"Bu hərəkət İranın öz qanunvericiliyi baxımdan siyasi rəhbərliyinə baş ucalığı gətirən bir məsələ deyil"
"İran parlamentinin bu bəyanatı beynəlxalq hüquqa zidd bir qərardır. Çünki Beynəlxalq hüquqa görə dövlətlərin bir-birilərinin daxili siyasətinə müdaxilə etmək hüququ yoxdur".
Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Elşən Manafov İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanatını şərh edərkən deyib.
O bildirib ki, İsraildəki səfirliyimizlə bağlı İranın bəyanatı anlaşılan və yolverilən deyil:
"Azərbaycan beynəlxalq hüququn subyektidir, müstəqil dövlətdir və Azərbaycan istənilən dövlətlə münasibətləri beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə, müstəvidə qura bilər. Düşünürük ki, əgər bu münasibətlər regionda sabitliyi və təhlükəsizlıiyi təmin etmirsə, bu mənada səfirliyin açılmasının İran tərəfə narahatlılığı hər halda beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər baxımından anlaşılan deyil.
İkincisi, biz xatırlayırıq ki, keçən il İran tərəfi Ermənistanda, Qafanda konsulluğunu açdı. Konsulluğun açıldığı gün Türkiyə də sanki buna adekvat addım atdı və Şuşada öz konsulluğunu açdı. Aydın məsələdir ki, bu, düşünülmüş bir qərar idi. Bizim də həmin məsələyə münasibətimiz qanun çərçivəsində oldu. Bu, İranın Ermənistanla münasibətlərinin mahiyyətindən gələn məsələdir və biz İranın bu və ya digər dövlətlərlə münasibətlərinə müdaxilə etmirik. Amma münasibətlərimizi mehriban qonşuluq, dostluq prinsipləri üzərində qurmaq istədiyimiz İran dövlətinə və onun siyasi rəhbərliyinə ismarıcla çatdırırıq ki, İran özünün müsəlman ölkəsi olduğunu bəyan edir və İranın ali qanunvericiliyində göstərilir ki, dünyanın hansı bir yerində olur-olsun, əgər müsəlmanlar zülmə, haqsızlığa məruz qalırlarsa İran o dəqiqə həmin yerdədir. Amma İran dövləti təəssüflər olsun ki, öz qanunvericiliyinin bu müddəasına bir qədər səbrli yanaşır. Ən azı Azərbaycanda azərbaycanlıların dini inancına sayqızılıq kimi qiymətləndirilə biləcək, Azərbaycan və İslam dünyasının tərkib hissəsi məscidlərin dağıdılmasına, yüz minlərlə azərbaycanlının dini inancına Ermənistan tərəfindən olan sayqısızlığa çox təəssüf ki, kənardan əyani müşahidəçi kimi baxır. Bu hərəkət ən azından İranın öz qanunvericiliyi baxımdan siyasi rəhbərliyinə baş ucalığı gətirən bir məsələ deyil.
Təbii ki, İranın narahat edən digər məsələ də İranın İsraillə münasibətidir. Ola bilsin ki, iki ölkənin bir-birini təhdid etməsinə bağlı məsələdir. Hər halda bölgənin təhlükəsizliyi ilə bağlı amillərdən irəli gəlir. Yaxşı olar ki, İran bu problemləri İran-İsrail münasibətləri konteksti ilə və ümumiyyətlə, beynəlxalq hüququn müəyyən etdiyi prinsiplər çərçivəsində həll etməyə çalışsın. Bunun üçün İsraillə üçtərəfli münasibətlər quran dünya birliyi var. Dünyanın qalan hissəsinin, eləcə də Ərəb dövlətlərinin İsraillə münasibətləri İranı belə narahat etmir, lakin Azərbaycanın İsraillə diplomatik münasibətləri və orada səfirlik açması İranı bu qədər düşündürür və narahat edir.
Buna ancaq təssüf edirik və bəyan edirik ki, beynəlxalq hüququn müəyyən etdiyi prsinsiplər baxımından bu, anlaşılan deyil və yolverilən deyil. Heç bir dövlətin də Azərbaycanın daxili işlərinə müdaxilə etmək hüquq yoxdur".
Nuranə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










