Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOYanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəkdir. Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik - bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi.

Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda - istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk.

BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.

Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik və eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq. Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaqdır.

Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər barədə məlumatlandırdım. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaqdır. Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Hələ ki, sülh əldə edilməyib. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzlanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.

Azərbaycan 30 ilə yaxın davam edən işğala hərbi-siyasi yollarla son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin dörd qətnaməsini özü icra etdi. Halbuki bu qətnamələri BMT özü icra etməli idi. BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq.

Biz, eyni zamanda, bu gün ticari-iqtisadi məsələləri geniş müzakirə etdik. Ötən il Azərbaycanda Hökumətlərarası Müştərək Komissiyanın iclası keçirilmişdi və komissiyanın növbəti iclası ərəfəsində bu gün hörmətli qonağımla əldə edilmiş razılaşmaları biz həyata keçirməliyik ki, növbəti iclasda artıq konkret addımlar atılsın. Sahələr də müəyyən edilmişdir - əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpa olunan energetika sahəsi. Burada da böyük imkanlar var.

Mən deyə bilərəm ki, hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik.

Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz.

Bir çox başqa layihələr də müzakirə edilmişdir. Bu gün bu mətbuat konfransından sonra nahar zamanı biz işgüzar müzakirələri davam etdirəcəyik.

Bir daha hörmətli Prezidentə Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Dost və qardaş Misir xalqına daim rifah və firavanlıq arzulayıram. Sağ olun.

Sonra Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bəyanatla çıxış etdi.

Prezident Əbdülfəttah Əs-Sisinin bəyanatı

- Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyev.

Xanımlar və cənablar.

İlk növbədə, Azərbaycanda olmağımdan məmnunluğumu ifadə etmək istəyirəm. Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram.

Biz keçən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdik. Eyni zamanda, ölkənizin Sizin rəhbərliyinizlə qazandığı böyük uğurları xüsusi qeyd etmək istəyirəm. Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm.

Həmçinin cənab Prezident İlham Əliyevə səmimi qəbula və qonaqpərvərliyə, buraya gəldiyimiz ilk gündən hiss etdiyimiz qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirmək istəyirəm.

Tərəflər arasında danışıqlar çox gözəl və müsbət mühitdə keçmişdir. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək. Ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik.

Onu da deyim ki, danışıqlar zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunmuşdur. Əlbəttə ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür. Həmçinin Hökumətlərarası Müştərək Komissiyanın altıncı iclasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı və komissiyanın növbəti iclasının gündəliyinə salınacaq məsələləri müzakirə etdik. Misirdə əczaçılıq sahəsində əldə olunmuş nailiyyətləri vurğuladıq, mövcud infrastrukturdan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün hazır olduğumuzu bir daha bildirdik.

Müzakirələr zamanı Misirdə elektrik enerjisi istehsalı sahəsində həyata keçirilən islahatları, yaradılmış infrastrukturu bir daha qeyd etdim. Son doqquz il ərzində əldə edilmiş bütün təcrübəmizi Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğumuzu bildirdim.

Görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq. Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əş-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim.

Cənab İlham Əliyevlə danışıqlar zamanı ümumi maraq kəsb edən bir çox regional və beynəlxalq məsələlərə dair müzakirələr apardıq. Görüş zamanı, həmçinin bütün dünyada siyasi dialoqun davam etdirilməsinin vacib olduğunu və məsələlərin hərbi güc yolu ilə həllinin heç də labüd olmadığını bildirdik. Bütün dünya COVID-19 pandemiyasından xilas olmamış Rusiya-Ukrayna böhranı beynəlxalq iqtisadiyyata və ticarətə daha bir zərbə vurdu, istər ərzaq təhlükəsizliyi, istər energetika, istər dənizçilik, istərsə də turizm və əczaçılıq sahələrinə çox mənfi təsir göstərdi.

Cənab Prezident İlham Əliyevə bir daha böyük uğurlar və müvəffəqiyyətlər diləyir, onun müdrik siyasəti nəticəsində qazanılmış bütün bu nailiyyətlərin davamlı olmasını arzu edirəm.

Biz Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Sonda Azərbaycan xalqına və Azərbaycan Respublikasına davamlı inkişaf və rifah arzulayıram.

Çox sağ olun.

13:01

Yanvarın 28-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

Bu barədə AZƏRTAC məlumat verib.

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 495   Tarix: 28 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

07.11.2026 181
.

Azərbaycanda bu şəxslərə 200 manat veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur. Ölkə.az xəbər verir ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətini

00:25 88
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 206
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

07.11.2026 171
.

Səfir: "TRIPP İrəvan və Bakı arasında dialoq üçün yeni imkanlar yaradacaq"

"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-nin Ermənistandak

07.11.2026 147
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 168
.

Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusl

07.11.2026 199
.