Təhsildə bərabərlik və sosial həmrəyliyin təmin olunmasında vahid geyim formasının rolu
"Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı təyin olunmuş vahid tələblər, sadəcə, inzibati-təşkilati qayda xarakteri daşımır, eyni zamanda ölkənin milli-ideoloji təhlükəsizliyinin qorunmasına, dünyəvi təhsil prinsiplərinin bərqərar olunmasına və cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edən kompleks dövlət siyasətinin tərkib hissəsidir. Müasir dövrdə qlobal miqyasda cərəyan edən mürəkkəb siyasi proseslər, informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı dövlətlərin təhlükəsizlik arxitekturasında yeni çağırışlar meydana çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında xüsusi vurğuladığı kimi, fiziki təhlükəsizliklə yanaşı, ideoloji təhlükəsizliyin təmin olunması da həyati əhəmiyyət kəsb edir. Sərhəd tanımayan, internet, kiberhücumlar və müxtəlif platformalar üzərindən cəmiyyətin daxilinə yönəldilən ideoloji təxribatlara qarşı ən effektiv immunitet isə ilk növbədə yüksək təhsil, savad və vətənpərvərlik hissidir".
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
O, qeyd edib ki, bu gün bəzi xarici mərkəzlər və onların idarə etdiyi media resursları vasitəsilə cəmiyyətimizin, xüsusilə də dünyagörüşü hələ formalaşmaqda olan uşaqların və gənclərin dini-ideoloji təsir altına salınması cəhdləri müşahidə olunur. Ötən əsrin əvvəllərində maarifçi ziyalılarımızın ifşa etdiyi xurafat və mövhumatı yenidən həyat tərzinə çevirməyə çalışan, din amilindən bir vasitə kimi istifadə edərək ölkəmizi inkişaf yolundan döndərmək niyyəti güdən bu mərkəzlər təhsil sisteminin dünyəvi əsaslarını hədəfə alırlar. Bəzi qonşu ölkələrdə baş örtüsü məsələsinin süni şəkildə qabardılaraq "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə qarşı təbliğat aparılması da məhz milli birliyimizi sarsıtmaq və dövlətimizi müstəqil inkişaf xəttindən yayındırmaq məqsədinə xidmət edir:
"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlətimiz dünyəvi respublikadır və təhsil sistemi dünyəvi xarakter daşıyır. Dünyəvi təhsilin əsas məqsədi uşağın dini kimliyini məhdudlaşdırmaq deyil, onu hər cür kənar ideoloji təzyiqlərdən qorumaq, azad, obyektiv və elmə söykənən düşüncə tərzini formalaşdırmaqdır. Məktəb yaşlı azyaşlıların dini simvollardan istifadəyə cəlb edilməsi yetkin şəxsin sərbəst dini seçimi ilə eyni müstəvidə qiymətləndirilə bilməz. Uşağın seçim azadlığı ilə valideynin dini tərbiyə hüququ arasında balans qorunmalı, valideyn hüquqları hüquqi və dünyəvi dövlət prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Dini nöqteyi-nəzərdən də fərdin dinə münasibəti onun yetkinlik yaşına çatması və şəxsi qərarı ilə bağlıdır. Qurani-Kərimin "dində məcburiyyətin olmaması" postulatı da yetkinlik yaşına çatmamış uşaqların müəyyən dini geyim normalarına tabe etdirilməsinin yolverilməzliyini təsdiqləyir.
Tətbiq edilən geyim tələbləri mövcud hüquqi çərçivənin və qanunvericilik normalarının ardıcıl icrasını təmin edir. Nazirlər Kabinetinin təhsilalanların geyim formalarının təsvirlərinə və təhsilverənlərin geyim tələblərinə dair qərarları, habelə ümumi təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi məktəbdaxili nizam-intizamın və işgüzar mühitin gücləndirilməsinə yönəlib. Bu yanaşma beynəlxalq hüquq praktikasında da tam dəstəklənir. Avropa İnsan Hüquqları Məhkəməsinin "Dahlab İsveçrəyə qarşı" və "Leyla Şahin Türkiyəyə qarşı" işləri üzrə presedentləri təhsil müəssisələrində neytrallığın və dünyəviliyin qorunması məqsədilə geyim məhdudiyyətlərinin tətbiqini legitim hesab edir. Eyni zamanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi region ölkələrində də analoji vahid geyim standartları hüquqi müstəvidə tətbiq olunmaqdadır.
Vahid geyim forması və peşəkar işgüzar üslub sosial və pedaqoji baxımdan böyük əhəmiyyətə malikdir. Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqləri və ayrı-seçkilik risklərini ortadan qaldırır, bərabərlik mühiti yaradır və diqqətin tədris prosesindən yayınmasının qarşısını alır. Təhsilverənlər üçün müəyyən edilmiş işgüzar dress-kod isə məktəbdə korporativ idarəetmə mədəniyyətini formalaşdırır, müəllimin pedaqoji nüfuzunu qoruyur və şagirdlərdə peşəkar ünsiyyət normalarına hörmət hissi peyvənd edir.
Məktəblərdə dünyəvilik prinsiplərinin və vahid geyim qaydalarının tətbiqi heç bir halda dini inanclara qarşı yönəlməyib. Azərbaycan dövləti hər zaman İslam dininə və milli-mənəvi dəyərlərə böyük ehtiramla yanaşır. Son illərdə ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş Şuşa, Ağdam, Zəngilan və digər rayonlarımızda yüzlərlə məscid və ziyarətgahın bərpası, din xadimlərinə və dini konfessiyalara dövlət maliyyə dəstəyinin artırılması, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, eləcə də COP29 çərçivəsində Dini Liderlərin Qlobal Bakı Sammiti və Şuşada Türk Dövlətləri Təşkilatının dini qurumlar rəhbərlərinin görüşü kimi beynəlxalq tədbirlər bu qayğının bariz nümunəsidir. Dövlət-din münasibətlərinin bu yüksək səviyyəsi fonunda təhsil müəssisələrində nizam-intizamın və dünyəviliyin qorunması milli təhlükəsizliyimizin, cəmiyyətimizin sağlam gələcəyinin və ideoloji dayanıqlılığının vacib təminatıdır".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










