İranda Xəzər dəniz iləbağlı kampaniya başlayıb

İranda Xəzər dəniz iləbağlı kampaniya başlayıb"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiya məsələsinin gündəmə gəlməsindən sonra İranda bəzi dairələr hərəkətə keçib. Həmin dairələr sənədin ratifikasiya olunmasının ölkənin maraqları əleyhinə olması barədə açıqlamalarla çıxış etməyə başlayıblar. Maraqlıdır ki, onlara tribuna verən, eləcə də bu sənədin əleyhinə kampaniya aparanlar sırasında İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), eləcə də mühafizəkar-radikal qanadı təşkil edən digər qurumlara bağlı media orqanları üstünlük təşkil edir.

İran səkkiz ildir, Konvensiyanı ratifikasiya etmir

Qeyd edək ki, "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya 12 avqust 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb. Konvensiya ilə yanaşı, həmin sammitdə dövlət başçıları Konvensiyadan irəli gələn digər mühüm sənədləri də imzalayıblar. Bunlar "Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" Protokol, "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında" Saziş, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Saziş, "Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında" Saziş, və "Sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında" Protokoldur.

Maraqlıdır ki, Konvensiya Xəzəryanı dörd dövlət tərəfindən artıq ratifikasiya edilib. Azərbaycan parlamenti isə "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı 12 fevral 2019-cu ildə təsdiqləyib.

Xəzəryanı ölkələrdən yalnız İran konvensiyanın qüvvəyə minməsi üçün heç bir addım atmayıb, sənədi ratifikasiya etməyib. Konvensiyanın imzalanmasından 8 il ötməsinə baxmayaraq, İranın bu istiqamətdə heç bir addım atmaması təbii ki, dənizdən səmərəli istifadənin qarşısında əsas maneələrdən biridir. Çünki hər hansı sənədin işləməsi üçün onu imzalayan bütün tərəflərin hüququ proseduru bitirməsi vacibdir. Odur ki, İran tərəfinin gec də olsa, Konvensiya ilə bağlı hüquqi addımlara başlaması müsbət amil kimi qarşılanmalıdır.

İran hökuməti sənədi parlamentə göndərib

Prezident Məsud Pezeşkianın rəhbərliyi ilə İran Hökumət Kabinetinin bu il iyulun 22-də keçirilən iclasında İranın "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı imzalaması üçün layihə qəbul edilib, layihə müzakirə edilərək təsdiq və ya rədd edilməsi üçün İslami Şura Məclisinə göndərilib. Layihə İran siyasi terminologiyası ilə "təcili" statusu ilə qəbul edilib. Lakin burada diqqətçəkən bir məqam var ki, hökumət dənizin və dibinin sərhədləri ilə bağlı müddəanı parlamentə təqdim etdiyi sənəddən çıxarıb.

Qeyd edək ki, Xəzəryanı ölkələrin Tehranda növbəti sammitinin keçirilməsi planlaşdırılır. Sammitindən əvvəl qəbul edilmiş bu qərar İranın ictimai-siyasi həyatının əsas gündəmlərdən birinə çevrilib.

Anti-Azərbaycan mövqeli ekspertlər nədən narahatdır?

İran hökumətinin "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı ratifikasiyaya təqdim etməsi barədə məlumat yayıldıqdan sonra İranda xüsusilə anti-Azərbaycan mövqeyi ilə seçilən Əhməd Kazımi, Ehsan Müvəhhidian, Şüeyb Bəhmən və digər ekspertlər konvensiya əleyhinə açıq təbliğata başlayıblar.

Bundan başqa, bəzi media orqanlarında, eləcə də sosial şəbəkələrdə də İranın konvensiyanı imzalamasına qarşı kampaniya aparılır. İrəli sürülən tezislərdən bir qismini ratifikasiya nəticəsində İranın Xəzərdən əldə etmək istədiyi 20 faizlik hissənin dəfələrlə azalması və konvensiyanın Zəngəzur dəhlizinin reallaşmasına kömək edəcəyinə dair fikirlər təşkil edir.

