Mənzil bazarında yeni bahalaşma dalğası: Qiymətlər niyə artır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda mənzil bazarında bahalaşma davam edir. Dövlət Statistika Komitəsinin son məlumatları da göstərir ki, həm ilkin, həm də təkrar mənzil bazarında qiymətlər artım trendini qoruyub saxlayır. Bazarda müşahidə olunan bu dinamika həm ev almaq istəyən vətəndaşları, həm də investisiya məqsədilə daşınmaz əmlaka üz tutanları düşündürür.
Bəs qiymətlərin yenidən yüksəlməsinin əsas səbəbləri nələrdir? Tikinti xərclərinin artması, təklifin tələbi tam ödəyə bilməməsi, yoxsa digər iqtisadi amillər bazara təsir göstərir?
Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, mənzil bazarında müşahidə olunan qiymət artımı təsadüfi və ya qısamüddətli proses deyil. Onun sözlərinə görə, bu, makroiqtisadi, demoqrafik və bazar amillərinin eyni vaxtda təsiri nəticəsində formalaşan kompleks tendensiyadır: "İlk növbədə, ölkədə urbanizasiya prosesinin sürətlənməsi və əhalinin xüsusilə Bakı və ətraf ərazilərdə cəmləşməsi mənzilə olan tələbi artırır. Tələb artdıqca isə bazarda qiymətlərə yüksələn təzyiq yaranır.
İkinci mühüm amil tikinti sektorunda maya dəyərinin artmasıdır. Tikinti materiallarının bahalaşması, logistika xərcləri, əməkhaqlarının yüksəlməsi və maliyyələşmə xərclərinin artması yeni layihələrin dəyərinə birbaşa təsir göstərir. Bu isə ilkin bazarda satış qiymətlərinin yüksəlməsinə səbəb olur və sonradan təkrar bazara da ötürülür.
Digər vacib faktor ipoteka və mənzil maliyyələşdirmə mexanizmlərinin bazara təsiridir. Maliyyələşmə imkanlarının genişlənməsi alıcılıq qabiliyyətini artırır və nəticədə tələb daha da güclənir. Tələbin təklifdən daha sürətlə artdığı şəraitdə qiymət artımı iqtisadi baxımdan gözlənilən nəticə hesab olunur.
Bundan əlavə, daşınmaz əmlak Azərbaycanda hələ də ən etibarlı investisiya alətlərindən biri kimi qəbul edilir. İnflyasiya risklərindən qorunmaq istəyən investorlar kapitalını mənzil bazarına yönəldirlər. İnvestisiya məqsədli alışların artması da qiymətlərin yüksəlməsinə təsir göstərən əsas amillərdəndir.
Bazarın digər xüsusiyyəti keyfiyyətli və hüquqi cəhətdən problemsiz mənzillərə tələbin daha yüksək olmasıdır. Çıxarışlı, tam sənədli, əlverişli lokasiyada yerləşən və inkişaf etmiş infrastruktura malik yaşayış komplekslərində qiymət artımı ümumi bazar göstəricilərindən daha yüksək templə müşahidə olunur.
Mənim nəticələrimə görə, yaxın perspektivdə bazarda kəskin qiymət enişi gözlənilmir. Əksinə, iqtisadi sabitlik, tikinti xərclərinin yüksək qalması, şəhərləşmənin davam etməsi və investisiya tələbi qiymətlərin mərhələli şəkildə artımını dəstəkləyən əsas amillər olaraq qalacaq. Bununla belə, artım tempi bazarın ayrı-ayrı seqmentlərində fərqli ola bilər. Premium, biznes və kütləvi yaşayış seqmentləri müxtəlif iqtisadi faktorların təsiri altında fərqli dinamika nümayiş etdirəcək.
Nəticə etibarilə, Dövlət Statistika Komitəsinin açıqladığı artım göstəriciləri bazarda müşahidə olunan real iqtisadi proseslərlə uzlaşır və mövcud şəraitdə mənzil qiymətlərinin yüksəlməsi əsasən tələb, tikinti maya dəyəri, investisiya axını və maliyyələşmə imkanlarının birgə təsiri ilə izah olunur".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş





