"Uşağın gələcəyini onun qiymətləri deyil, şəxsiyyət kimi formalaşması müəyyən edir" - Təranə Paşayeva ilə MÜSAHİBƏ

"Uşağın gələcəyini onun qiymətləri deyil, şəxsiyyət kimi formalaşması müəyyən edir" - Təranə Paşayeva ilə MÜSAHİBƏPsixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva: "Uşağı dinləmək, anlamaq və onunla sağlam ünsiyyət qurmaq ən mühüm psixoloji ehtiyacdır"

Müasir dünyada uşaqların və gənclərin psixoloji sağlamlığı cəmiyyətin qarşısında duran mühüm məsələlərdən biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin həyatımıza geniş şəkildə daxil olması, ailə münasibətlərində baş verən dəyişikliklər, təhsil və gələcəklə bağlı gözləntilər uşaqların psixoloji inkişafına birbaşa təsir göstərir.

Uşağın şəxsiyyət kimi formalaşması isə yalnız məktəbdə aldığı biliklərlə məhdudlaşmır. Onun özünə münasibəti, emosiyalarını idarə etməsi, insanlarla ünsiyyət qurması, məsuliyyət hissi, qərarvermə bacarığı və cəmiyyətə münasibəti ilk növbədə ailədə formalaşır.Bəs müasir valideyn uşağın psixoloji inkişafına necə yanaşmalıdır? Uşaqlarda özünəinamı necə formalaşdırmaq olar? Yeniyetməlik dövründə yaranan problemlərin qarşısını necə almaq mümkündür? Sosial şəbəkələrin uşaqların psixologiyasına təsiri nədir? Məktəb və ailə arasında əməkdaşlıq necə qurulmalıdır?

Sonxeber.az bu və digər suallarla Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevaya müraciət edib.

- Təranə xanım, uşağın düzgün psixoloji inkişafı nə deməkdir? Sağlam şəxsiyyətin təməli hansı yaşda qoyulur?

- Uşağın psixoloji inkişafı doğulduğu ilk gündən başlayır. Şəxsiyyətin formalaşması isə mərhələli prosesdir və burada uşağın yaş dövrünün xüsusiyyətlərini nəzərə almaq çox vacibdir.
Sağlam psixoloji inkişaf dedikdə yalnız uşağın sakit və itaətkar olması nəzərdə tutulmur. Bəzən böyüklər "sözə baxan uşaq" anlayışını sağlam psixoloji inkişafla eyniləşdirirlər. Əslində isə uşaq öz fikrini ifadə edə bilməli, sual verməli, müəyyən məsələlərdə seçim etməli, səhv etməkdən qorxmamalı və öz emosiyalarını tanımağı öyrənməlidir.
Sağlam şəxsiyyət o insandır ki, özünü tanıyır, güclü və zəif tərəflərini qəbul edir, başqalarının hüquq və sərhədlərinə hörmət edir, qarşılaşdığı çətinliklər zamanı uyğun həll yolları axtarır.

- Deməli, valideynin uşağa münasibəti onun gələcək xarakterinə birbaşa təsir göstərir?

- Əlbəttə. Uşaq dünyanı ilk növbədə valideynlərinin münasibətləri vasitəsilə tanıyır. Ailədə uşağa necə müraciət edilir, onun fikri dinlənilirmi, səhvinə necə reaksiya verilir, uğuru necə qiymətləndirilir - bütün bunlar uşağın özünə münasibətinin formalaşmasına təsir edir.Məsələn, uşağa davamlı şəkildə "sən bacarmırsan", "səndən heç nə olmayacaq" deyilməsi onun özünəinamına mənfi təsir göstərə bilər. Əksinə, hər səhvini həddindən artıq tərifləmək də düzgün deyil.

Ən sağlam yanaşma uşağın səhvini şəxsiyyətindən ayırmaqdır. "Sən pis uşaqsan" demək əvəzinə, "Bu davranış düzgün deyildi, gəlin bunun başqa yolunu tapaq" demək lazımdır.

