"Dövlət uşağa verilən dəstəyi xərc kimi deyil, gələcəyin iqtisadiyyatına qoyulan sərmayə kimi görməlidir" - Vahid Mustafayev

"Dövlət uşağa verilən dəstəyi xərc kimi deyil, gələcəyin iqtisadiyyatına qoyulan sərmayə kimi görməlidir" - Vahid MustafayevAzərbaycanda qəribə bir ənənə formalaşıb. Ölkədə hansısa ciddi sosial problem ortaya çıxan kimi hamı danışmağa başlayır - deputatlar danışır, jurnalistlər təkrarlayır, ekspertlər rəy bildirir, sosial şəbəkələr pıçıldaşır. Bir neçə gün ərzində televiziya efirləri "narahatıq", "düşünməliyik", "araşdırılmalıdır" tipli cümlələrlə dolur. Sonra isə hər şey sakitləşir. Problem digəri ilə əvəzlənir. Və hər şey yenidən başlayır.

Uşaq pulu məsələsi də illərdir belədir. Bu mövzu Azərbaycan cəmiyyətində artıq sosial məsələdən çox psixoloji gərginliyə çevrilib. Çünki vətəndaş anlamır: əgər dünyanın böyük hissəsində dövlət uşağı strateji sərvət hesab edirsə, niyə Azərbaycan bu məsələyə sanki əlavə yük kimi baxır? Ən maraqlısı isə budur ki, mübahisə edən tərəflərin heç biri real təklif və ya model təqdim etmir.

Bir tərəf deyir - Hamıya uşaq pulu verilsin! Digər tərəf isə dərhal cavab verir - Büdcə çatmaz! İnsanlar işləməz! Asılılıq yaranar! Pulu yoxdursa, niyə uşaq dünyaya gətirir? Və müzakirə burada bitir. Sanki söhbət dövlətdən yox, zərərdə olan hansısa özəl şirkətin maliyyə iclasından gedir.

Halbuki dövlət biznes layihəsi deyil. Şirkət gəlir üçün yaşayır. Dövlət isə insan üçün. Şirkət zərər edən filialını ləğv edə bilər. Dövlət isə öz vətəndaşını ləğv edə bilməz. Məsələ məhz burada başlayır.

HÖKUMƏT NİYƏ QORXUR?

Ədalətli olmaq lazımdır. Dövlətin də öz arqumentləri var. Azərbaycanda 14 yaşına çatmamış 2 milyondan çox uşaq var. Dövlət hər birinə ayda 100 AZN müavinat versə, bu, büdcəyə ayda 200 milyon AZN, ildə isə 2,5 milyard çox vəsaitə başa gələcək. Üstəlik hökumət qorxur ki - insanlar uşaq pulu üçün sistemdən istifadə edər (korrupsiya və digər saxta müavinatlar), əmək bazarında passivlik yaranar, dövlət daimi ağır öhdəlik altına girər.

Bu qorxuların müəyyən iqtisadi əsası var. Amma problem ondadır ki, Azərbaycan uzun illərdir bu məsələni yalnız xərc kimi hesablayır. Heç bu məsələ ilə bağlı digər vacib sualı vermir:

Bəs uşaq pulunun verilməməsinin qiyməti nə qədərdir?

Bəli, uşaq pulunun verilməməsinin də qiyməti var:

- Demoqrafik geriləmə, ailələrin dağılması, doğum səviyyəsinin azalması,

- Kölgə iqtisadiyyatının böyüməsi, rəsmi maaşların gizlədilməsi,

- Sosial aqressiya, gənclərin ölkədən getməsi və nəticə olaraq ölkənin sürətlə qocalması.

Və bunların hər biri gələcəkdə dövlətə bu gün qənaət etdiyi vəsaitdən qat-qat baha başa gələ bilər. Dövlət gərək qənaət etdiyini düşündüyü yerdə gələcəyini itirməsin.

DÜNYA NİYƏ UŞAQ PULU VERİR?

Bu gün Almaniya, İsveç, Norveç, Fransa, Yaponiya və hətta doğum böhranı yaşayan Cənubi Koreya uşağa dövlət dəstəyi verir. Bəziləri bunu sosializm hesab edir. Əslində isə bu, çox sərt dövlətçilikdir. Çünki həmin ölkələr anlayır - Neft tükənir, qızıl azalır, şirkətlər müflisləşir, siyasi ittifaqlar dəyişir. Amma dövlətin gələcəyinə ümid verən yeganə resurs daim yaşayır - o da uşaqdır. Məsələnin ironiyası ondadır ki, dünyanın ən kapitalist iqtisadiyyatları belə bu həqiqəti anlayıb.

