İllərlə işləyir, amma pensiya ala bilmir - 220 manatlıq müavinətin səbəbi AÇIQLANDI
Azərbaycanda müəyyən kateqoriyalara aid şəxslərə sosial yardım məqsədilə aylıq və birdəfəlik müavinətlər ödənilir. Müavinətlərin təyin olunması və ödənilməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir.
Sosial müavinət almaq hüququ Azərbaycan vətəndaşları ilə yanaşı, beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, ölkə ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur. Dövlət qulluqçularına ömürlük müavinət bu qaydadan istisnadır.
Qanunvericilikdə əmək qabiliyyətli olmayan şəxslər sırasında əlilliyi olan şəxslər, əmək pensiyası üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslər, eləcə də vəfat etmiş şəxsin müəyyən kateqoriyaya aid övladları nəzərdə tutulur.
Bəs aylıq müavinət əhalinin ehtiyacı olan kəsiminin nə qədərinə çatır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Asif İbrahimov bildirib ki, Azərbaycanda sosial müavinətlər məsələsinə yalnız dövlətin müəyyən kateqoriyalara nə qədər vəsait ödəməsi prizmasından baxmaq kifayət deyil:
"Burada daha fundamental məsələ var: niyə əmək fəaliyyəti göstərmiş və pensiya yaşına çatmış insanların bir hissəsi əmək pensiyası hüququ qazana bilmir və nəticədə sosial müavinət sisteminə keçir? Mövcud qanunvericiliyə görə, yaşa görə əmək pensiyası hüququ üçün iki əsas mexanizm nəzərdə tutulur. Şəxsin fərdi hesabında qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğində pensiya təminatına imkan verirsə, sığorta stajından asılı olmayaraq pensiya təyin edilir. Kapital bu imkanı yaratmırsa, müəyyən edilmiş sığorta stajı tələbi tətbiq olunur. 2026-cı ildə minimum əmək pensiyası 320 manatdır. Burada problem yalnız qanunda müəyyən edilmiş şərtlərlə məhdudlaşmır. Məsələ həm də əmək bazarının və sosial sığorta sisteminin necə qurulması ilə bağlıdır. İnsan uzun illər faktiki işləyə bilər, lakin əmək münasibətlərinin rəsmiləşdirilməməsi, aşağı rəsmi əməkhaqqı, sosial sığorta haqlarının tam ödənilməməsi və əmək fəaliyyətində yaranan fasilələr onun fərdi hesabında kifayət qədər pensiya kapitalının formalaşmasına mane ola bilər. Nəticədə insan əmək qabiliyyətli dövrdə işləsə də, pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmir. Bu zaman sosial siyasətin digər mexanizmi işə düşür".
Müsahibimiz qeyd edib ki, əmək pensiyası hüququ olmayan və işləməyən yaşlı şəxsə yaşa görə sosial müavinət təyin edilir:
"2026-cı ildə bu müavinətin məbləği 220 manat, minimum əmək pensiyasının məbləği isə 320 manatdır. Bu fərq sosial siyasətin mahiyyətinə dair mühüm məsələni ortaya qoyur. Əgər insanın pensiya sistemindən kənarda qalmasının səbəbi əmək fəaliyyəti dövründə kifayət qədər sosial sığorta kapitalının formalaşmamasıdırsa, yalnız pensiya yaşına çatdıqdan sonra ona sosial müavinət təyin etmək problemin nəticəsini kompensasiya edir. Problemin özü isə daha əvvəl - əmək bazarında, əmək münasibətlərinin rəsmiləşdirilməsində, əməkhaqqının bəyan edilməsində və sosial sığorta ödənişlərinin formalaşmasında yaranır".
Asif İbrahimovun sözlərinə görə, sosial müavinət insanı dəstəkləyən vacib mexanizmdir, amma əmək pensiyasının alternativinə çevrilməməlidir:
"Əmək pensiyası insanın əmək fəaliyyəti və sosial sığorta sistemində formalaşan hüququdur. Sosial müavinət isə əmək pensiyası hüququ olmayan müəyyən kateqoriyalara dövlət büdcəsi hesabına göstərilən sosial dəstəkdir. Ona görə də sosial siyasətin əsas məqsədlərindən biri insanları əmək fəaliyyəti dövründə sosial sığorta sisteminə maksimum dərəcədə daxil etmək olmalıdır. İnsan işləyirsə, onun əmək fəaliyyəti rəsmiləşdirilməli, real gəliri sosial sığorta sistemində əks olunmalı və gələcək pensiya təminatı formalaşmalıdır. Burada xüsusilə qeyri-formal məşğulluq məsələsi əhəmiyyətlidir. Çünki insanın bu gün aldığı və rəsmi bəyan olunan əməkhaqqı ilə sabah formalaşacaq pensiya təminatı arasında birbaşa əlaqə var. Digər tərəfdən, yaşa görə əmək pensiyasına çıxışı müəyyən edən şərtlər və keçid normaları vətəndaş üçün kifayət qədər mürəkkəb sistem yaradır. Pensiya kapitalı, sığorta stajı və müxtəlif keçid mexanizmləri birlikdə nəzərə alınır. Məsələn, 2006-cı ilədək olan sığorta stajının hesablanması ilə bağlı güzəştli mexanizm 2026-cı ildən etibarən hər il bir il azaldılmaqla tətbiq edilir. Bu səbəbdən sosial müavinətlərə dair müzakirəni yalnız "nə qədər vəsait ödəyirik?" sualı üzərində qurmaq düzgün deyil. Əsas sual budur: əmək qabiliyyətli insanın əmək fəaliyyəti dövründə onun gələcək pensiyasını təmin edən sosial sığorta hüquqları nə dərəcədə formalaşır"?
