Canavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf
Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanları uzaqlaşdırmaq üçün tonqal qalayırlar. Lakin yeni elmi araşdırma göstərir ki, bu təsəvvür bütün yırtıcılara aid deyil.
"SwampDonkey Solutions" ekoloji konsaltinq şirkətinin alimləri Kanadanın Britaniya Kolumbiyası əyalətinin şimal-şərqində yaşayan canavarların meşə yanğınlarına yaxınlaşmağa meyilli olduqlarını müəyyən ediblər. Tədqiqatçılar ehtimal edirlər ki, canavarlar yanğın zamanı digər heyvanların qaçmasından ov üçün əlverişli fürsət kimi istifadə edə bilərlər.
Canavarlar alovun yaxınlığında necə ov edirlər?
Araşdırmaya əsasən, meşə yanğınları zamanı sığın, maral və qunduz kimi heyvanlar təhlükəli ərazilərdən uzaqlaşmağa çalışırlar. Canavarlar isə bu vəziyyətdən yararlanaraq onların hərəkət istiqamətlərini izləyə bilirlər.
"SwampDonkey Solutions" şirkətinin təsisçisi, ekoloq Cessi Tiqner bildirib ki, canavarlar bəzən yanğınların kənarları boyunca gizlicə hərəkət edərək qaçan heyvanları tutmağa çalışırlar. Digər hallarda isə onlar yanğından sonra ərazidə qalan, alovun toxunmadığı sahələrə qayıdaraq ovlarını izləyirlər. Alimlərin fikrincə, bu davranış canavarların dəyişən təbii şəraitə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirir.
Canavarlar niyə oddan qaçmırlar?
Tədqiqatçılar hesab edirlər ki, canavarlar yanğınlara yaxınlaşarkən potensial təhlükə ilə əldə edə biləcəkləri faydanı müqayisə edirlər. Müşahidələr zamanı onların dəfələrlə aktiv yanğınların yaxınlığındakı əraziləri seçdikləri müəyyən edilib. Bu davranış xüsusilə uzun müddət davam edən meşə yanğınları zamanı daha çox qeydə alınıb.
Alimlər bildirirlər ki, canavarların belə davranması onların yanğınları yalnız təhlükə kimi deyil, həm də mümkün ov fürsəti kimi qiymətləndirməsi ilə bağlı ola bilər. Bununla belə, araşdırma zamanı canavarların yanğınlar sayəsində daha uğurlu ov etdikləri qəti şəkildə sübut olunmayıb. Mütəxəssislər meşə yanğınlarının canavarların ov uğuruna, onların ovladıqları heyvanların davranışına və yırtıcıların sağ qalma ehtimalına təsirini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar. Sözügedən araşdırma zamanı yanğın nəticəsində ölən canavar qeydə alınmayıb.
Canavarların meşə ekosisteminə başqa bir faydası da aşkarlanıb
Alimlər daha əvvəl canavarların meşələrdə qaragilə bitkisinin yayılmasına da kömək edə bildiklərini müəyyən ediblər. Araşdırma zamanı məlum olub ki, canavarların həzm sistemindən keçən qaragilə toxumları birbaşa meyvələrdən götürülən toxumlarla müqayisədə daha tez və daha yüksək faizlə cücərir.
Tədqiqatçılar iki il ərzində əsasən həzm olunmuş giləmeyvə qalıqları olan beş təzə canavar nəcis nümunəsi toplayıblar. Nümunələr üç-dörd həftə qurudulub, daha sonra dondurulub. Bir neçə aydan sonra onların tərkibindən yabanı qaragilə toxumları çıxarılıb.
Nəticələr maraqlı olub. Canavarların həzm sistemindən keçən 802 toxumun 96 faizi cücərib. Birbaşa meyvələrdən götürülən 484 toxumda isə bu göstərici 69 faiz təşkil edib. Alimlər hesab edirlər ki, bu nəticələr canavarların yalnız yırtıcı kimi deyil, həm də bitkilərin yayılmasına kömək edən heyvanlar kimi meşə ekosistemində mühüm rol oynadığını göstərir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