Digər tərəfdən, ekspertlər və mətbuat konvensiyanın dənizin yatağı, dibi və hava məkanını müəyyən etməməsini, həmçinin, əlavə dörd tamamlayıcı sənədin qəbul edilməməsini və digər bu kimi halları İranın gələcək müzakirələrdə mövqeyini zəiflədəcək amillər kimi təqdim edərək, parlamenti ratifikasiyadan çəkinməyə çağırıblar.

Onlar xüsusi olaraq qeyd edirlər ki, konvensiyanın ratifikasiya olunması qonşu ölkələrə dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilmək imkanı verəcək, bu isə İranın geosiyasi və tranzit əhəmiyyətini sarsıdacaq.

Konvensiyanın əleyhinə çıxanlar arasında bu prosesi Azərbaycana qarşı kampaniyaya çevirmək istəyənlər də var. Onlar hesab edirlər ki, ölkənin mövcud müharibə və kritik vəziyyətində bu məsələni yenidən gündəmə gətirənlər İran hakimiyyəti daxilində Azərbaycan Respublikası ilə əlaqəli "lobbi" və "casus şəbəkəsi"nin üzvləridir. Bu qədər absurd iddiaların ardınca həmin dairələr konvensiyanın ratifikasiyası ilə İranın Qacar və Pəhləvi hakimiyyətləri kimi "torpaqları itirən" hökumət qismində tarixdə qalacağına dair fikirlər də irəli sürürlər.

Konvensiya əleyhdarlarının əsassız arqumentləri: Zəngəzur dəhlizi

İyulun 25-də İranın Ali Rəhbərinə tabe olan İslami Təbliğat Təşkilatının "Mehr" informasiya agentliyi məsələ ilə əlaqədar Əhməd Kazımidən müsahibə alıb. "Kaspian Konvensiyasının ratifikasiya edilməsi İranın strateji mənafeyinə qarşı təhdiddir" başlıqlı müsahibədə o, konvensiyanın qəbulunun ölkənin milli təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı mənfi nəticələrinin olacağına dair Xəbərdarlıq edib.

Kazımi iddialarını belə əsaslandırıb ki, regiondan kənar dövlətlərin dənizdən keçidi qadağan edilmir, İrana düşən hissə azdır və ratifikasiya nəticəsində dənizin dibi ilə neft kəmərlərinin çəkilişinə tətbiq edilən qadağa aradan qalxır. O, xüsusilə Zəngəzur dəhlizi əleyhinə dezinformasiyaları təkrarlayıb, sonuncu tezisin dəhlizin açılmasına kömək edəcəyini bildirib. Kazımi bu halı ölkənin mövcud müharibə vəziyyətində və Hörmüz boğazı uğrunda münaqişə apardığı bir vaxtda Trampa "kritik və strateji imtiyaz verməsi" kimi dəyərləndirib.

Daha bir absurd: Xəzər yox, "Kaspian", "Mazandaran"...

Ekspert açıqlamasında Türk dövlətlərinin ünvanına da əsassız ittihamlar səsləndirib. O, "Qəzza soyqırımı", Ukrayna müharibəsi, eləcə də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında dırnaqarası Türk dünyası adlandırdığı Türk dövlətlərini "İsrailin yanında olmaq"da ittiham edib, bunu təsdiqləyən "çoxlu sübutların olduğu"nu bildirib.

Kazımi, həmçinin, Türk dünyasını xoşagəlməz üslubda "anqlo-sakslar və sionizm cəbhəsi"nə xidmətdə ittiham edən dezinformasiyalarını yenidən təkrarlayıb. O, dənizinin yəhudi əsilli Xəzər tayfaları ilə əlaqədar olaraq Xəzər adlandırılmasına qarşı da çıxıb, "Kaspian", "Mazandaran" və digər bu kimi adlardan istifadəni "məqsədəuyğun" hesab edib.

