"İşçi qüvvəsinin ixracı" məşğulluq probleminin həllidir, yoxsa problemin ölkədən çıxarılması?

"İşçi qüvvəsinin ixracı" məşğulluq probleminin həllidir, yoxsa problemin ölkədən çıxarılması?Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında Azərbaycan vətəndaşlarına Türkiyədə yaşlı və xəstə insanlara baxıcı, Sloveniyada isə fəhlə və digər işlər təklif olunur. Bu istiqamətdə həyata keçirilən layihənin "Azərbaycandan işçi qüvvəsinin ixracı" adlandırılması isə xüsusilə diqqət çəkir.

Əlbəttə, Azərbaycan vətəndaşlarının xaricdə işləməsi özlüyündə mənfi hal deyil. İnsan daha yüksək əməkhaqqı, daha yaxşı iş şəraiti və ya peşəkar inkişaf imkanları əldə etmək üçün başqa ölkədə çalışmağı seçə bilər. Lakin burada əsas sual başqadır: niyə həmin insan üçün Azərbaycanda iş yeri yaratmaq mümkün deyil?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, əgər dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biri vətəndaşları xarici ölkələrdə işlə təmin etməkdirsə, bu, ölkə daxilində əmək bazarının vəziyyəti ilə bağlı müəyyən suallar yaradır. Çünki iqtisadi model kifayət qədər məhsuldar və layiqli gəlir gətirən iş yerləri yaratmırsa, regionlarda iqtisadi fəallıq zəifdirsə və xüsusilə gənclər ölkə daxilində öz gələcəklərini görmürlərsə, bunun nəticəsi işsizlik və əmək miqrasiyası olur:

"Burada çox ciddi bir paradoks ortaya çıxır. İnsan ölkə daxilində iş tapa bilmir, xaricə gedir, nəticədə işsizlərin sayı azalır və bu, məşğulluq göstəricilərinin yaxşılaşması kimi təqdim oluna bilər. Lakin əslində problem həll olunmur, sadəcə ölkə sərhədlərindən kənara daşınır. Başqa sözlə, işsizliyi ölkədən çıxarmaq işsizliyi həll etmək deyil, onu ixrac etməkdir.

Bu prosesin iqtisadi baxımdan başqa bir tərəfi də var. Xaricə işləməyə gedən Azərbaycan vətəndaşının əməyindən yaranan əlavə dəyər ilk növbədə çalışdığı ölkənin iqtisadiyyatına xidmət edir. Həmin insanın əmək potensialı, istehsal etdiyi məhsul və göstərdiyi xidmət başqa ölkənin iqtisadi dövriyyəsinə daxil olur. Azərbaycan isə bundan əsasən ailə üzvlərinə göndərilən pul vəsaitləri vasitəsilə dolayı fayda əldə edir.

Məsələ regionlardan əmək miqrasiyasına gəldikdə isə problem daha da ciddi xarakter alır. Gənclərin davamlı şəkildə regionlardan böyük şəhərlərə və ya xarici ölkələrə üz tutması həmin ərazilərdə iqtisadi və demoqrafik aktivliyin azalmasına səbəb ola bilər. Əmək qabiliyyətli əhalinin bölgələrdən getməsi yerli biznesin inkişaf imkanlarını məhdudlaşdırır, istehlak bazarını daraldır və regionların gələcək iqtisadi potensialına mənfi təsir göstərir.

İxtisaslı kadrlara gəldikdə isə itki daha böyükdür. Həkim, müəllim, mühəndis və digər mütəxəssislərin formalaşması illərlə davam edən təhsil və hazırlıq prosesinin nəticəsidir. Bu prosesdə ailənin, dövlətin və cəmiyyətin ciddi resursları iştirak edir. Əgər həmin mütəxəssislər ölkə daxilində layiqli iş və gəlirlə təmin olunmadıqları üçün xarici əmək bazarına üz tuturlarsa, itirilən yalnız bir işçi deyil, həm də insan kapitalı və gələcəkdə ölkə iqtisadiyyatında yarada biləcəyi əlavə dəyərdir.

Burada mühüm bir fərqi nəzərə almaq lazımdır: xaricdə işləmək seçimdirsə, bu, normal iqtisadi prosesdir. İnsan daha yaxşı imkanlar əldə etmək üçün başqa ölkədə işləməyi seçə bilər. Amma xaricdə işləmək məcburiyyətə çevrilirsə, artıq söhbət fərdi seçimdən deyil, iqtisadi problemdən gedir.

Əslində, işçi qüvvəsini xaricə yönləndirmək ən asan yoldur. Daha çətin olan isə ölkə daxilində yeni və məhsuldar sektorlar yaratmaq, yüksək əlavə dəyərli istehsalı inkişaf etdirmək, regionlarda real iqtisadi aktivlik formalaşdırmaq və insanlara öz ölkəsində gələcək qurmaq imkanı verməkdir.

Məşğulluq siyasətinin əsas məqsədi yalnız insanın hansısa işlə təmin olunması deyil, onun öz ölkəsində layiqli gəlir əldə edə biləcəyi dayanıqlı əmək bazarının formalaşdırılması olmalıdır. Əks halda xaricdə iş imkanlarının sayının artırılması məşğulluq probleminin həlli kimi görünsə də, əslində problemin kök səbəblərinə toxunmur.

Azərbaycan üçün əsas məsələ vətəndaşlarını xaricdə işlətmək deyil, onların ölkə daxilində işləməsi üçün rəqabətqabiliyyətli iqtisadi mühit yaratmaqdır. Çünki güclü iqtisadiyyat işçi qüvvəsini ixrac etməklə deyil, insan kapitalını ölkə daxilində saxlamaq və onun yaratdığı əlavə dəyərdən milli iqtisadiyyatın faydalanmasını təmin etməklə qurulur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov

11:29 167
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqi

11:44 150
.

Bayraktar Türkiyənin 2040-cı il planlarından danışdı

"2040-cı ildə, Türkiyə əsrində enerjidən asılı olmayan bir hədəflə yola çıxırıq". -ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Milli enerji-2040" proqramının açılış mərasimində çıxışı zamanı bildirib:. "B

05.11.2026 317
.

Şənbə günü yağış yağacaq

Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək, külək əsəcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətl

12:48 123
.

Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər

Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki

05.11.2026 338
.

Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb

Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb. Bu barədə "CBS NEWS" xəbər verir. Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb./APA

05.11.2026 346
.

Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlanıb. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Bildirilib ki, proqnoz günlərində Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimal

14:15 0
.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

14:06 1
.

"Formula-1" üzrə keçmiş dünya çempionu yubileyindən üç gün sonra vəfat etdi

"Formula-1" üzrə 1980-ci ilin dünya çempionu, avstraliyalı pilot Alan Cons 80 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Avstraliyanın Avtoidman Federasiyası məlumat yayıb. Bildirilib ki, Cons qısa sürən xəstəlikdən sonra bu gün vəfat edib. Onun ölüm xəbəri 80 illik yubileyindən cəm

05.11.2026 316
.