İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının müraciəti təkcə keçmişdə qazanılmış Zəfərin xatırlanması deyil, həm də Azərbaycanın bugünkü gücünün, müstəqil siyasətinin və gələcək inkişaf hədəflərinin ifadəsi kimi diqqət çəkdi.

Prezident İlham Əliyevin müraciətini məhz Xankəndidən ünvanlaması xüsusi rəmzi məna daşıyır. Bir zamanlar işğalçılıq siyasətinin və separatizmin mərkəzinə çevrilmiş bu şəhərdə bu gün Azərbaycan bayrağının dalğalanması, Zəfər abidəsinin ucaldılması ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin real təcəssümüdür. Xankəndi artıq Azərbaycanın quruculuq siyasətinin, milli birliyinin və tarixi Qələbəsinin rəmzlərindən biridir.

Dövlət başçısı müraciətində 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin əsas qəhrəmanlarının şəhidlərimiz və Azərbaycan əsgəri olduğunu xüsusi vurğuladı. Şəhidlərin qanı və hərbçilərimizin misilsiz qəhrəmanlığı hesabına erməni işğalına son qoyulduğunu bildirdi. 44 gün ərzində 300-dən çox şəhər və kəndin azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, peşəkarlığının və xalqımızın sarsılmaz iradəsinin göstəricisi oldu.

Prezident İlham Əliyevin vurğuladığı mühüm məqamlardan biri də Qələbənin əldə olunmasında milli ruhun və xalq-ordu birliyinin həlledici roludur. Uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, hərbi qulluqçuların peşəkarlığının artırılması, müasir silah və texnologiyaların tətbiqi Azərbaycanın hərbi üstünlüyünü təmin edən əsas amillər idi. Lakin bütün bunlarla yanaşı, xalqın iradəsi, əsgər və zabitlərin Vətən sevgisi, Ali Baş Komandan ətrafında sıx birləşməsi Zəfərin mənəvi dayağına çevrildi.

Prezident İlham Əliyevin müraciətində Azərbaycanın işğal dövründə üzləşdiyi beynəlxalq təzyiqlərə də toxunulması xüsusi əhəmiyyət daşıyır. Münaqişənin hərbi həllinin olmadığını iddia edənlər, Azərbaycanı güzəştlərə sövq etməyə çalışan qüvvələr ölkəmizin prinsipial mövqeyini dəyişə bilmədi. Azərbaycan öz ərazi bütövlüyünü və beynəlxalq hüquqla tanınmış suveren hüquqlarını təmin etmək əzmindən geri çəkilmədi. Nəticədə tarixi ədalət döyüş meydanında bərpa olundu.

Müraciətin diqqətçəkən məqamlarından biri də Şuşanın azad edilməsinin tarixi əhəmiyyətinin bir daha vurğulanması idi. 2020-ci il noyabrın 8-də Şuşanın düşmən işğalından azad edilməsi Vətən müharibəsinin taleyini həll etdi. Bu qələbə Azərbaycanın hərbi qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin dünyaya nümayişi oldu. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixinin ən şərəfli səhifələrindən birini yazdı.

Dövlət başçısının "Qarabağ Azərbaycandır və nida" bəyanatına toxunması isə Zəfər salnaməsinin siyasi məzmununu tamamlayan mühüm mesajdır. Prezidentin qeyd etdiyi kimi, həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də Xankəndidə qoyuldu. Birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, 2020-ci ildə əldə olunan hərbi Qələbə 2023-cü ildə suverenliyin tam təmin edilməsi ilə öz tarixi məntiqi nəticəsinə çatdı.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Zəfərin nəticələrini davamlı inkişaf və quruculuqla möhkəmləndirməkdir. Prezident İlham Əliyevin müraciətində azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərinə və Böyük Qayıdış Proqramına xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Dövlət başçısının bildirdiyinə görə, artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır və çalışır. Bu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurmaq istiqamətində həyata keçirdiyi siyasətin real nəticəsidir.