Digər ekspert Ehsan Müvəhhidian da, öz növbəsində, SEPAH-a bağlı "Fars" və "Fəraru" informasiya agentliklərinə verdiyi müsahibələrdə, eləcə də sosial şəbəkə hesablarında konvensiyanın ratifikasiyası əleyhinə oxşar fikirlər səsləndirib.

İran parlamentinin üzvləri də kampaniyadan kənarda qalmayıb. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani iyulun 27-də SEPAH-a bağlı "Tabnak" informasiya agentliyinə verdiyi müsahibəsində bildirib ki, hökumət əvvəlcə digər sahilyanı dövlətlərlə müzakirələrdə İranın Xəzər dənizindən 20 faiz paya sahib olmasına nail olmalıdır, yalnız bundan sonra konvensiyanın parlamentdə ratifikasiya edilməsi mümkündür. Deputat əlavə edib ki, bu məsələ sahilyanı ölkələrin, xüsusilə Azərbaycan Respublikasının etirazı ilə qarşılana bilər.

"Tabnak" ratifikasiyanı gündəmə gətirən siyasətçilərə qarşı tədbir görməyə çağırır

"Tabnak" informasiya agentliyi isə iyulun 25-də yaydığı məqalədə hökumətin ratifikasiya ilə bağlı qərarını tənqid edib, bunun ölkənin mövcud müharibə vəziyyətində bəzi qonşu ölkələrə, daha dəqiq, Azərbaycan Respublikasına "strateji imtiyaz verməsi" kimi dəyərləndirilə biləcəyini bildirib. Bundan başqa, məqalədə təhlükəsizlik orqanları prosesə müdaxilə edərək məsələni mövcud vəziyyətdə gündəmə gətirən siyasətçilərə qarşı tədbirlər görməyə çağırılıb.

SEPAH-a bağlı "Fars" informasiya agentliyi də mövzu ilə bağlı Möhsün Məhəmmədi Ələmuti və Dariyuş Səfərnejad kimi ekspertlərdən ayrı-ayrı müsahibələr alıb. Ekspertlər isə konvensiyasının ratifikasiyasından əvvəl sahil xətləri, eləcə də yataq və dəniz dibinin hüdudlarının və digər bu kimi aspektlərin müəyyənləşdirilməsini vacib şərtlər kimi sadalayıblar.

Səfərnejad "bəzi region ölkələrinin trans-regional ölkələrlə əlaqələri"ni əsas gətirərək, deputatları konvensiyanı ratifikasiya etməzdən əvvəl milli mənafe, tarixi hüquq və təhlükəsizlik kimi aspektləri nəzərə almağa çağırıb. O, eyni zamanda hökumətdən Xəzəryanı ölkələrin növbəti görüşündə konvensiya ilə bağlı tamamlayıcı sazişlərin hazırlanıb imzalanmasını rəsmi şəkildə tələb etməsini istəyib.

Mətbuatda dərc edilən digər məqalə və ekspert rəylərində də yuxarıda sadalanan tezislər əsas gətirilərək, konvensiyanın ratifikasiya edilməməsinə çağırışlar yer alıb. Eyni zamanda konvensiyanın mətninin bir çox müddəaları hüquqi və siyasi baxımdan təzadlı və qeyri-müəyyən adlandırılıb.

IRNA və keçmiş səfir ratifikasiyanı vacib sayır

Mühafizəkar-radikal qanadın kəskin mövqe tutmasına baxmayaraq, rəsmi IRNA informasiya agentliyi avqustun 3-də yaydığı məqalədə bütün iddiaları rədd edib. Yazıda dolayısı ilə Azərbaycanın Türkiyə və Pakistanla Xəzərdə keçirdiyi təlimlərə toxunulub. Mövcud vəziyyətdə hökumətin konvensiyanın ratifikasiyasına nail olmağa çalışması əsas etibarilə trans-regional ölkələrin Xəzərdən hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması kimi təhlükəsizlik məsələləri ilə əlaqələndirilib. Məqalə sonradan eynilə "Xəbər onlayn" informasiya agentliyində də işıq üzü görüb.

