"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var?", "ailənin maddi imkanı yoxdur"... Bəzən bunların heç biri açıq şəkildə deyilməz, sadəcə qızın məktəbdən ayağı kəsilər. Bir neçə ildən sonra isə qarşımızda ibtidai və ya natamam ümumi təhsildən başqa təhsili olmayan bir qadın dayanır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, belə qadınların olması təkcə ailənin problemi deyil. Bu vəziyyət cəmiyyətin, təhsil sisteminin və dövlət idarəçiliyinin də qarşısında ciddi sual yaradır: qanunla icbari olan təhsil niyə hansısa uşağın həyatında icbari deyil?

Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etdiyi açıq şəkildə qeyd olunur. "Ümumi təhsil haqqında" Qanunda isə daha konkret müddəa var: "Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir." Həmin qanuna əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir:

"Deməli, burada söhbət yalnız valideynin şəxsi istəyindən getmir. Valideyn "mən qızımı beşinci sinifdən sonra oxutmayacağam" deyə bilməz. Çünki söhbət uşağın hüququndan gedir. Qanun valideynin üzərinə də konkret vəzifə qoyur: övladının icbari ümumi orta təhsil almasını təmin etmək.

Amma məsələni yalnız valideynin üzərinə atmaq da asan yoldur. Çünki məktəbə gəlməyən uşağın olmaması məktəb üçün görünməz hadisə deyil. Uşaq bir gün, iki gün, bir həftə dərsə gəlmirsə, bunun səbəbi araşdırılmalıdır. Əgər qız uşağı ümumiyyətlə məktəbdən çıxarılıbsa, artıq burada "ailə belə qərar verdi" deyib məsələni bağlamaq olmaz.

Qanun özü də bunu nəzərdə tutur. "Uşaq hüquqları haqqında" Qanunda dövlətin icbari ümumi orta təhsildən kənarda qalmış uşaqların təhsilə cəlb olunmasını və belə halların qarşısının alınmasını təmin etməli olduğu göstərilir.

Onda sual yaranır: hansısa kənddə, qəsəbədə və ya rayonda qız uşaqları məktəbdən kənarda qalırsa, bunu kim görməlidir? Məktəb görməlidir. Təhsil üzrə məsul şəxslər görməlidir. Yerli qurumlar görməlidir. Uşağın hüququ pozulursa, məsələni yalnız ailənin qapısında qoyub geri qayıtmaq olmaz.

Əlbəttə, hər ailənin vəziyyəti eyni deyil. Bəzən maddi çətinlik, bəzən nəqliyyat problemi, bəzən ailədaxili münasibətlər, bəzən də köhnə düşüncələr buna səbəb olur. Amma dövlətin təhsil siyasətinin məqsədi məhz belə maneələrin aradan qaldırılmasına şərait yaratmaqdır. Əgər bir uşaq qanunun verdiyi hüquqdan istifadə edə bilmirsə, "ailəsi istəmədi" cavabı problemi həll etmir.

Xüsusilə qız uşaqlarının təhsilinə münasibətdə köhnə yanaşmaların hələ də yaşaması ayrıca narahatlıq doğurur. "Qızdır, onsuz da ailə quracaq" düşüncəsi əslində uşağın gələcəyini indidən məhdudlaşdırmaq deməkdir. Halbuki qızın aldığı təhsil yalnız onun şəxsi gələcəyinə aid məsələ deyil. Təhsilli ana ailəsində uşağın təhsilinə, sağlamlığına, dünyagörüşünə və gələcəyinə də fərqli yanaşır. Bir qızın məktəbdən çıxarılması bəzən yalnız bir insanın deyil, gələcək bir nəslin imkanlarının daraldılması deməkdir.

Üstəlik, bu məsələnin başqa bir tərəfi də var. Məktəbdən erkən uzaqlaşdırılan qızın qarşısında seçimlər getdikcə azalır. Təhsil davam etmədikcə peşə qazanmaq, müstəqil gəlir əldə etmək, öz hüquqlarını bilmək və həyatla bağlı qərarlarını daha sərbəst vermək imkanları da məhdudlaşır. Sonra cəmiyyət həmin qadının niyə savadsız olduğunu, niyə peşəsinin olmadığını, niyə öz hüquqlarını bilmədiyini müzakirə edir. Halbuki bəzən bunun cavabı illər əvvəl, onun məktəb qapısından içəri buraxılmadığı gün verilib.

Burada daha bir mühüm məsələ var: qanunun olması hələ onun avtomatik şəkildə işləməsi demək deyil. Qanun yazılıbsa, onun icrasına nəzarət də olmalıdır. Əgər icbari təhsil yaşında olan uşaq məktəbdən kənarda qalırsa, bunun səbəbi müəyyənləşdirilməli, ailə ilə iş aparılmalı, uşağın təhsilə qaytarılması üçün konkret tədbirlər görülməlidir. Əks halda "icbari təhsil" ifadəsi kağız üzərində qalan hüquqi anlayışa çevrilə bilər.

Burada məmurun məsuliyyəti məsələsini də düzgün qoymaq lazımdır. Konkret fakt olmadan kimisə qanunu pozmaqda ittiham etmək olmaz. Amma sistemli şəkildə uşaqların təhsildən kənarda qalması barədə məlumat olduğu halda heç bir tədbir görülmürsə, artıq məsuliyyət məsələsini soruşmaq tamamilə qanunauyğundur: bu uşaqlar haradadır və onları məktəbə qaytarmaq üçün nə edilib?