- Valideynlər arasında "uşaq nə qədər çox oxusa, bir o qədər uğurlu olacaq" düşüncəsi geniş yayılıb. Bu yanaşma nə dərəcədə doğrudur?
- Təhsil, əlbəttə, çox vacibdir. Amma uşağın uğurunu yalnız qiymətlərlə ölçmək doğru deyil.
Uşaq yüksək qiymət ala bilər, lakin özünü ifadə etməkdə, ünsiyyət qurmaqda, emosiyalarını idarə etməkdə və qərar verməkdə çətinlik çəkə bilər. Digər tərəfdən, müəyyən akademik sahədə orta nəticə göstərən uşaq başqa istiqamətlərdə çox yüksək potensiala malik ola bilər.
Biz uşağın yalnız akademik deyil, sosial, emosional və yaradıcı inkişafına da diqqət yetirməliyik.

- Uşaqların başqa uşaqlarla müqayisə edilməsi nə qədər təhlükəlidir?

- Bu, valideynlərin ən çox yol verdiyi səhvlərdən biridir. "Bax, filankəs necə oxuyur", "Onun uşağı artıq bunları bacarır", "Sən niyə onun kimi deyilsən?" kimi ifadələr uşağın motivasiyasını artırmaq əvəzinə, əks nəticə verə bilər.
Uşaq düşünə bilər ki, valideyninin sevgisini qazanmaq üçün mütləq başqasından üstün olmalıdır. Bu isə sonrakı həyatında daimi müqayisə və təsdiq axtarışına gətirib çıxara bilər.
Hər uşağın inkişaf tempi, maraqları və bacarıqları fərqlidir. Valideyn uşağı ilk növbədə özünün əvvəlki nəticələri ilə müqayisə etməli, onun inkişaf dinamikasına diqqət yetirməlidir.

- Yeniyetməlik dövrü ailələr üçün niyə daha çətin olur?

- Çünki yeniyetməlik uşaqlıqdan yetkinliyə keçid mərhələsidir. Yeniyetmə artıq özünü müstəqil şəxs kimi görmək istəyir. Onun öz fikrinin qəbul edilməsinə ehtiyacı artır.
Bu mərhələdə valideynin əsas vəzifəsi nəzarəti tamamilə itirmək də, uşağı tamamilə sıxışdırmaq da deyil. Valideyn sərhədləri müəyyən etməli, eyni zamanda yeniyetmənin fərdiliyinə hörmət göstərməlidir.
Yeniyetmənin hər fikri ilə razılaşmaq məcburi deyil. Amma onun fikrini dinləmək mütləqdir.

- Bəzən valideynlər deyirlər ki, "Mən onun yaxşılığını düşünürəm, ona görə sərt davranıram". Sərt tərbiyə effektivdirmi?

- Sərhədlər uşağın inkişafı üçün vacibdir. Uşaq nəyi edə biləcəyini və nəyin yolverilməz olduğunu bilməlidir. Lakin sərhəd qoymaqla uşağı alçaltmaq arasında böyük fərq var.
Qorxu üzərində qurulan münasibət uzunmüddətli perspektivdə sağlam ünsiyyət yaratmır. Uşaq valideyndən qorxduğu üçün müəyyən davranışı etməyə bilər, amma bu, onun həmin davranışın niyə yanlış olduğunu başa düşməsi demək deyil.
Əsas məqsəd uşağın yalnız qaydaya tabe olması deyil, qaydanın mahiyyətini anlamasıdır.

- Sosial şəbəkələr və rəqəmsal mühit uşaqların psixologiyasına necə təsir göstərir?

