Müəllim nəticə istehsal edən mexanizm deyil

Müəllim nəticə istehsal edən mexanizm deyil"Təhsildə hər yeni ideya ilk baxışda məntiqli və cəlbedici görünə bilər. Müəllimin əməyini nəticə ilə ölçmək, yaxşı nəticə göstərən müəllimi daha çox qiymətləndirmək, zəif nəticələrin səbəblərini araşdırmaq - bütün bunlar özlüyündə sağlam yanaşmalardır. Lakin söhbət müəllimin əməkhaqqının şagirdlərin göstəricilərinə birbaşa bağlanmasından gedəndə məsələ artıq başqa müstəviyə keçir. Çünki məktəbdə əldə olunan nəticə yalnız müəllimin əməyinin məhsulu deyil".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, sinifdə müəllimlə yanaşı şagird, valideyn, məktəb mühiti, uşağın sosial vəziyyəti, fərdi qabiliyyəti və öyrənməyə münasibəti də nəticəyə təsir göstərir. Bütün bu amillərin sonunda ortaya çıxan qiyməti götürüb müəllimin əməkhaqqının əsas meyarına çevirmək isə təhsilin çox mürəkkəb mexanizmini bir rəqəmə sığışdırmaq deməkdir:

"Bir müəllimin qarşısında 20-30 şagird oturur və onların hər biri ayrı bir dünyadır. Biri dərsə həvəslə gəlir, digəri məcburən. Birinin evində valideyn hər gün onunla məşğul olur, digərinin kitab-dəftərinə baxan belə yoxdur. Biri əlavə hazırlığa gedir, digəri dərsdən sonra işləməyə məcburdur. Biri ailəsinin bütün imkanlarını təhsilə yönəldir, digəri sosial problemlərin içində böyüyür.

İndi bütün bu fərqləri kənara qoyub ilin sonunda əldə olunan nəticəyə baxmaq və müəllimin maaşını həmin rəqəmə uyğunlaşdırmaq nə dərəcədə ədalətlidir?

Əslində burada ən böyük risk zəif nəticə göstərən şagirdlərə münasibətdə ortaya çıxa bilər.

Əgər müəllimin qazancı şagirdlərinin nəticələrindən ciddi şəkildə asılı olacaqsa, zaman keçdikcə yüksək nəticə göstərən şagirdlərlə işləmək daha cəlbedici görünə bilər. Zəif nəticəli uşaqlar isə müəllim üçün "risk qrupu"na çevrilə bilərlər. Halbuki təhsilin ən mühüm vəzifələrindən biri məhz həmin uşaqları itirməmək, onları geridə qoymamaqdır.

Məktəb yalnız yüksək nəticə göstərən uşaqların uğurunu nümayiş etdirmək üçün fəaliyyət göstərmir. Məktəbin əsl gücü bəzən ən zəif şagirdin həyatında yaratdığı dəyişiklikdə görünür.

Məsələn, ilin əvvəlində 40 bal səviyyəsində olan bir uşağın ilin sonunda 70 bal toplaması ilə 90 baldan 95 bala yüksələn başqa bir şagirdin nəticəsi eyni meyarla qiymətləndirilə bilməz. Birinci halda müəllim bəlkə də uşağın təhsilə münasibətini tamamilə dəyişib, ona oxumağı öyrədib, özünəinam yaradıb. İkinci halda isə onsuz da yüksək hazırlıqlı olan şagird daha bir neçə bal qazanıb.

Deməli, nəticənin özü qədər, həmin nəticəyə hansı başlanğıc nöqtəsindən gəlinməsi də əhəmiyyətlidir.

Dünyada müəllim fəaliyyətinin nəticəyə görə stimullaşdırılması ilə bağlı müxtəlif modellər mövcuddur. Lakin beynəlxalq təcrübə də göstərir ki, məsələ "şagird neçə bal topladısa, müəllim də ona uyğun maaş alsın" qədər sadə deyil. OECD-nin araşdırmalarında performansa əsaslanan ödəniş sistemlərinin tətbiqi zamanı müəllim fəaliyyətinin obyektiv ölçülməsinin mürəkkəbliyi və tədrisin yalnız ölçülə bilən göstəricilərə yönəlməsi kimi risklər qeyd olunur.

Bu isə o demək deyil ki, müəllimin fəaliyyəti nəticəyə görə qiymətləndirilməməlidir. Əksinə, yaxşı işləyən müəllimin əməyinin fərqləndirilməsi vacibdir. Sadəcə, bu fərqləndirmənin meyarları daha geniş olmalıdır.

Müəllimin peşəkarlığı, sertifikasiya nəticələri, dərsin keyfiyyəti, metodik fəaliyyəti, məktəbin inkişafına verdiyi töhfə, zəif şagirdlərlə işi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yanaşması və şagirdlərin il ərzində göstərdiyi inkişaf birlikdə nəzərə alına bilər.

Şagird nəticəsi də bu meyarların içində müəyyən yer tuta bilər. Amma müəllimin maaşının taleyini müəyyən edən əsas və həlledici göstəriciyə çevrilməməlidir. Çünki müəllim "nəticə istehsal edən mexanizm" deyil. Onun qarşısında yalnız test balı toplamalı olan uşaqlar dayanmır. Qarşısında gələcək vətəndaşlar dayanır.

Müəllim bəzən bir uşağa dərsdən daha vacib bir şey verir - özünəinam. Bəzən illərlə heç kimdən "sən bacararsan" sözünü eşitməyən uşağın əlindən tutur. Bəzən valideynin görə bilmədiyi problemi görür. Bəzən dərs proqramında olmayan bir məsələni həll edir. Bunların heç biri imtahan vərəqində bal kimi görünmür.

Amma təhsilin həqiqi nəticəsi çox vaxt məhz orada yaranır.

Digər tərəfdən, müəllimin maaşının şagird nəticələrinə ciddi şəkildə bağlanması müəllimlərin məktəb seçimlərinə də təsir göstərə bilər. Yüksək nəticəli şagirdlərin toplandığı məktəblər daha cəlbedici olacaq, sosial və akademik baxımdan daha çətin mühitdə işləyən müəllimlərin işi isə daha riskli görünəcək. Halbuki pedaqoqa ən çox ehtiyac olan yerlər məhz belə məktəblərdir.

Təhsildə ədalət yalnız yaxşı oxuyan uşaqlara yaxşı müəllim verməklə yaranmır. Zəif oxuyan uşağın da yaxşı müəllimə çıxışını təmin etmək lazımdır.

Bu baxımdan şagird göstəricilərinə görə əlavə mükafat mexanizmi müəyyən xüsusi təhsil modellərində tətbiq oluna bilər. Şagirdlərin seçim əsasında qəbul edildiyi, təhsil proqramının və məktəb mühitinin daha standartlaşdırıldığı xüsusi məktəblərdə nəticələrin müəllim fəaliyyətinə təsirini ölçmək nisbətən asan ola bilər.

Adi dövlət məktəbində isə mənzərə tamam başqadır. Burada müəllim qarşısına gələn bütün uşaqlarla işləyir. Kiminsə imkanlı, kiminsə imkansız olması onun seçimi deyil. Kiminsə repetitor yanına getməsi, digərinin getməməsi müəllimin müəyyən etdiyi məsələ deyil. Valideynin uşağın dərsinə nə qədər vaxt ayırması da müəllimin nəzarətində deyil.

Ona görə də müəllimin əməkhaqqını birbaşa şagirdin nəticəsinə bağlamaq düzgün istiqamət deyil. Daha sağlam yanaşma müəllimin əməyini kompleks şəkildə qiymətləndirmək, nəticəsini nəzərə almaq, amma maaşını şagirdin qiymətinə məhkum etməməkdir.

Müəllim yaxşı işləyirsə, bunun qarşılığını almalıdır. Peşəkarlığını artırırsa, bu, əməkhaqqında öz əksini tapmalıdır. Çətin məktəbdə, ağır sosial mühitdə, zəif şagirdlərlə böyük əmək sərf edirsə, həmin əməyin ayrıca qiymətləndirilməsi lazımdır. Şagirdlərində ciddi inkişaf yaradırsa, əlavə stimullaşdırma mexanizmləri tətbiq edilə bilər.

Amma bir uşağın 50 və ya 90 bal toplaması müəllimin maaşının taleyinə çevrilməməlidir. Çünki şagirdin qiyməti onun biliyinin göstəricisidir, müəllimin maaşı isə onun əməyinin qarşılığıdır. Bu iki anlayışı bir-birinə qarışdıranda təhsildə nəticə axtararkən ədaləti itirmək təhlükəsi yaranır.

Təhsilin məqsədi yalnız yüksək bal toplayan uşaqlar yetişdirmək deyil. Əsas məqsəd hər bir uşağın öz potensialına çatmasına imkan yaratmaqdır. Bunu təmin edən müəllim isə bəzən ən yüksək bal toplayan şagirdin müəllimindən də böyük iş görmüş olur.

Və həmin əməyin əsl qiymətini yalnız imtahan nəticələri ilə ölçmək mümkün deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 106   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.