Bakı-Daşkənd xətti: Azərbaycan və Özbəkistanı birləşdirən yeni geoiqtisadi reallıq

Bakı-Daşkənd xətti: Azərbaycan və Özbəkistanı birləşdirən yeni geoiqtisadi reallıqAzərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri indiki mərhələdə xüsusi diqqət çəkir. Səfərin kifayət qədər geniş gündəmlə müşayiət olunması onun həm ikitərəfli münasibətlər, həm də daha geniş regional proseslər baxımından əhəmiyyətini göstərir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü, Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi, yeni sənədlərin imzalanması, "Yeni Daşkənd" layihəsi ilə tanışlıq və Buxaraya səfər proqramın əsas istiqamətlərindəndir. Bu baxımdan səfərin gündəliyi belə onun sıradan diplomatik səfər olmadığını, Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə keçidi baxımından mühüm siyasi məzmun daşıdığını göstərir:

"Ümumiyyətlə, Azərbaycanla Özbəkistan arasında bu gün formalaşan yaxınlığın arxasında həm siyasi iradə, həm də tarixi-mədəni bağlılıq dayanır. Azərbaycan və özbək xalqları arasında mövcud olan ortaq dəyərlər, dil və mədəniyyət yaxınlığı münasibətlərin ictimai əsaslarını formalaşdırır. Lakin son illərdə bu münasibətləri fərqləndirən əsas məqam tarixi və mədəni yaxınlığın konkret dövlətlərarası mexanizmlərlə tamamlanmasıdır.

İki ölkə arasında əməkdaşlığın müasir siyasi əsaslarının formalaşmasında ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfəri xüsusi əhəmiyyət daşıyır. Məhz həmin səfər zamanı ikitərəfli münasibətlərin gələcək inkişafı üçün mühüm hüquqi-siyasi baza formalaşdıran sənədlər imzalanıb.

Prezident İlham Əliyev də Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət prioritetlərinin davam etdirilməsinə xüsusi önəm verir. Azərbaycan-Özbəkistan münasibətləri də bu baxımdan istisna deyil. Bu gün həmin siyasi xətt daha geniş miqyas alıb və nəticədə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəlib.

Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafından danışarkən iki dövlət başçısı arasında formalaşmış qarşılıqlı etimadı da xüsusi qeyd etmək lazımdır. Son illərdə liderlər arasında intensiv təmaslar münasibətlərin institusional əsaslarının möhkəmlənməsinə ciddi təsir göstərib. Son beş ildə Prezident İlham Əliyevin Özbəkistana iki dövlət və dörd işgüzar səfər etməsi, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana iki dövlət və yeddi işgüzar səfər həyata keçirməsi əlaqələrin intensivliyini göstərən mühüm göstəricilərdir.

Budəfəki səfər çərçivəsində "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"nin imzalanmasının gözlənilməsi isə münasibətlərə əlavə siyasi məzmun qazandırır. Belə bir sənəd iki ölkə arasında mövcud siyasi münasibətlərin və müttəfiqlik əlaqələrinin gələcək nəsillər üçün də davamlı siyasi çərçivəyə salınması baxımından tarixi əhəmiyyət daşıya bilər.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin son illərdə sürətlə dərinləşməsi də məhz bu kontekstdə diqqət çəkir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı ölkəmizin regiondakı siyasi və iqtisadi çəkisinin artmasının göstəricilərindən biridir. Əvvəllər beş Mərkəzi Asiya dövlətinin iştirakı ilə formalaşan regional dialoq platformasının Azərbaycanın iştirakı ilə genişlənməsi Bakının artıq Mərkəzi Asiya proseslərinə kənardan baxan tərəf olmadığını göstərir.

Bu məqam Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyətini daha da artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük əhalisinə və mühüm iqtisadi potensiala malik ölkələrindən biridir. Azərbaycan isə Cənubi Qafqazın nəqliyyat və enerji imkanlarını Mərkəzi Asiyanın resursları və bazarları ilə birləşdirən əsas platformalardan biridir. Başqa sözlə, iki ölkənin coğrafi məsafəsi onların siyasi və iqtisadi maraqlarının yaxınlaşmasına mane olmur. Əksinə, mövcud geoiqtisadi reallıqlar Bakı ilə Daşkəndi daha sıx əməkdaşlığa sövq edir.

İki ölkənin yaxınlaşmasının digər mühüm istiqamətlərindən biri Türk Dövlətləri Təşkilatıdır. Bakı və Daşkənd təşkilatın siyasi və iqtisadi imkanlarının genişləndirilməsində maraqlıdır. Təşkilat çərçivəsində nəqliyyat əlaqələrinin gücləndirilməsi, ticarət və investisiya imkanlarının artırılması, türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi Azərbaycan və Özbəkistanın maraqlarının ciddi şəkildə üst-üstə düşdüyü istiqamətlərdəndir.

Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərinə yalnız ikitərəfli əlaqələr və ya sırf siyasi münasibətlər prizmasından yanaşmaq kifayət deyil. Bu münasibətlər Xəzər dənizini Mərkəzi Asiyaya, Mərkəzi Asiyanı Cənubi Qafqaza, Cənubi Qafqazı isə Avropa bazarlarına bağlayan daha böyük geosiyasi və iqtisadi mənzərənin mühüm hissəsinə çevrilir.

