İtaliyada femisidə ömürlük həbs: Azərbaycanda qadın qətlləri üçün qanun sərtləşdirilməlidirmi? - VƏKİLDƏN AÇIQLAMA
Son illərdə qadınlara qarşı zorakılıq və xüsusilə gender motivli qadın qətllərinin - femisidlərin ayrıca hüquqi kateqoriyaya salınması məsələsi bir sıra ölkələrdə ciddi şəkildə gündəmə gəlib. İtaliya bu istiqamətdə ən sərt addımlardan birini ataraq 2025-ci ilin noyabrında femisidi ayrıca cinayət kimi tanıyıb və belə cinayətə görə ömürlük həbs cəzası müəyyən edib. Qanun qadının genderinə görə nifrət, ayrı-seçkilik, hökmranlıq və nəzarət motivləri ilə öldürülməsini ayrıca cinayət kimi qiymətləndirir. Məsələ təkcə İtaliya ilə məhdudlaşmır. Dünya Bankının məlumatına görə, bir çox ölkələrdə qadınların gender motivli öldürülməsi hələ də ümumi qətl kateqoriyasında qiymətləndirilir. Bununla belə, müxtəlif ölkələrdə femisidin ayrıca hüquqi anlayış kimi tanınması istiqamətində qanunvericilik dəyişiklikləri həyata keçirilib.
Avropada isə İtaliyanın yeni qanunu xüsusi diqqət çəkir: bəzi ölkələrdə femisid ayrıca hüquqi anlayış kimi tanınsa da, əksər ölkələrdə qadınların gender motivli qətli mövcud qətl və məişət zorakılığı ilə bağlı normalar çərçivəsində cəzalandırılır. Azərbaycanda da qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyin gücləndirilməsi məsələsi müzakirə olunur. 2025-ci ildə Avropa Şurasının dəstəyi ilə Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığı üzrə qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması istiqamətində tövsiyələr nəzərdən keçirilib. Belə bir sual ortaya çıxır: Azərbaycanda da qadın qətlləri, xüsusilə məişət zorakılığı, keçmiş partnyor tərəfindən təqib və gender motivi ilə törədilən qətllər ayrıca ağırlaşdırıcı kateqoriya kimi müəyyən edilməli və daha sərt cəzalar tətbiq olunmalıdırmı?
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Cavanşir Qasımzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda məişət zorakılığı və qadınlara qarşı törədilən cinayətlərlə bağlı hüquqi çərçivənin, eləcə də cəzalandırma praktikasının yenidən dəyərləndirilməsinə ehtiyac olduğu aydındır. Onun sözlərinə görə, bir çox xarici ölkələrin təcrübəsinə baxsaq, qadına qarşı zorakılıq və cinayətlər ayrıca ağırlaşdırıcı hal kimi qiymətləndirilir, xüsusi maddələrlə təsnifatlaşdırılır və nəticədə daha ağır, hətta ömürlük azadlıqdan məhrum etmə kimi cəzalar tətbiq olunur: "Bizdə də bu cür cinayətlərə görə sanksiyaların sərtləşdirilməsi və xüsusi hüquqi mexanizmlərin yaradılması presedent olaraq mühüm çəkindirici rol oynaya bilər. Cinayət Məcəlləsindəki cəzaların artırılması ilə yanaşı, ən vacib məqamlardan biri önləyici tədbirlərin və mühafizə orderlərinin işləkliyidir. Qadın ilk zorakılıq siqnalı verəndə, yəni polisə müraciət edəndə formal ifadə alınıb tərəflərin barışdırılmasına çalışılması əvəzinə, zərərçəkənin təhlükəsizliyi dərhal təmin olunmalı, təzyiq göstərən şəxsə qarşı qəti və qabaqlayıcı addımlar atılmalıdır.
Eyni zamanda, bu sahədə şəffaf və müstəqil statistikanın aparılması problemlərin real miqyasını görmək və daha dəqiq dövlət siyasəti formalaşdırmaq üçün zəruridir. Qanunvericiliyin yenilənməsi, cəzaların sərtləşdirilməsi və hüquq-mühafizə orqanlarının bu məsələyə baxış bucağının dəyişməsi məişət zorakılığının qarşısının alınmasında həlledici addım ola bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