- Bu gün uşaqların həyatını sosial şəbəkələrdən kənarda təsəvvür etmək çətindir. Burada həm müsbət, həm də riskli tərəflər mövcuddur.
Sosial şəbəkələr uşaqlara məlumat əldə etmək, yeni biliklər qazanmaq və ünsiyyət qurmaq imkanları verir. Lakin nəzarətsiz və həddindən artıq istifadə diqqət, yuxu rejimi, sosial münasibətlər və emosional vəziyyətlə bağlı müəyyən çətinliklər yarada bilər.Digər mühüm məsələ uşaqların sosial şəbəkələrdə gördüklərini real həyatla müqayisə etməsidir. Valideyn uşağa izah etməlidir ki, sosial şəbəkədə nümayiş olunan hər şey reallığın tam görüntüsü deyil.

- Kiberzorakılıqla qarşılaşan uşağın valideyni nə etməlidir?

- İlk növbədə uşağı günahlandırmamalıdır. "Sən niyə cavab verdin?", "Niyə həmin insanla danışdın?" kimi reaksiyalar uşağın özünü daha çox günahkar hiss etməsinə səbəb ola bilər.
Uşağı sakit şəkildə dinləmək, vəziyyəti anlamaq və lazım gəldikdə məktəb və müvafiq mütəxəssislərlə əməkdaşlıq etmək lazımdır.

Uşaq bilməlidir ki, virtual məkanda qarşılaşdığı problem nə qədər ciddi görünsə də, bu problemin həlli üçün böyüklərdən yardım istəyə bilər.

- Uşağın emosional savadlılığı dedikdə nə nəzərdə tutulur?

- Uşağın "mən nə hiss edirəm?" sualına cavab verə bilməsi çox vacibdir.
Məsələn, uşaq əsəbiləşdikdə yalnız "pis uşaq" kimi qiymətləndirilməməlidir. Ona həmin emosiyanın səbəbini anlamağa kömək etmək lazımdır.

Emosional savadlılıq uşağın öz hisslərini tanıması, onları ifadə etməsi və uyğun şəkildə idarə etməsi bacarığıdır. Bu bacarıq gələcəkdə həm şəxsi münasibətlərdə, həm də peşə həyatında böyük əhəmiyyət daşıyır.

- Məktəb psixoloqlarının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Məktəb psixoloqunun işi yalnız problem yarananda uşağı yanına çağırmaqdan ibarət olmamalıdır. Psixoloji xidmətin mühüm istiqamətlərindən biri profilaktik və maarifləndirici fəaliyyətdir.
Məktəb psixoloqu şagirdlərlə yanaşı, müəllim və valideynlərlə də işləməlidir. Çünki uşağın davranışını yalnız uşağın özündən qaynaqlanan problem kimi qiymətləndirmək doğru deyil. Bəzən davranışın arxasında ailə münasibətləri, məktəb mühiti, həmyaşıd münasibətləri və digər amillər dayanır.

- Uşağın psixoloqa müraciət etməsi ilə bağlı cəmiyyətdə hələ də müəyyən stereotiplər var. Bu yanaşmanı necə dəyişmək olar?

- Psixoloqa müraciət etmək zəiflik əlaməti deyil. İnsan hansısa problemi həll etməkdə çətinlik çəkirsə, mütəxəssisdən dəstək alması normaldır.Xüsusilə uşaqlarla bağlı məsələlərdə vaxtında dəstək çox vacibdir. Valideyn "problem böyüsün, sonra baxarıq" prinsipindən uzaq olmalıdır.

Psixoloji xidmətin məqsədi yalnız problemi aradan qaldırmaq deyil, həm də uşağın potensialını daha düzgün reallaşdırmasına kömək etməkdir.

- Uşağın gələcək peşə seçiminə valideyn müdaxiləsi necə olmalıdır?

- Valideyn istiqamət göstərə bilər, amma uşağın yerinə seçim etməməlidir.
Bəzən valideyn özünün reallaşdıra bilmədiyi arzuları övladında görmək istəyir. Bu isə uşağın maraq və potensialının nəzərə alınmamasına səbəb ola bilər.

Peşə seçimi zamanı uşağın maraqları, qabiliyyətləri, xarakter xüsusiyyətləri və gələcək planları nəzərə alınmalıdır. Valideyn burada nəzarətçi yox, məsləhətçi və dəstəkçi rolunda çıxış etməlidir.

