Pulsuz internetin gizli təhlükəsi - Hakerlər sizi belə izləyə bilər
"Müasir dövrdə ictimai Wi-Fi şəbəkələri istifadəçilər üçün böyük rahatlıq yaratsa da, ciddi kibertəhlükəsizlik riskləri də daşıyır. Pulsuz internet bağlantısı bəzən şəxsi məlumatların, maliyyə vəsaitlərinin və rəqəmsal hesabların təhlükə altına düşməsinə səbəb ola bilər".
Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.
O, qeyd edib ki, gündəlik həyatımızda internetdən istifadə imkanları getdikcə genişlənir. Kafedə işləyərkən, hava limanında gözləyərkən və ya parkda istirahət edərkən qarşımıza çıxan "Free Wi-Fi" təklifi olduqca cəlbedici görünə bilər. Lakin bu rahatlıq bəzi hallarda şəxsi məlumatların oğurlanmasına və kibercinayətkarların hücumlarına şərait yaradır:
"İctimai Wi-Fi şəbəkələrinin bir qismi kifayət qədər qorunmadığından bu şəbəkələr üzərindən ötürülən məlumatlar kibercinayətkarlar tərəfindən ələ keçirilə bilər. Ən geniş yayılmış hücum üsullarından biri "Man-in-the-Middle" ("Aradakı adam") hücumudur. Bu zaman haker istifadəçinin cihazı ilə internet arasındakı əlaqəni gizli şəkildə ələ keçirir. İstifadəçi məlumatlarını təhlükəsiz şəkildə göndərdiyini düşünsə də, ötürdüyü bəzi məlumatlar üçüncü şəxsin əlinə keçə bilər.
Digər təhlükəli üsullardan biri isə "Evil Twin" ("Şər Əkiz") adlandırılan saxta Wi-Fi şəbəkələridir. Kibercinayətkarlar məşhur kafe, restoran və ya otellərin adlarından istifadə etməklə saxta Wi-Fi şəbəkələri yarada bilərlər. İstifadəçi belə şəbəkəyə qoşulduqda məlumatlarının təhlükəsizliyi ciddi risk altında qala bilər.
Bu cür hücumların nəticələri yalnız sosial media hesabının ələ keçirilməsi ilə məhdudlaşmır. Elektron poçt hesablarının və şəxsi məlumatların oğurlanması, korporativ sənədlərin sızdırılması, eləcə də maliyyə məlumatlarının ələ keçirilməsi ciddi maddi və reputasiya itkilərinə səbəb ola bilər.
Mütəxəssislər ictimai yerlərdə Wi-Fi şəbəkələrindən istifadə zamanı bir sıra təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edirlər. İlk növbədə, mümkün olduqda VPN-dən istifadə etmək məsləhətdir. Virtual şəxsi şəbəkə internet trafikinizin şifrələnməsinə kömək edir və məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi riskini azaldır.
İctimai Wi-Fi şəbəkələrindən istifadə zamanı bank əməliyyatları aparmaq, onlayn alış-veriş etmək və mühüm iş sənədlərinə daxil olmaq da tövsiyə edilmir. Bu cür həssas əməliyyatlar üçün mobil internetdən (4G/5G) istifadə daha təhlükəsiz seçimdir.
Bundan başqa, saytlara daxil olarkən ünvan sətrində "https://" protokolunun olduğuna diqqət yetirmək, cihazlarda Wi-Fi şəbəkələrinə avtomatik qoşulma funksiyasını söndürmək və hesablar üçün iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmək vacibdir. İki faktorlu təsdiqləmə parolun ələ keçirildiyi halda hesabın qorunması üçün əlavə təhlükəsizlik təbəqəsi yaradır.
Beləliklə, rəqəmsal dünyada "pulsuz" görünən hər xidmət tamamilə risksiz olmaya bilər. İctimai Wi-Fi şəbəkələrindən istifadə zamanı diqqətli olmaq və şəxsi məlumatların qorunması üçün əsas təhlükəsizlik qaydalarına əməl etmək kibertəhlükələrdən qorunmağın ən vacib şərtlərindən biridir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