İşğal illərində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması Azərbaycanın qurucu dövlət kimi potensialını nümayiş etdirir. Xüsusilə diqqətəlayiq məqam odur ki, Azərbaycan azad etdiyi torpaqlarda yalnız fiziki infrastrukturu deyil, həm də insanların doğma yurda bağlılığını, tarixi yaddaşı və sosial həyatı bərpa edir.

Xankəndidə Zəfər Muzeyinin yaradılması ilə bağlı Prezidentin açıqlaması da xüsusi rəmzi məna daşıyır. Vaxtilə işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş binanın Zəfər Muzeyinə çevrilməsi tarixə verilən siyasi və mənəvi qiymətdir. Bu muzey gələcək nəsillərə Azərbaycan xalqının mübarizə əzmini, şəhidlərin qəhrəmanlığını və dövlətimizin tarixi Qələbəsini çatdıracaq.

Prezident İlham Əliyevin müraciətində Azərbaycançılıq ideyasına xüsusi yer ayırması da mühüm ictimai-siyasi mesajdır. Dövlət başçısı Azərbaycançılığı bütün vətəndaşları birləşdirən milli məfkurə kimi səciyyələndirdi. Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin bir ailə kimi yaşaması, vətəndaş həmrəyliyinin qorunması ölkəmizin əsas üstünlüklərindən biridir. Zəfərin əldə olunmasında mühüm rol oynayan milli birlik bu gün də dövlətin inkişafının və təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.

Müraciətin ən mühüm strateji mesajlarından biri Azərbaycanın bundan sonra da güclü dövlət kimi inkişaf etməsi zərurəti ilə bağlıdır. Prezident İlham Əliyevin "Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" fikri ölkəmizin gələcək siyasi, iqtisadi və hərbi strategiyasının mahiyyətini ifadə edir. Bu yanaşma göstərir ki, tarixi Qələbə əldə olunmaqla mübarizə və məsuliyyət başa çatmayıb. Əksinə, suverenliyin qorunması, müdafiə potensialının gücləndirilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdir.

Bu gün Azərbaycan regionda öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdən, siyasi, iqtisadi və hərbi potensialına güvənən dövlətdir. Prezidentin müraciətində ölkəmizin heç kimdən asılı olmayan güclü dövlət kimi xarakterizə edilməsi də məhz bu reallığa əsaslanır. Azərbaycanın əldə etdiyi uğurlar göstərir ki, dövlətin gücü yalnız hərbi imkanlarla ölçülmür. İqtisadi inkişaf, siyasi sabitlik, milli həmrəylik və xalqın dövlətə inamı da bu gücün ayrılmaz tərkib hissəsidir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Xankəndidən Azərbaycan xalqına ünvanladığı Zəfər Günü müraciəti həm tarixi Qələbənin siyasi qiymətləndirilməsi, həm də gələcəyə ünvanlanan strateji çağırışdır. Bu müraciət bir daha təsdiqləyir ki, Azərbaycan xalqı öz birliyi, iradəsi və mübarizə əzmi ilə tarixinin ən böyük sınaqlarından qalib çıxıb. Bu gün əsas məqsəd həmin Qələbəni qorumaq, dövlətimizin gücünü artırmaq, azad edilmiş torpaqlarda quruculuğu davam etdirmək və gələcək nəsillərə daha qüdrətli Azərbaycan miras qoymaqdır.

Zəfər Günü Azərbaycan xalqının yaddaşında yalnız hərbi Qələbənin deyil, həm də milli ləyaqətin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayacaq. Bu tarix sübut etdi ki, milli birlik, güclü dövlət və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas şərtidir.

Günay Ağamalı
Milli Məclisin deputatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 71   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. BİG.AZ həmin paylaşımı təqdim edir:

08.11.2026 209
.

Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb

10:40 65
.

Qubernator ABŞ prezidentliyinə namizəd olur: Pul toplamağa başladı

ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində öz namizədliyini irəli sürmək üçün hazırlıqlara başıayıb. xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Məlumata görə, Desantis Respublikaçılar Partiyasından ABŞ prezidentliyin

08.11.2026 186
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

08.11.2026 256
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 239
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 184
.

Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə baş verib. Bakı sakini, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılı

08.11.2026 275
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 307
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 233
.