Çünki müasir dövlətlər artıq uşağa "xərc" kimi yox, gələcəyin vergi ödəyicisi, alimi, mühəndisi, müəllimi, həkimi və bu dövləti düşmənlərdən qoruyan əsgəri kimi baxırlar. Bir uşaq bəzən gələcəkdə on illərlə dövlət büdcəsini dolduracaq iqtisadi subyektə çevrilir. Bir uşaq bəzən gələcəkdə Şərqdə ilk Azərbaycan Demokratik Respublikasını yaradan Məhəmməd Əmin Rəsulzadə olur. Digəri ölkəni min bir sınaqdan çıxararaq müasir dövlətə çevirən Heydər Əliyev olur. Onun övladı İlham Əliyev isə minlərlə digər Azərbaycan ailəsinin böyütdüyü övladlarla birlikdə itirilmiş torpaqları geri qaytarır.

Bəs Lüdviq van Betxoven, Viktor Hüqo, Mixail Lomonosov, Çarli Çaplin və Hacı Zeynalabdin Tağıyev? Tarix göstərir ki, dahilər adətən saraylarda yox, həyatın çətinlikləri içində yetişirlər. Dövlət isə məhz ona görə dövlət adlanır ki, gələcəyin Tağıyevini, Rəsulzadəsini, Əliyevini onların Vətənə verəçəklərini bugünkü imkanları ilə ölçməsin. Bu səbəbdən inkişaf etmiş ölkələr uşağa verilən dəstəyi sədəqə kimi yox, strateji sərmayə kimi qəbul edirlər.

AZƏRBAYCANDAKI ƏSAS PROBLEM NƏDİR?

Azərbaycanın bu günkü problemi sosializmdən kapitalizmə keçid deyil. Problem daha dərindir. Niyəsə çoxları kapitalizmi dövlət modeli kimi deyil, biznes layihəsi kimi başa düşür. Bu yanlış yanaşmanın dərinləşdiyi modeldə:

* vətəndaş "insan" yox, "xərc və ya qazanc maddəsi" olur;

* sosial siyasət "sərmayə" yox, "ziyan" kimi görünür;

* uşaq isə gələcəyin resursu yox, əlavə maliyyə problemi hesab edilir.

Bu səbəbdən bəzən efirlərdə və ya sosial şəbəkələrdə çox təhlükəli fikirlər səslənir: "Pulun yoxdur, niyə uşaq dünyaya gətirirsən?" Bu fikri səsləndirənlər bəlkə də iqtisadi məntiqə əsaslandıqlarını düşünürlər. Lakin dövlətçilik yalnız iqtisadi məntiqdən ibarət deyil.

Dövlətin vəzifəsi yalnız gəlir və xərcləri hesablamaq yox, həm də cəmiyyətin gələcəyini qorumaqdır. Çünki belə çıxır ki, yalnız imkanlı insanların uşaq sahibi olmaq hüququ var. Bəs adi insanlar sevib sevilə bilmz? Ailə qura bilməz? Həyata uşaq gətirə bilməz? Yəni yoxsul ailənin gələcək yaratmaq haqqı yoxdur? Bəs Lüdviq van Betxoven, Viktor Hüqo, Mixail Lomonosov, Çarli Çaplin və Hacı Zeynalabdin Tağıyev?

Tarix göstərir ki, dahilər adətən yoxsul ailələrdən çıxırlar. Bu artıq sosial məsələ deyil. Bu, dövlətin öz vətəndaşı ilə münasibət fəlsəfəsidir. Əgər dövlət yalnız iqtisadi səmərəliliklə düşünəcəksə, onda sabah yaşlı insan da, əlil və xəstə vətəndaşlarımız da "səmərəsiz yük" hesab edilə bilər. Halbuki dövlətin mahiyyəti məhz zəifi qorumaqdır. Yoxsa dövlətlə baqqal dükanı arasında fərq qalmaz.

BƏS ÇIXIŞ YOLU NƏDİR?

Dünyada ciddi ziyalılar və ekspertlər artıq "uşaq pulu verilsinmi?" sualını yox, "necə verilsin ki, həm ailəyə kömək etsin, həm dövlət büdcəsini dağıtmasın?" sualını müzakirə edirlər. Məsələ "hamıya pul paylamaq" deyil. Məsələ ağıllı sosial model qurmaqdır. Və əslində bunun üçün elə də fantastik büdcələr lazım deyil. Aşağıdakı təkliflər də məhz bu məntiqdən doğur.