IRNA məsələ ilə bağlı siyasi ekspert, İranın Azərbaycanda səfiri olmuş Möhsün Pakayinin fikirlərinə də yer verib. Pakayin açıqlamasında "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiya edilməsinin vacibliyini vurğulayıb. Keçmiş səfir qeyd edib ki, Konvensiyanın ratifikasiyasının yubadılması balıqçılıq, gəmiçilik, ekologiya və digər sahələrdə Tehranın mövqeyini zəiflədə bilər.

Pakayin İran cəmiyyəti və bəzi siyasi dairələri tərəfindən zaman-zaman gündəmə gətirilən, İranın, əslində, Xəzərin 50%-nə iddia etməli olması barədə fikirlərə də münasibət bildirib. O, bunu təsdiqləyən heç bir hüquqi sənəd olmadığını vurğulayıb. "İranın Xəzərin 50%-nə malik olmasını təsdiqləyən heç bir tarixi müqavilə, yaxud hüquqi sənəd yoxdur. Belə bir pay heç SSRİ mövcud olduğu vaxtda də müəyyənləşdirilməyib", - keçmiş diplomat qeyd edib.

Hökumətin mövqeyi

Konvensiyanın təsdiqlənməsinin əleyhinə genişmiqyaslı kampaniyaya baxmayaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi avqustun 1-də keçirdiyi mətbuat konfransında sənədin ratifikasiyasına dəstək nümayiş etdirib. O, bu amilin sahilyanı dövlətlər arasında aydın hüquqi çərçivə yaradacağını, bununla da trans-regional ölkələrin dənizdən mümkün sui-istifadə hallarının qarşısını alacağını bildirib. Diplomat eyni zamanda parlamentin sənədi tezliklə təsdiqləyəcəyinə ümidvar olduğunu söyləyib.

"Şahçılar" da Konvensiyasının ratifikasiyasının əleyhinədir

Konvensiyanın ratifikasiyası məsələsi xaricdə yaşayan iranlı siyasətçilərin də diqqətindən kənarda qalmayıb. Bu məsələ iranlı siyasi dissidentlər tərəfindən idarə edilən beynəlxalq farsdilli informasiya resurslarında müzakirə mövzusuna çevrilib. Müzakirələrdə, eləcə də dərc edilən məqalələrdə sənədin ratifikasiyasının əleyhinə və lehinə mövqelər ortaya qoyulub.

Şah rejimi tərəfdarlarının, dissident "şahçılar" siyasi cərəyanının lideri Rza Pəhləvi də avqustun 6-da rəsmi "X" hesabında məsələyə münasibət bildirib. O da konvensiyanın əleyhdarlarının mövqeyinə yaxın mövqe nümayiş etdirib. Rza Pəhləvi SSRİ ilə İran arasında Xəzər dənizi ilə bağlı 1921 və 1940-cı illərdə imzalanmış razılaşmalara istinad edərək "Kaspian dənizi"nin hüquqi statusunun müştərək hüquq, eləcə də razılaşma və birgə mənafe prinsipləri əsasında formalaşdığını bildirib. 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə əsasən yeni müstəqil olan dövlətlərin SSRİ-nin imzaladığı beynəlxalq sənədlərə sadiq qaldığını vurğulayan Rza Pəhləvi buna görə də dənizin hüquqi statusu ilə bağlı hər hansı dəyişikliyin bütün sahilyanı dövlətlərin müştərək razılığı və İran xalqının hüquqlarına tamamilə riayət etməklə reallaşmalı olduğunu bildirib.