- Uşağın özünəinamını artırmaq üçün valideyn gündəlik həyatda nələr edə bilər?

- Ən sadə, amma ən təsirli üsul uşağı dinləməkdir.Onun fikrini soruşmaq, müəyyən məsələlərdə seçim imkanı yaratmaq, gördüyü işi qiymətləndirmək, səhv etdikdə təhqir etməmək, uğursuzluğunu faciəyə çevirməmək lazımdır.Uşağa "Sən bunu bacarmırsan" yox, "Gəlin birlikdə baxaq, bunu necə daha yaxşı edə bilərik" demək daha sağlam yanaşmadır.Uşağın özünəinamı bir gündə formalaşmır. Bu, gündəlik münasibətlərin nəticəsidir.

- Ailədə valideynlər arasında konflikt uşağa necə təsir edir?

- Uşaq ailədə baş verənləri çox həssas şəkildə qəbul edir. Valideynlər arasında fikir ayrılığının olması həyatın bir hissəsidir. Əsas məsələ münaqişənin necə idarə olunmasıdır.
Uşağın mübahisələrə cəlb edilməsi, tərəf seçməyə məcbur edilməsi və ya digər valideynə qarşı istifadə olunması onun emosional yükünü artıra bilər.Valideynlər hər bir halda uşağın özünü təhlükəsiz hiss etməsinə çalışmalıdırlar.

- Uşaqların psixoloji inkişafında mütaliə, yaradıcılıq və idmanın rolu barədə nə deyə bilərsiniz?

- Uşağın inkişafı kompleks yanaşma tələb edir. Mütaliə təxəyyülü, söz ehtiyatını və düşünmə qabiliyyətini inkişaf etdirir. Yaradıcılıq uşağın özünü ifadə etməsinə imkan yaradır. Fiziki aktivlik isə ümumi rifah və gündəlik həyat vərdişlərinin formalaşmasına töhfə verə bilər.
Burada əsas məqsəd uşağın bütün fəaliyyətlərini yarışa çevirmək deyil. Uşaq hansısa fəaliyyətə maraq göstərirsə, onu dəstəkləmək və imkan yaratmaq lazımdır.

- Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi uşaqlar və gənclərlə bağlı hansı istiqamətlərə xüsusi diqqət yetirir?

- Mərkəzimizin fəaliyyətində psixoloji maarifləndirmə, psixoloji xidmətlərin inkişafı, tədqiqatların aparılması və cəmiyyətin müxtəlif qruplarının psixoloji ehtiyaclarına diqqət yetirilməsi mühüm yer tutur.
Uşaqlar və gənclərlə iş xüsusilə həssas istiqamətdir. Çünki bu gün uşağın psixoloji inkişafına göstərilən diqqət sabah cəmiyyətin sosial və mənəvi sağlamlığına təsir edir.
Biz hesab edirik ki, psixoloji maarifləndirmə yalnız problem yarandıqdan sonra aparılmamalıdır. Valideynlər, müəllimlər və uşaqlarla əvvəlcədən düzgün maarifləndirmə işi aparılmalıdır.

- Sonda valideynlərə və cəmiyyətə hansı mesajı vermək istərdiniz?

- Uşağa yalnız gələcəyin böyüyü kimi deyil, bu günün şəxsiyyəti kimi yanaşmaq lazımdır.
Onun fikri var, hissləri var, qorxuları və arzuları var. Uşağın bütün qərarlarını onun əvəzinə vermək, onu daim qorumaq və ya daim tənqid etmək düzgün deyil.Uşağı dinləmək, onun sərhədlərinə hörmət etmək, yaşına uyğun məsuliyyət vermək, səhv etmək haqqını tanımaq və çətinlik zamanı yanında olmaq lazımdır.
Unutmayaq ki, uşağın psixoloji sağlamlığı yalnız ailənin məsələsi deyil. Bu, həm də məktəbin, cəmiyyətin və bütövlükdə dövlətin gələcəyi ilə bağlı məsələdir.

