Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi iqtisadi siyasətin ayrıca istiqaməti olmaqdan çıxaraq milli təhlükəsizlik, xarici siyasət və geosiyasi təsir imkanları ilə sıx bağlı olan strateji amilə çevrilib.

"Son illərdə dünyanın müxtəlif regionlarında hərbi-siyasi qarşıdurmaların genişlənməsi, ənənəvi təchizat zəncirlərində yaranan fasilələr, enerji marşrutlarının təhlükəsizliyi ilə bağlı risklər və iri iqtisadiyyatların alternativ mənbələr axtarışı qlobal enerji arxitekturasını əhəmiyyətli şəkildə dəyişdirir. Burada mühüm məqam yalnız enerjiyə tələbatın artması deyil. Daha mühüm tendensiya etibarlı mənbədən, proqnozlaşdırılan tərəfdaşdan və təhlükəsiz marşrutlardan enerji əldə edilməsinə olan tələbin yüksəlməsidir. Məhz bu dəyişiklik Azərbaycanın geoiqtisadi əhəmiyyətini əvvəlki dövrlərlə müqayisədə daha da artırır", - deyə deputat bildirib.

R.Muradov qeyd edib ki, Azərbaycanın üstünlüyü yalnız zəngin enerji ehtiyatlarına malik olması ilə məhdudlaşmır: əsas üstünlük hasilat, emal, ixrac, tranzit infrastrukturu və müxtəlif bazarlara çıxış imkanlarının vahid sistemdə birləşdirilməsidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac edən ölkələrdən biri olduğu vurğulanıb. Geosiyasi qarşıdurmaların davam etdiyi şəraitdə Azərbaycan qazına və digər enerji məhsullarına tələbatın artacağı da qeyd olunub.

"Bu baxımdan Azərbaycanın enerji siyasətinin əsas nəticəsi yalnız ixrac həcmlərinin artması deyil. Ölkə enerji resurslarını beynəlxalq bazarlara çıxaran infrastrukturun, uzunmüddətli müqavilələrin və müxtəlif istiqamətlər üzrə enerji bağlantılarının formalaşdırılmasına nail olub. Bu isə enerji resurslarının iqtisadi əhəmiyyəti ilə yanaşı, Azərbaycanın beynəlxalq enerji sistemində rolunu da gücləndirir", - deputat vurğulayıb.

Rəqəmlər də Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini göstərir. Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 33,4 milyard kubmetr təbii qaz hasil edilib. Həmin dövrdə xaricə 16,4 milyard kubmetr qaz ixrac olunub. İxracın 5,9 milyard kubmetri Avropanın, 7,5 milyard kubmetri Türkiyənin, 1 milyard kubmetri isə Suriyanın payına düşüb.

2025-ci ildə isə Azərbaycan və SOCAR tərəfindən Avropa İttifaqına 12,5 milyard kubmetr təbii qaz tədarük edilib. Bu, 2021-ci illə müqayisədə 53,8 % çoxdur. Azərbaycan qazının Almaniya və Avstriyaya ixracına 2026-cı ilin yanvarından başlanması da Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropadakı coğrafiyasının genişləndiyini göstərir.

"Burada Cənub Qaz Dəhlizinin rolu xüsusilə böyükdür. Təxminən 3 500 kilometr uzunluğunda olan bu infrastruktur Xəzər hövzəsini Türkiyə və Avropa bazarları ilə birləşdirir. Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması baxımından bu dəhliz sadəcə nəqliyyat infrastrukturu deyil, ölkənin enerji siyasətinin əsas strateji dayaqlarından biridir. Avropa İttifaqı da Azərbaycan qazının enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsində rolunu açıq şəkildə qeyd edir", - R.Muradov deyib.

Deputat hesab edir ki, müasir geosiyasətdə enerji resurslarının siyasi və iqtisadi çəkisini müəyyən edən əsas amil həm ehtiyatların həcmi, həm də həmin resursların bazarlara hansı sabitliklə və hansı infrastruktur vasitəsilə çatdırılmasıdır.

"Yerin altında olan enerji ehtiyatı potensialdır. Onu geoiqtisadi kapitala çevirən isə infrastruktur, uzunmüddətli müqavilələr, investisiyalar, tərəfdaşlarla etibarlı münasibətlər və alternativ bazarlara çıxış imkanlarıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi enerji layihələri bu baxımdan ölkənin resurs üstünlüyünü daha geniş geoiqtisadi üstünlüyə çevirmək imkanlarını artırıb", - deyə o bildirib.