İqtisadi göstəricilər də münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. 2026-cı ilin ilk beş ayında da artımın davam etməsi bu tendensiyanın təsadüfi olmadığını ortaya qoyur.

Sənaye kooperasiyası isə iqtisadi münasibətlərin daha dayanıqlı xarakter aldığını göstərən əsas istiqamətlərdəndir. Avtomobil istehsalı sahəsində "Azərmaş" ilə Özbəkistan şirkətləri arasında əməkdaşlıq çərçivəsində Chevrolet və Isuzu markalı avtomobillərin istehsalının həyata keçirilməsi iki ölkə arasında sənaye əməkdaşlığının real nəticələrindən biridir. Bu, münasibətlərin yalnız sənədlərin imzalanması ilə məhdudlaşmadığını, konkret istehsal layihələrinə çevrildiyini göstərir.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı investisiyaların institusional mexanizmlə dəstəklənməsi iqtisadi əlaqələrin daha sistemli mərhələyə keçməsinə imkan yaradır. Burada əsas məsələ mövcud investisiya potensialının yeni istehsal və biznes layihələrinə çevrilməsidir.

Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq isə Bakı-Daşkənd münasibətlərinin regional əhəmiyyətini daha aydın göstərir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların həcminin 1,4 milyon tona çatması mühüm göstəricidir. Azərbaycanın Xəzər üzərindən Qərbə çıxış imkanları, Özbəkistanın isə Mərkəzi Asiyanın daxilində mühüm iqtisadi və coğrafi mövqeyi iki ölkəni regional logistika zəncirinin mühüm həlqələrinə çevirir.

Burada Azərbaycanın Orta Dəhlizdəki mövqeyini xüsusilə qeyd etmək lazımdır. Özbəkistanın Avropa bazarlarına çıxışında Azərbaycan ərazisindən keçən marşrutların əhəmiyyəti getdikcə artır. Bu baxımdan nəqliyyat məsələsi artıq Bakı-Daşkənd münasibətlərində sırf iqtisadi əməkdaşlıq istiqaməti olmaqdan çıxaraq strateji məsələyə çevrilir.

Əslində, bu əməkdaşlığın məntiqi olduqca aydındır: Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və Avropa istiqamətində bağlantıları Özbəkistanın Mərkəzi Asiyadakı iqtisadi və regional potensialı ilə tamamlanır. Tarixi və mədəni yaxınlıq isə bu iqtisadi və geosiyasi əməkdaşlığın siyasi və ictimai əsasını möhkəmləndirir.

Məhz buna görə Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişafını yalnız iki ölkə arasındakı əlaqələrin perspektivi kimi qiymətləndirmək düzgün olmazdı. Bakı-Daşkənd xətti Türk dünyasında iqtisadi inteqrasiyanın dərinləşməsi, Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi bağlantıların formalaşması baxımından daha geniş əhəmiyyət daşıyır.

Bu mənada Prezident İlham Əliyevin Özbəkistana budəfəki dövlət səfəri iki ölkə arasında mövcud münasibətlərin növbəti mərhələyə keçirilməsi baxımından mühüm siyasi hadisədir. Əgər qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, tranzit daşımalar və ticarət əlaqələri üzrə mövcud dinamika davam etdirilərsə, Azərbaycan-Özbəkistan tərəfdaşlığı yaxın illərdə təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Avrasiya məkanında formalaşan yeni geoiqtisadi düzənin mühüm elementlərindən birinə çevrilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 721   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!

Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir

12:18 232
.

Kamran Əsədovun 3 il həbsi tələb edildi

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunan təhsil eksperti Kamran Əsədov və onunla birgə ittiham olunan Gündüz Abbasovun məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo" xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində dövlət ittihamçısı çıxış edib

17:26 86
.

Dövlət Bayrağımız qürurumuzdur

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycanın dövlət bayrağ

11:49 212
.

"Azərbaycanı qorumaq yalnız səngərdə dayanmaq deyil" - Veteran

"Azərbaycanı qorumaq yalnız əlinə silah alıb səngərdə dayanmaqdan ibarət deyil. Vətəni qorumağın müxtəlif yolları var və hər bir insan çalışdığı sahədə öz məsuliyyətini dərk edərək ölkəsinə xidmət edə bilər". Bunu BİG.Az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Ruslan Şıxıyev bildirib

15:11 185
.

Zəfərin 6-cı ili: Qarabağda böyük dəyişim

Zəfərimizin altıncı ili tamam olur. Ötən altı il Azərbaycanın müasir tarixində yalnız hərbi-siyasi Qələbə və ərazi bütövlüyümüzün bərpası ilə deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri, iqtisadi həyatın dirçəldilməsi və Böyük Qayıdış prosesi ilə yadda qalıb. "Azərbayca

17:03 98
.

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mülki və ya ticarət işləri üzrə xaricd

20:15 1
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 1
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

17:15 87
.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 222
.