O, hazırda İslam Respublikasının zəif mövqedə olduğunu və konvensiyanı öz mövcudiyyətini qorumaq məqsədilə ratifikasiya etməyə çalışdığını qeyd edib. Rza Pəhləvi prosesin İran xalqının iradəsi olmadan və ölkənin "tarixi haqları"nı şəffaf və tam təmin etmədən həyata keçirildiyini bildirərək, bunu "narahat edici addım" və "İranın milli mənafeyinə qarşı ciddi təhdid" adlandırıb.

Hökumət SEPAH əngəlini aşa biləcəkmi?

İranda "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın ratifikasiyası ətrafında gedən müzakirələr belə deməyə əsas verir ki, prosesin yekunlaşması o qədər də rahat olmayacaq. Xüsusilə ölkədə əsas söz sahibi olan SEPAH və mühafizəkar-radikal qanadın digər üzvlərinin ciddi-cəhdlə buna qarşı çıxması İran hökumətinin qarşısında əsas əngəllərdən sayılır.

Hökumət bu əngəli aşıb, Konvensiyanın təsdiqlənməsində nail olacaqmı? Bunu zaman göstərəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 100   Tarix: 14 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Global Media Group"un əməkdaşı vəfat edib

"Global Media Group"un əməkdaşı Elvin Soldatov vəfat edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, E.Soldatov "Global Management" MMC-nin sistem administratoru kimi fəaliyyət göstərirdi

14:31 199
.

Müasir müharibənin yeni üzü: Dronlar, raketlər və süni intellekt

"Bu gün dünyaya nəzər saldıqda mənzərə kifayət qədər narahatedicidir. ABŞ-İran, Ukrayna-Rusya, Yaxın Şərq və digər regionlarda davam edən münaqişələr və yeni münaqişə ocaqlarının yaranma ehtimalı göstərir ki, müasir müharibənin xarakteri köklü şəkildə dəyişir. Artıq savaş yalnız tankların, artilleriyanı

15:27 172
.

Gürcüstanın Baş naziri 1783-cü il müqaviləsinin əhəmiyyətindən danışdı

1783-cü il Georgiyevsk müqaviləsi Gürcüstan dövlətinin qorunmasında həlledici rol oynayıb. xəbər verir ki, Minval Telegram kanalının məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Kobaxidzenin sözlərinə görə, II Erekle Georgiyevsk müqaviləsini imzalayarkən bu sənəd Gürcüsta

11:10 172
.

Lavrov Putinin ABŞ-dan gələn təkliflərlə bağlı mövqeyini açıqladı

Rusiya Ukrayna ilə bağlı ABŞ-la danışıqlardan imtina etmir və Prezident Vladimir Putin yenidən Amerika nümayəndələrini qəbul etməyə hazırdır. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov stenoqramı -nun ixtiyarında olan VGTRK telekanalına müsahibəsində deyib. "Stiven Vitkof

12:14 184
.

Haaland rekordlar kitabına düşdü

Norveçli hücumçu Erlinq Haaland "Ginnesin Rekordlar Kitabı"na düşüb. xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə birdən-birə dörd sertifikat alıb. Haaland İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümünd

19:00 75
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

13.08.2026 232
.

Süni intellektə böyük xərc: Texnologiyanın iqtisadi səmərəliliyi müzakirə olunur

"Süni intellektin hansı peşələri əvəz edəcəyi ilə bağlı müzakirələr son illərdə geniş vüsət alsa da, texnologiyanın iqtisadi səmərəliliyi məsələsi nisbətən az diqqət çəkir. Halbuki böyük texnologiya şirkətləri artıq yalnız süni intellektdən necə istifadə etməyi deyil, bu texnologiyanın hansı sahələrd

15:12 156
.

Mobil bazarda rəqabət niyə zəifdir? - Əsas səbəblər açıqlanır

"Yeni operatorun mobil rabitə bazarına daxil olmasının qarşısında duran əsas maneələri bir neçə qrupda ümumiləşdirmək olar". Bunu BİG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fəri

12:31 214
.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13.08.2026 248
.

TOP MP3