Biz uşaqlara nə qədər sağlam psixoloji mühit yaratsaq, gələcəkdə bir o qədər özünəinamlı, məsuliyyətli, empatik və cəmiyyətə faydalı şəxsiyyətlər yetişdirə bilərik.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir

Aparılan son araşdırmalar nəticəsində Marsın (Qırmızı planetin) cənub yarımkürəsindəki dağlıq ərazilərin altında yerləşən mantiyanın şimal bölgəsinə nisbətən 200-400 dərəcə daha isti olduğu müəyyən edilib. xəbər verir ki, "Nature" jurnalında dərc olunan bu elmi sensasiya Marsın dərinliklərind

01.09.2026 201
.

"Bolt"dan ayıq sürücü sifariş etdi, maşını zədələndi - "Atəşgah" zərəri ödəmir (VİDEO)

Ayıq sürücü xidməti üçün çağırılan şəxsin idarə etdiyi avtomobil zədələnib, lakin vətəndaş iki aydan çoxdur ki, dəymiş zərərin ödənilməsi üçün mübarizə aparır. Sığorta şirkəti isə sürücünün sığorta qaydalarına əsasən "səlahiyyətləndirilmiş sürücü" olmadığını əsas gətirərək ödənişdən imtin

01.09.2026 244
.

Rusiyanın Kiyevə gecə hücumu nəticəsində 8 nəfər ölüb

Rusiya qüvvələri sentyabrın 1-nə keçən gecə Kiyev və Kiyev vilayətinə genişmiqyaslı raket və dron hücumu həyata keçirib. xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində Kiyevdə 8 nəfər həyatını itirib, 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Məlumata əsasən

01.09.2026 198
.

"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!

Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səli

11:21 0
.

Qırğızıstan Azərbaycan üçün Mərkəzi Asiyaya açılan yeni iqtisadi qapıdır

"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana son dövlət səfəri iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı müttəfiqlik münasibətləri haqqında müqavilə ilə yanaşı, energetika, nəqliyyat, maliyyə, investisiya və digər sahələr

01.09.2026 187
.

ABŞ və KXDR liderlərinin sammiti istənilən an baş tuta bilər

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Vaşinqtonla Pxenyan arasında dialoq əlamətlərinin olduğunu açıqlayıb. Kəşfiyyatın qiymətləndirməsinə görə, ABŞ və KXDR liderlərinin görüşü "istənilən vaxt" baş tuta bilər. xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb. Çərşənbə axşam

01.09.2026 214
.

Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ

Hindistanın Uttar-Pradeş ştatında silahlılar məşhur müğənni Ankit Baliyanı güllələyiblər. xarici KİV-ə istinadla bildirir ki, hadisə avqustun 26-da axşam saatlarında Şamli şəhərindəki idman zalının yaxınlığında baş verib. Müğənni aldığı yaralardan həyatını itirib. İki motosikletdə olan dörd nəfər silahlarda

01.09.2026 316
.

İllərdir doğru bildiyimiz 7 sağlamlıq mifi: Bəziləri orqanizmə zərər verə bilər

Sosial şəbəkələrdə sağlamlıqla bağlı yayılan məsləhətlərin heç də hamısı elmi faktlara əsaslanmır. Mütəxəssislər insanların illərdir doğru hesab etdiyi bəzi fikirlərin əslində mif olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislər ən çox yayılan 7 sağlamlıq mifini açıqlayıblar. 1. "Səhər yeməy

01.09.2026 252
.

"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır" - millət vəkili Müşfiq Cəfərov

"Avrasiyanın siyasi və iqtisadi xəritəsində Şanxay Əməkdaşlıq Təşkilatının çəkisi getdikcə artır. Bu təşkilat artıq yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi platforma deyil. Burada dünyanın ən böyük beyin mərkəzləri, nəhəng iqtisadiyyatlar, enerji resursları və qlobal ticarətin mühü

01.09.2026 354
.