R.Muradovun sözlərinə görə, enerji amilinin siyasi çəkisi də məhz bu qarşılıqlı asılılıqdan formalaşır. Azərbaycan üçün əsas məsələ enerjidən təzyiq vasitəsi kimi istifadə etmək deyil, qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli əməkdaşlıq sistemi yaratmaqdır.

"Azərbaycanla enerji əməkdaşlığı tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin bir hissəsinə çevrildikcə qarşılıqlı iqtisadi maraqlar dərinləşir. Bu isə enerji diplomatiyasının daha dayanıqlı modelini formalaşdırır. Belə model Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir, yeni əməkdaşlıq platformaları yaradır və ölkənin regional proseslərdə rolunu artırır", - deputat qeyd edib.

O bildirib ki, enerji ixracının iqtisadi əhəmiyyəti də yalnız valyuta gəlirlərinin formalaşması ilə ölçülməməlidir. Enerji gəlirləri infrastrukturun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyalar və gələcək nəsillər üçün maliyyə ehtiyatlarının yaradılması baxımından da əhəmiyyətlidir.

"Digər tərəfdən, enerji ixracatçısı üçün əsas uzunmüddətli çağırışlar da mövcuddur. Dünya enerji qiymətlərinin dəyişkənliyi və qlobal enerji keçidi karbohidrogenlərdən əldə olunan gəlirlərin gələcəkdə iqtisadi artımın yeganə dayağı kimi nəzərdən keçirilməsini məhdudlaşdırır. Buna görə enerji üstünlüyünün dayanıqlı iqtisadi üstünlüyə çevrilməsi üçün əldə olunan gəlirlərin yeni istehsal sahələrinə, qeyri-neft sektoruna, texnologiyalara və ixrac potensialına yönəldilməsi vacibdir", - R.Muradov deyib.

Onun sözlərinə görə, Azərbaycanın yeni enerji strategiyasının digər mühüm xüsusiyyəti ənənəvi enerji ilə bərpaolunan enerjinin bir-birinə alternativ kimi deyil, vahid sistemin komponentləri kimi inkişaf etdirilməsidir.

"Azərbaycan enerji keçidinə yalnız karbohidrogen ixracatçısı kimi daxil olmur. Ölkə eyni zamanda Xəzərin külək potensialından istifadə etməyə, günəş və külək enerjisi layihələrini genişləndirməyə, elektrik şəbəkələrini modernləşdirməyə və regional yaşıl enerji dəhlizləri yaratmağa çalışır. 2032-ci ilədək təxminən 8 QVt bərpaolunan enerji gücünün yaradılması planı bu strategiyanın miqyasını göstərir", - deyə deputat vurğulayıb.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılması üzərində də işləyir. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə ümumi ötürmə gücünün 4 QVt olması nəzərdə tutulur. Bundan başqa, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə də işlər davam etdirilir.

Bu proses Azərbaycanın enerji sistemində rolunun tədricən dəyişməsinə səbəb olur. Əvvəlki mərhələdə ölkənin əsas funksiyası Xəzər hövzəsində hasil olunan neft və qazın dünya bazarlarına çıxarılması idisə, yeni mərhələdə enerji istehsalı, emalı, tranziti, elektrik enerjisi ixracı və regional bağlantıların inkişafı paralel istiqamətlərə çevrilir.

"Bu gün Azərbaycanın enerji xəritəsində neft və qazla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, enerji saxlanc sistemləri, regional interkonnektorlar və yaşıl enerji dəhlizləri də mühüm yer tutur. Beləliklə, ölkənin enerji siyasəti təkcə ixrac modelindən regional enerji əlaqələndiricisi modelinə doğru transformasiya olunur", - R.Muradov bildirib.

Onun fikrincə, Azərbaycan üçün növbəti mərhələnin əsas vəzifəsi mövcud enerji üstünlüklərini daha geniş və dayanıqlı iqtisadi imkanlara çevirməkdir.

"Karbohidrogen ehtiyatları, yeni qaz layihələri, mövcud enerji infrastrukturu, bərpaolunan enerji, elektrik bağlantıları, tranzit imkanları və iqtisadi şaxələndirmə vahid strategiya çərçivəsində inkişaf etdirilərsə, Azərbaycanın enerji sahəsində əldə etdiyi üstünlük daha uzunmüddətli xarakter daşıya bilər. Bu halda enerji Azərbaycan üçün yalnız ixrac məhsulu və gəlir mənbəyi funksiyası daşımayacaq, iqtisadi inkişafı, beynəlxalq tərəfdaşlıqları və regional enerji təhlükəsizliyini dəstəkləyən strateji kapital rolunu oynayacaq", - deputat əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 108   Tarix: 04 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.