Ekspert vurğulayıb ki, əgər insan ömrünün böyük hissəsini işləyir, lakin pensiya yaşına çatanda əmək pensiyası hüququ qazana bilmirsə, bunu yalnız həmin şəxsin fərdi problemi kimi qiymətləndirmək olmaz:
"Bu məsələ əmək bazarının, sosial sığorta sisteminin və pensiya siyasətinin birlikdə qiymətləndirilməsini tələb edir. Burada daha bir mühüm məsələ ortaya çıxır: sosial müavinətlər və sosial yardım ümumilikdə ehtiyacı olan əhalinin nə qədərini əhatə edir? Bu sualı cavablandırarkən "sosial müavinət alanlar"la "ehtiyacı olan əhali"ni eyni anlayış kimi götürmək olmaz. Çünki yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinətlər müəyyən sosial statusa əsasən təyin edilir və bu ödənişləri alan bütün şəxsləri aztəminatlı əhali hesab etmək düzgün deyil. Aztəminatlı əhalinin əhatəsi baxımından daha uyğun göstərici ünvanlı dövlət sosial yardımının əhatəsidir. 2025-ci ildə Azərbaycanda 76 min aztəminatlı ailənin 336 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Həmin il dövlət büdcəsi hesabına müxtəlif müavinətlər üzrə 529 min nəfərə 1,2 milyard manat ödənilib. Lakin 529 min nəfərin hamısını ehtiyacı olan əhali kimi təqdim etmək metodoloji baxımdan düzgün olmaz. Çünki bu qrupun daxilində sosial statusuna görə müavinət alan şəxslər də var. Ünvanlı sosial yardımda isə yanaşma daha konkretdir: ailənin adambaşına orta aylıq gəliri müəyyən edilmiş ehtiyac meyarından aşağı olduqda ailəyə yardım təyin edilir və yardım məbləği ailənin gəliri ilə ehtiyac meyarının məcmusu arasındakı fərq əsasında hesablanır. Ona görə də "Azərbaycanda ehtiyacı olan əhalinin neçə faizi aylıq müavinət alır?" sualına bütün müavinət növlərini birləşdirərək konkret faiz demək düzgün deyil. Bunun üçün aztəminatlı əhalinin ümumi sayı ilə sosial yardım alanların sayı eyni metodologiya əsasında müqayisə edilməlidir".
Asif İbrahimov əlavə edib ki, dünya təcrübəsində də sosial müdafiənin əsas problemi yalnız ödənişlərin həcmi deyil, əhatə dairəsi və adekvatlığıdır:
"Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2023-cü ildə dünya əhalisinin 52,4 faizi ən azı bir sosial müdafiə ödənişi ilə effektiv şəkildə əhatə olunub. Digər 47,6 faiz isə heç bir sosial müdafiə təminatına malik olmayıb. Daha dar mənada sosial yardıma baxdıqda, həssas əhalinin qlobal miqyasda yalnız 37,3 faizi sosial yardım ödənişləri ilə əhatə olunub. Dünya Bankının 2025-ci il məlumatları da göstərir ki, aşağı və orta gəlirli ölkələrdə təxminən 2 milyard insan sosial müdafiə ilə ya əhatə olunmur, ya da kifayət qədər əhatə olunmur. Bu isə göstərir ki, sosial müdafiə sistemlərində əsas məsələ yalnız benefisiarların sayını artırmaq deyil, ehtiyacı olan insanları düzgün müəyyənləşdirmək və onlara kifayət qədər dəstək verməkdir. Azərbaycan üçün də sosial siyasətin effektivliyini üç əsas göstərici ilə qiymətləndirmək daha məqsədəuyğundur: birincisi, ehtiyacı olan əhalinin neçə faizinin sistemə daxil olması; ikincisi, verilən müavinətin həmin şəxsin və ya ailənin real gəlir çatışmazlığının hansı hissəsini kompensasiya etməsi; üçüncüsü isə sosial yardım alan əmək qabiliyyətli şəxslərin nə dərəcədə məşğulluğa və davamlı gəlir mənbəyinə keçə bilməsidir".
Müsahibimiz hesab edir ki, sosial dövlətin məqsədi yalnız pensiya hüququ olmayan insanlara müavinət ödəmək və ya aztəminatlı ailələrə yardım göstərmək olmamalıdır:
'Daha mühüm məqsəd insanın əmək fəaliyyəti dövründə onun gələcək sosial təminatını formalaşdırmaqdır. Bu baxımdan sosial müavinət son müdafiə mexanizmi, ünvanlı sosial yardım ehtiyaca əsaslanan dəstək, əmək pensiyası isə uzunmüddətli sosial sığorta sisteminin nəticəsi olmalıdır. İnsan əmək qabiliyyətli olduğu dövrdə sistemə daxil olur, rəsmi işləyir, sosial sığorta haqqı ödəyir və bunun müqabilində gələcək pensiya hüququ formalaşırsa, sosial siyasət öz əsas funksiyasını yerinə yetirmiş olur. Əsas məsələ dövlətin nə qədər müavinət ödəməsi deyil. Əsas məsələ odur ki, insan niyə müavinət alan vəziyyətə düşür, niyə əmək pensiyası hüququ qazana bilmir və sosial müdafiə sistemi onun gələcək təminatını əmək fəaliyyəti dövründə nə dərəcədə formalaşdıra bilir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