Əslində, hər məktəbin öz ərazisində çox sadə bir sualın cavabı olmalıdır: icbari təhsil yaşında olub məktəbdə olmayan neçə uşaq var? Onların neçəsi qızdır? Niyə oxumurlar? Valideyn nə deyir? Məktəb nə edib? Təhsil üzrə məsul qurum hansı tədbiri görüb? Bu sualların cavabı varsa, problem görünür. Problem görünürsə, onun həlli də mümkündür.

Biz bəzən təhsildən danışanda universitetlərdən, beynəlxalq olimpiadalardan, yüksək nəticələrdən və diplomlardan danışırıq. Bunların hamısı vacibdir. Amma təhsilin ən fundamental məsələsi daha sadədir: uşaq məktəbdə olmalıdır. Qız da, oğlan da.

Bir qızın dördüncü və ya beşinci sinifdən sonra məktəbdən çıxarılması "belə ailələr var" deyib keçiləsi məsələ deyil. O qızın da Konstitusiyada təsbit edilmiş təhsil hüququ var. Bu hüquq valideynin düşüncəsindən, ailənin adətindən və ya kiminsə şəxsi qərarından asılı ola bilməz.

Qanun qarşısında hamı eynidir. Təhsil hüququ da hamınındır.

Əgər bu gün biz qız uşağının məktəbdən çıxarılmasına göz yumuruqsa, sabah onun savadsızlığından, işsizliyindən, asılılığından və həyat imkanlarının məhdudluğundan şikayət etməyin mənası yoxdur. Çünki bəzən bir insanın gələcəyini dəyişən ən böyük hadisə aldığı diplom deyil, məktəbdən nə vaxt çıxarıldığıdır.

İndi məsələni başqa cür qoymağın vaxtıdır: qız uşağını məktəbdən kim çıxarırsa-çıxarsın, onun təhsilə qayıtmasına kim cavabdehdir?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 126   Tarix: 07 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniya kəşfiyyatının keçmiş rəhbəri casusluq ittihamı ilə həbs edilib

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Avqust Hanninq casusluq və dövlətə xəyanət ittihamları ilə həbs edilib. xəbər verir ki, bu barədə "Merkur.de" məlumat yayıb. Almaniya Federal Kriminal Polisi İdarəsinin əməkdaşları 80 yaşlı Hanninqi səhər saatlarında Münster yaxınlığındak

11:17 165
.

Çində təhsil alan azərbaycanlı tələbədən qürurverici addım - Video

Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzl

10:38 165
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

06.10.2026 426
.

Palandökendən dünyaya

Palandökendən dünyaya / Zəngəzur və Orta Dəhlizin yenidən formalaşdırdığı ticarət denklemində Ərzurumun əsas sınağı Palandöken Logistika Mərkəzini gözləyən bir obyektdən işlək ticarət bazasına çevirməkdir. Bir şəhərin iqtisadi gələcəyindən danışarkən bəzən kilometrləri, yolları, dəmir yollarını və layihələr

12:41 138
.

7 yaşlı oğlan sahildə insan dişləri tapdı - 300 illik sirr üzə çıxa bilər

Britaniyada 7 yaşlı oğlan sahildə insan dişləri tapıb. xəbər verir ki, People nəşrinin məlumatına görə, dişlər XVII əsrdə baş vermiş gəmi qəzasının qurbanlarına aid ola bilər. Yeddi yaşlı Artur bu qeyri-adi kəşfi 2025-ci ilin avqustunda Lizard Point sahilində edib. Polis dişlərin arxeoloji mənşəli olduğun

10:47 178
.

"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya

"Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri Auqust Hanninqlə bağlı aparılan istintaq çərçivəsində bir sıra xarici media resurslarında Azərbaycanın adının hallandırılması ilə yayılan məlumatlar dezinformasiya xarakteri daşıyır və son dövrlərdə Azərbaycana qarşı intensiv şəkild

11:00 0
.

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərar versə, İsrailin Londondakı səfirliyinin 27 diplomatı ölkədən çıxarılacaq. Bizim.Media xəbər verir ki, bu barədə Reuters dörd mənbəyə istinadən məlumat yayıb. İsrail sentyabrın 8-də Britaniyaya Şərqi Qüdsdəki konsulluğu 30 gün ərzind

06.10.2026 267
.

Keçmiş xanımı Tatlısəsin son durumunu açıqladı

Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız sənətçinin səhhətindən danışıb. Axşam.az xəbər verir ki, tədbirlərdən birinə qatılan Yıldız jurnalistlərin Tatlısesin son vəziyyəti ilə bağlı suallarını cavablandırıb. O, müğənninin müalicəsinin davam etdiyini bildirib. "Fikrimcə

06.10.2026 449
.

"Onsuz da ərə gedəcək": Qızların məktəbdən uzaqlaşdırılması niyə hələ də davam edir?

"Bir qız uşağı dördüncü, beşinci və ya altıncı sinfi oxuyur, daha sonra isə məktəbdən çıxarılır. Səbəb müxtəlif ola bilər: "Qız uşağıdır, onsuz da ərə gedəcək", "evdə iş çoxdur", "uzağa getməsin", "oxumağın nə mənası var, "ailənin maddi imkanı yoxdur"

14:39 113
.