Bakı-Daşkənd xətti: İki ölkənin iqtisadi potensialı necə birləşir?
"Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr son illərdə kifayət qədər sürətlə inkişaf edir. Məncə, bu münasibətlərin ən böyük üstünlüklərindən biri iki ölkənin iqtisadi imkanlarının bir-birini tamamlamasıdır. Özbəkistan böyük istehsal potensialına və Mərkəzi Asiyanın geniş bazarına malikdir. Azərbaycan isə Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə-Avropa istiqamətində mühüm nəqliyyat və logistika imkanlarına sahibdir".
Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, hazırda əsas məsələ yalnız ticarət dövriyyəsini artırmaq deyil, eyni zamanda əməkdaşlığın strukturunu dəyişməkdir. Yəni Azərbaycan və Özbəkistan bir-birindən daha çox məhsul almaqla kifayətlənməməli, iqtisadi əməkdaşlığı birgə istehsal və investisiya modelinə keçirməlidir. Birgə müəssisələrin yaradılması, sənaye və kənd təsərrüfatı məhsullarının birgə istehsalı, enerji, logistika, tekstil, maşınqayırma və ərzaq emalı sahələrində layihələrin həyata keçirilməsi daha böyük iqtisadi nəticələr verə bilər:
"Burada xüsusilə sənaye kooperasiyasına diqqət yetirmək lazımdır. Çünki hazır məhsul ticarətindən fərqli olaraq birgə istehsal həm əlavə dəyər yaradır, həm məşğulluğu artırır, həm də iki ölkənin iqtisadiyyatını daha uzunmüddətli əməkdaşlıq modelinə bağlayır. Bu baxımdan Azərbaycan və Özbəkistan şirkətlərinin qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika istiqaməti isə xüsusilə vacibdir. Özbəkistanın dənizə birbaşa çıxışının olmaması onun üçün alternativ ixrac marşrutlarını strateji əhəmiyyətli edir. Azərbaycanın Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən mövqeyi isə bu baxımdan ciddi üstünlük yaradır.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi də gələcəkdə bu imkanları daha da genişləndirə bilər. Lakin Azərbaycan üçün burada əsas məsələ yalnız yeni marşrutların açılması deyil. Həmin marşrutların sürət, tarif, xidmət keyfiyyəti və etibarlılıq baxımından rəqabətqabiliyyətli olması vacibdir. Çünki regional logistika mərkəzi olmaq üçün coğrafi mövqe kifayət etmir. Marşrutun iqtisadi cəhətdən səmərəli və biznes üçün cəlbedici olması da təmin edilməlidir.
Mən hesab edirəm ki, Azərbaycan-Özbəkistan iqtisadi münasibətləri gələcəkdə sadəcə ikitərəfli ticarət əlaqəsi olmaqdan çıxaraq Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında formalaşan daha böyük iqtisadi zəncirin mühüm hissəsinə çevrilə bilər.
Bunun üçün isə imzalanan sənədlərin real investisiyalara, birgə müəssisələrə, yeni istehsal sahələrinə və davamlı yük axınına çevrilməsi əsas şərtdir. Əgər bu istiqamətdə konkret nəticələr əldə olunarsa, 1 milyard dollarlıq ticarət hədəfi də sadəcə statistik göstərici deyil, iki ölkə arasında dərinləşən iqtisadi inteqrasiyanın təbii nəticəsi kimi ortaya çıxa bilər.
Əslində, Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığının gələcək perspektivini də məhz burada axtarmaq lazımdır: məqsəd sadəcə daha çox məhsul satmaq deyil, iki ölkənin iqtisadi imkanlarını birləşdirərək daha böyük regional bazarlara çıxmaqdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










