Lift xarabdır, 15-ci mərtəbədə yaşayırsan - Yeni binaların köhnə problemləri - ARAŞDIRMA

Lift xarabdır, 15-ci mərtəbədə yaşayırsan - Yeni binaların köhnə problemləri - ARAŞDIRMASəhər evdən çıxmağa hazırlaşırsan. Qapını bağlayıb liftin düyməsini basırsan. Gözləyirsən. Bir də basırsan. Yenə səs gəlmir. Pilləkən meydançasındakı ekrana baxanda hər şey aydın olur: lift işləmir. Əgər ikinci, üçüncü mərtəbədə yaşayırsansa, bunu kiçik narahatlıq sayıb pilləkənlə düşmək olar. Bəs evin 15-ci, 18-ci, yaxud 20-ci mərtəbədədirsə?

Lent.az bu mövzu ilə bağlı araşdırmanı təqdim edir:

Son illər çoxmərtəbəli yaşayış binalarının sayı artdıqca lift sadəcə rahatlıq vasitəsi olmaqdan çıxıb. Hündürmərtəbəli binada yaşayan insan üçün lift evin suyu, işığı qədər gündəlik həyatın bir hissəsidir. Xüsusilə yaşlılar, azyaşlı uşağı olan valideynlər, əlilliyi olan və hərəkət imkanları məhdud şəxslər üçün onun işləməməsi bəzən mənzildən çıxa bilməmək deməkdir.

Təsəvvür edin, 17-ci mərtəbədə yaşayan ana körpəsini həkimə aparmalıdır. Bir əlində uşaq, yanında uşaq arabası, çantası... Lift işləmir. Yaxud 14-cü mərtəbədə yaşayan 75 yaşlı kişi dərman almaq üçün aptekə getməlidir. Sağlam gəncin bir qədər yorularaq həll etdiyi məsələ başqa biri üçün ciddi maneəyə çevrilir. Ən ağır vəziyyət isə təcili tibbi yardıma ehtiyac yarananda ortaya çıxa bilər.

Məsələnin qəribə tərəfi odur ki, söhbət köhnə binalardan getmir. Bəzən mənzillərin yüz minlərlə manata satıldığı, girişində mühafizəçinin dayandığı, foyesi bahalı materiallarla bəzədilmiş yeni yaşayış komplekslərində də sakin liftin nə vaxt işləyəcəyini öyrənmək üçün komendantın arxasınca düşməli olur. Cavablar isə adətən oxşardır: "Usta çağırılıb", "ehtiyat hissəsi gözlənilir", "bu gün düzələcək". O "bu gün" bəzən sabaha, sabah isə bir neçə günə çevrilir.

Halbuki lift çoxmənzilli binada hansısa əlavə xidmət deyil. Azərbaycan qanunvericiliyində lift və lift şaxtaları çoxmənzilli binanın ümumi əmlakının tərkib hissəsi hesab olunur. Yəni hündürmərtəbəli binada liftin işlək və təhlükəsiz saxlanılması sakin üçün edilən yaxşılıq kimi təqdim edilə bilməz. Bu, binanın normal istismarının bir hissəsidir.

Üstəlik, yeni tikililərdə yaşayan sakinlərin böyük hissəsi hər ay xidmət haqqı ödəyir. Məbləğ binadan və yaşayış kompleksindən asılı olaraq dəyişir. Bu pulun qarşılığında sakin təmizlik, mühafizə, ümumi sahələrin işıqlandırılması və digər xidmətlərlə yanaşı, binanın texniki təsərrüfatının normal saxlanılmasını da gözləyir. Buna görə lift günlərlə işləməyəndə ortaya sadə, amma haqlı sual çıxır: sakin hər ay pul ödəyirsə, niyə nasazlığın aradan qaldırılması üçün günlərlə gözləməlidir?

Burada başqa bir problem də var. Sakinlərin neçəsi öz binasındakı liftə sonuncu dəfə nə vaxt texniki baxış keçirildiyini bilir? Liftə hansı şirkət xidmət göstərir? Növbəti yoxlama nə vaxtdır? Qəza baş verdikdə kim cavabdehdir? Liftin istismar müddəti və texniki vəziyyəti barədə məlumat sakin üçün əlçatandırmı?

Çox vaxt bu suallar lift xarab olana qədər heç kimin yadına düşmür. Əslində mexanizm həmişə bir anda sıradan çıxmır. Lift hərəkət edərkən silkələnirsə, mərtəbədə düzgün dayanmırsa, qapıları problemli açılıb-bağlanırsa, qeyri-adi səslər gəlirsə, bunlar diqqətdən kənarda saxlanılmamalıdır. Ən ciddi məsələ də elə budur: çoxmərtəbəli binada yaşayan insanın təhlükəsizliyi ümidə və təsadüfə buraxılmamalıdır. Lift işləyirsə, bu, onun tam təhlükəsiz olması demək deyil. Sakin hər dəfə kabinəyə daxil olanda texniki sistemin saz olduğuna əmin olmalıdır.

Yeni tikililərdə əsas problemlərdən biri məsuliyyətin konkret ünvanının sakin üçün aydın olmamasıdır. Mənzil satılarkən sürətli lift, mühafizə, yeraltı dayanacaq, abad həyət kimi üstünlüklər ön plana çıxarılır. Bir neçə ildən sonra isə daha vacib məsələlər ortaya çıxır: liftə vaxtında texniki qulluq göstərilirmi, nasazlıq baş verdikdə nə qədər müddətə aradan qaldırılmalıdır, ehtiyat hissələri mövcuddurmu, qəza zamanı sakin kimə müraciət etməlidir?

