır.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş







