Azərbaycan regional daşımaların əsas habına çevrilir - Bakı Limanında yeni hədəf
Bakı Limanı Orta Dəhlizin ən mühüm qovşaqlarından biridir, çünki Azərbaycanın ərazisində və Xəzər dənizinin qərb sahilində müqayisəolunan gücə və əməliyyat imkanlarına malik başqa universal yük limanı yoxdur.
Bu barədə Dünya Bankının "İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası" hesabatında deyilir.
Sənədə əsasən, Bakı Limanının gücü hazırkı 15 milyon tondan 25 milyon tona, konteyner gücü isə birinci mərhələdə 150 min TEU-dan 260 min TEU-ya, sonrakı mərhələdə isə təxminən 500-650 min TEU-ya çatdırılır.
"Genişləndirmə, xüsusilə, mövcud giriş kanalında dibdərinləşdirmə işlərini, həmçinin mövcud və planlaşdırılan körpü sahələrində işləri nəzərdə tutur.
2025-ci ildə Bakı Limanı 107 min TEU daxil olmaqla, 8,2 milyon ton yük emal edib. Limanın konteyner dövriyyəsi illik ifadədə 39 faiz artıb", - deyə hesabatda bildirilir.
Həmçinin qeyd olunur ki, limanın dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi sahəsində təcrübəsi var.
"Belə ki, özəl sektorun iştirakı ilə gübrələrin aşırılması terminalı yaradılıb, ayrı-ayrı ümumi və konteyner yüklərinin emalı əməliyyatlarında özəl stevedor şirkətlərinin iştirakı genişləndirilib", - deyə hesabatda bildirilir.
Dünya Bankının qiymətləndirməsinə görə, yeni terminalların, o cümlədən ixtisaslaşdırılmış konteyner terminalının tikintisi də daxil olmaqla, Bakı Limanının 25 milyon tona və təxminən 500-650 min TEU-ya qədər davam edən genişləndirilməsi limanın idarəetmə modelinin dəyişdirilməsi üçün imkan yaradır.
Sənəddə qeyd olunur ki, bu proses çərçivəsində limanın idarə edilməsində "landlord-port" modelinin prinsiplərindən daha geniş istifadə etmək və rəqabət əsasında bağlanan uzunmüddətli konsessiya müqavilələri əsasında yeni terminalların idarə edilməsinə bir və ya bir neçə aparıcı beynəlxalq özəl operator cəlb etmək mümkündür.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin İkinci Beynəlxalq İnvestisiya Forumundakı çıxışı zamanı qeyd etdiyi strateji məqamlardan biri məhz beynəlxalq yükdaşımalarla bağlı idi:
"Dövlət başçısı ölkəmiz vasitəsilə mövcud dəhlizlərlə 16 milyon ton yükün daşındığını və bu rəqəmin illik 25 milyon tona çatdırılmasının hədəfləndiyini bildirdi.
Sözsüz ki, Bakı Limanı bu kontekstdə, xüsusən də beynəlxalq yükdaşımaların dəstəklənməsi baxımından çox vacibdir. Çünki bu qovşaq Orta Dəhlizin əsas regional seqmentlərindən birinə çevrilməklə Azərbaycan üzərindən daha çox yükün daşınmasına imkan yaradır".
Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edən və bu vəsaiti qeyri-neft sektorunun inkişafına yönəldən ölkələrdəndir:
"Həm infrastruktura investisiya qoyulması, həm də elektron xidmətlərdən geniş fəaliyyətdə istifadə olunması praktiki olaraq ölkəmizdən daşınan yükün həcmini artırır və dövlət gəlirlərimizi çoğaldır. Bu baxımdan Bakı Limanı mövcud potensialı ilə daha çox yükün qəbuluna imkan verəcək. Xüsusilə nəzərə alsaq ki, Ələtdə yerləşən liman Xəzərdəkiən böyük limandır, bu infraqstruktur inteqrasiyası Azərbaycanın regional daşımalarda əsas haba çevrilməsini təmin edəcək".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