Bəzən problem yalnız liftin bir neçə saat və ya gün işləməməsi ilə yekunlaşmır. Kabinədə qalan insan üçün hər dəqiqə ciddi narahatlıq yarada bilər. Xüsusilə gecə saatlarında belə hadisə baş verdikdə operativ yardımın olub-olmaması həyati əhəmiyyət daşıyır. Buna görə hər çoxmərtəbəli binada liftlə bağlı gecə-gündüz işləyən çağırış sistemi və nasazlığa qısa müddətdə müdaxilə edə biləcək texniki xidmət olmalıdır. Kabinədəki çağırış düyməsinin sadəcə görüntü üçün deyil, real olaraq işlək vəziyyətdə saxlanılması vacibdir.

Problemin həllini lift xarab olduqdan sonra usta axtarmaqda görmək düzgün deyil. Əsas məqsəd qəza baş verməmiş nasazlığı aşkar etmək olmalıdır. Bunun üçün liftlər müəyyən edilmiş dövrlərdə texniki yoxlamadan keçirilməli, nəticələr sənədləşdirilməli və bu məlumatlar sakinlər üçün əlçatan olmalıdır. Binanın girişində və ya sakinlərin istifadə etdiyi elektron sistemdə son texniki baxışın tarixi, növbəti yoxlamanın vaxtı və qəza zamanı əlaqə saxlanılacaq xidmətin nömrəsi göstərilə bilər.

Digər vacib məsələ ehtiyat lift sistemidir. Onlarla mərtəbəsi və yüzlərlə sakini olan binanın bütün yükünün bir liftin üzərinə düşməsi ciddi risk yaradır. Liftlərdən biri sıradan çıxdıqda digərlərinin normal işləməsi, xüsusilə yaşlıların, azyaşlı uşağı olan valideynlərin və hərəkət imkanları məhdud şəxslərin binadan çıxışının təmin edilməsi əvvəlcədən nəzərə alınmalıdır.

Nasazlığın aradan qaldırılması üçün də konkret vaxt çərçivəsinin olması vacibdir. "Usta gələcək", "ehtiyat hissəsi gözlənilir", "tezliklə düzələcək" kimi qeyri-müəyyən cavablar günlərlə davam etməməlidir. Sakinə problemin səbəbi, görülən iş və liftin təxminən nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilməlidir. Təmir uzun çəkirsə, bunun səbəbi də açıqlanmalıdır.

Məsələnin sosial tərəfi isə daha həssasdır. Liftin iki gün işləməməsi sağlam və gənc insan üçün yorucu pilləkən yolu deməkdirsə, əlil arabasından istifadə edən şəxs üçün iki gün evdən çıxa bilməmək demək ola bilər. Yaşlı insan üçün 17 mərtəbəni qalxıb-enmək ciddi çətinlik, körpəli valideyn üçün isə gündəlik həyatın pozulmasıdır. Buna görə hündürmərtəbəli binaların idarə olunmasında lift sadəcə texniki avadanlıq deyil, insanların evlərinə maneəsiz giriş-çıxışını təmin edən əsas vasitələrdən biri kimi qəbul edilməlidir.

Çıxış yolu əslində mürəkkəb deyil: müntəzəm texniki nəzarət, işlək qəza çağırış sistemi, operativ müdaxilə xidməti, ehtiyat hissələrinin vaxtında təmin edilməsi, görülən işlər barədə sakinlərə açıq məlumat verilməsi və təhlükəli liftin nasazlıq tam aradan qaldırılana qədər istifadədən çıxarılması. Bununla yanaşı, sakinlərin ödədiyi aylıq xidmət haqqının hansı işlərə sərf edildiyi də daha şəffaf göstərilə bilər. İnsan hər ay binanın saxlanılması üçün pul ödəyirsə, ən azı liftlərin texniki xidmətinə nə qədər vəsait ayrıldığını və hansı işlərin görüldüyünü bilmək imkanına sahib olmalıdır.

Yeni binanın fasadı gözəl, həyəti abad, foyesi mərmər və işıqlı ola bilər. Amma yuxarı mərtəbədə yaşayan yaşlı insan lift işləmədiyi üçün evindən çıxa bilmirsə, bütün bu görüntü öz əhəmiyyətini itirir. Çünki çoxmərtəbəli binada lift lüks deyil. Gündəlik həyatın, əlçatanlığın və ən əsası təhlükəsizliyin bir hissəsidir. Problemin həlli də qəza baş verəndən sonra deyil, qəza baş verməmişdən əvvəl başlamalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 737   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 187
.

Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə

29.09.2026 168
.

İrandan nüvə müqaviləsi ilə bağlı mühüm açıqlama

İran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaq imkanlarını araşdırır. xəbər verir ki, bunu İran parlamentinin birinci müavini Əli Nikzad bildirib. "Parlament NSYM-dən çıxmaq üçün üç bənddən ibarət plan layihəsini araşdıracaq", - deyə o bildirib. Nikzadın sözlərinə görə

29.09.2026 158
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29.09.2026 218
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29.09.2026 197
.

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi

Müğənni Damla oğlu İbrahimi Amerikaya yola salıb. Axşam.az xəbər verir ki, sənətçi həmin anları əks etdirən video yayımlayıb. Oğlu ilə birlikdə səfər edə bilməyən Damla ona uğurlar arzulayıb:. "Mənim ağıllı, yaraşıqlı oğlum, bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkə

29.09.2026 278
.

"Reuters"in müxbiri Kiyevdə partlayış səsləri eşidildiyini bildirib

Reuters-in müxbiri bildirib ki, Rusiya müharibənin beşinci ilində ölkəyə qarşı demək olar ki, gündəlik hücumlarını davam etdirdiyi bir vaxtda, çərşənbə axşamı səhər Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Kiyev meri Vitali Kliçko Telegram-d

29.09.2026 190
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 143
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29.09.2026 322
.