Gəlirə görə diferensial system

Unutmaq lazım deyil ki, belə proqramlarda dövlət birbaşa pul yox, ağıllı sosial dəstək modeli yaratmalıdır. Yəni dövlət sadəcə pul paylamır, ailənin yükünü azaldır. Bu çox mühüm fərqdir. Məsələn:

- aylıq gəliri, aktivləri və əmanətləri yüksək olan ailələrə uşaq pulu verilməyə bilər;

- dəstək əsasən gəliri müəyyən səviyyədən aşağı olan ailələrə yönəldilə bilər.

Xarici ölkələrdə bunun adı Means-Tested Benefit - yəni "yoxlanılmış dəstək" modelidir. Bu həm büdcəni qoruyar, həm də sosial ədaləti təmin edər. Axı uşaq pulu imkanlı vətəndaşın deyil, dövlət dəstəyinə ehtiyacı olan ailənin haqqıdır.

2. Vergi güzəşti modeli

Mən ən maraqlı çıxış yollarından birini məhz bunda görürəm. Uşaqlı ailələr maaşlarından tutulan gəlir vergisinin müəyyən hissəsindən azad edilə bilər. Məsələn:

- 1 uşağa görə 25%;

- 2 uşağa görə 40%;

- 3 uşağa görə 60%;

- 4 və daha çox uşağa görə daha böyük güzəştlər.

Beləliklə - vətəndaş real dəstək alır, insanlar maaşlarını gizlətməyə maraqlı olmur, dövlət böyük birbaşa xərc çəkmir, kölgə iqtisadiyyatı azalır, rəsmi əmək bazarı böyüyür. Bu artıq sosial yardımla yanaşı iqtisadiyyatın leqallaşdırılması modeli kimi də qəbul oluna bilər.

3. Müvəqqəti işsiz ailə dəstəyi

İşsiz valideynlərə minimum əmək haqqının müəyyən hissəsi qədər müvəqqəti uşaq dəstəyi verilə bilər. Amma paralel olaraq:

- dövlət həmin ailəni işlə təmin etməli;

- peşəsi olmayan vətəndaşlar üçün peşə hazırlığı proqramları yaratmalı;

- dəstəyi mərhələli şəkildə azaltmalıdır.

Nəticə olaraq:

- vətəndaş küçədə qalmır və sosial sistemə qoşulmağa motivasiya edilir,

- sistem daimi asılılıq yaratmır, vətəndaşlar dövlətin ehtiyacı olan peşələri öyrənirlər,

- maaşlar zərfdə alınmır - real əmək haqqı gizlədilmir,

- ən əsası isə sosial fondlar zərər görmür.

4. Puldan daha vacib olan sosial paketlər

Müasir dünyada ailəyə dəstək təkcə pul deyil. Müxtəlif sosial paketlər bəzi hallarda imkansız ailələrə real dəstək olur:

- ictimai nəqliyyatda güzəştlər (məktəbli kartları və ailə kartları),

- pulsuz dövlət səhiyyəsi (pulsuz peyvənd, pulsuz pediatr xidməti, uşaqlar üçün həyati vacib dərman təminatı),

- pulsuz dövlət təhsili (pulsuz kitablar, məktəb ləvazimatı);

- üçüncü və sonrakı uşaqlara əlavə demoqrafik bonuslar (çoxuşaqlı ailələr üçün ipoteka üstünlükləri və aşağı faizli kreditlər).

Bunlar dövlət üçün daha ucuz, ailə üçün isə effektiv mexanizmlərdir.

ƏSAS MƏSƏLƏ NƏDİR?

Əsas məsələ budur ki, dövlət uşağı problem kimi görməsin. Çünki tarix göstərir: əhalisini zəiflədən dövlətlər sonda iqtisadiyyatını da itirirlər. Bu gün Avropa, ABŞ, Rusiya, Yaponiya və bir çox digər ölkələr demoqrafik böhran yaşayırlar. Gənclər gec evlənirlər. Daha az uşaq sahibi olurlar. Bəzən isə ümumiyyətlə ailə qurmaqdan imtina edirlər.

Bu, yalnız bir iqtisadi sistemin deyil, müasir urbanizasiya, istehlak cəmiyyəti və həyat bahalaşmasının yaratdığı qlobal demoqrafik böhrandır. Azərbaycan da sürətlə bu istiqamətdə gedir. Lakin bu problem bu gün həll olunarsa, gələcək üçün ciddi təminat yarada bilər.

Əgər dövlət bu gün bir avtomobil yolunun tikintisini gələcəyə sərmayə hesab edirsə, niyə gələcəyin müəllimini, həkimini, mühəndisini və əsgərini böyüdən ailəyə verilən dəstək sərmayə hesab olunmur?Axı tikilən yoların yolçuları məhz İnsanlardır. İnsan isə uşaqdan başlayır.

VƏ ƏN SONDA...

Bir daha təkrarlamaq istəyirəm - Dövlətin ən böyük sərvəti neft deyil - o tükənir. Qızıl deyil - o satılır. Şirkətlər deyil - onlar müflisləşə bilir. Siyasi ittifaqlar deyil - onlar dəyişir. Dövlətin ən böyük sərvəti insandır. İnsanın ən böyük davamı isə uşaqlardır.

Dövlət uşağa verilən dəstəyi xərc kimi deyil, gələcəyin iqtisadiyyatına qoyulan sərmayə kimi görməlidir. Bu məqalədə mən "uşaq pulu"nu sovet tipli sosializm kimi yox, dövlətlə vətəndaş arasında strateji müqavilə kimi təqdim edirəm. Biznes layihəsində zərər edən filial ləğv oluna bilər. Amma dövlət öz vətəndaşını ləğv edə bilməz. Çünki dövlətin əsas məqsədi mənfəət deyil. Davamlılıqdır.

Vahid Mustafayev

ANS-in prezidenti


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 30 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Görünüşcə Məhəbbət Kazımova bənzəyən qardaşı vəfat etdi

Mərhum Əməkdar artist Məhəbbət Kazımovun qardaşı vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, Qənimət Kazımov xəstəlik səbəbindən dünyasını dəyişib. Q.Kazımov xarici görünüşünə görə mərhum sənətkarı xatırladırdı. Qeyd edək ki, Kazımovlar ailəsində 8 bacı və 4 qardaş olub. Məhəbbət Kazımov 2014-c

29.05.2026 365
.

Azərbaycan neftinin qiyməti düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2.56 ABŞ dolları və ya 2.55% azalaraq 98.01 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 100.57 ABŞ dolları olub

11:45 109
.

1991-ci ildə yaradılan qapalı dünyada oksigen niyə yoxa çıxdı?

1991-ci ildə səkkiz nəfər ABŞ-ın Arizona səhrasında yerləşən hermetik şüşə konstruksiyaya daxil olaraq tam izolyasiya olunmuş ekosistemdə iki il yaşamağa başlayıb. Lakin zamanla bu "qapalı dünya"da oksigen səviyyəsi tədricən azalıb. Qaynarinfo "Space Daily" nəşrinə istinadən xəbə

29.05.2026 251
.

Külək nəticəsində Bakıda 41 ağac sınıb - FOTO

Dünəndən əsən şiddətli külək nəticəsində Bakı şəhərində 41 ağac, 64 ağac budağı sınıb. Yaşıllaşdırma Təsərrüfat Birliyindən BİG.AZ-a verilən xəbərə görə, birliyin briqadaları səhərə qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər. [hh4-unikal]

12:34 105
.

Fransa Avropanın Ukrayna üzrə danışıqlarda tərəf kimi iştirakını istəyir

Avropa Ukrayna ilə bağlı mümkün sülh danışıqlarında vasitəçi deyil, tamhüquqlu tərəf kimi iştirak etmək niyyətindədir. APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavrö brifinqdə bildirib. "Avropa yalnız vasitəçi deyil, danışıqların tərəflərindən bir

28.05.2026 322
.

"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib. -ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb

29.05.2026 444
.

ABŞ-dən KRİTİK QƏRAR: Vaşinqton bəzi ölkələrin müdafiəsinə pul xərcləməyəcək

"ABŞ bundan sonra varlı dövlətlərin müdafiə xərclərini öz üzərinə götürməyəcək". xəbər verir ki, bunu ABŞ hərb naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxış edərkən bildirib. "ABŞ-nin zəngin ölkələrin müdafiəsini subsidiyalaşdırdığ

12:15 102
.

Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Qaynarinfo "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyü

29.05.2026 269
.

Attraksionda nasazlıq - Havada başıaşağı asılı qaldılar+Video

Türkiyənin İzmir şəhərində parkdakı attraksionlardan birində nasazlıq yaranıb. "Qafqazinfo" xəbər verir ki, hərəkətdə olan attraksion qəflətən dayanıb. Bu səbəbdən attraksiondakı şəxslər metrlərlə hündürlükdə, başıaşağı vəziyyətdə havadan asılı qalıblar. Operativ müdaxilədən sonra nasazlı

29.05.2026 304
.

TOP MP3