Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"
İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir.
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil, suveren və dünyəvi dövlətdir, ölkənin təhsil siyasəti isə xalqın iradəsi, milli qanunvericilik və dövlətçilik maraqları əsasında müəyyənləşdirilir.
Ekspert qeyd edib ki, məktəblərdə vahid geyim formasının tətbiqi dini dəyərlərə qarşı mübarizə deyil.
"Bunu hicabla əlaqələndirmək faktları siyasi məqsədlərə uyğun yozmaq və cəmiyyətdə süni narazılıq yaratmağa çalışmaqdır. Azərbaycan dövlətinin qərarlarına dini don geyindirməklə təzyiq göstərmək cəhdləri nəticəsiz qalacaq", - deyə B.Quliyev vurğulayıb.
Ekspertin fikrincə, İran rəsmiləri Azərbaycan təhsil sisteminə münasibət bildirməzdən əvvəl öz ölkələrindəki vəziyyətə də diqqət yetirməlidirlər. O, İranda yaşayan azərbaycanlıların ana dilinin qorunması, Azərbaycan dilində təhsil imkanları və milli-mədəni hüquqlarının təmin edilməsi məsələlərinin ciddi diqqət tələb etdiyini bildirib.
"İran rəsmiləri başqa ölkənin məktəbli formasını müzakirə etmək əvəzinə, öz ölkələrində yaşayan azərbaycanlıların ana dilində təhsil imkanları ilə bağlı suallara aydın cavab verməlidirlər", - deyə siyasi ekspert qeyd edib.
B.Quliyev əlavə edib ki, burada söhbət İranın daxili işlərinə müdaxilədən deyil, siyasi bəyanatlarda ikili standartların yolverilməzliyindən, qarşılıqlı hörmətdən və milli hüquqlara eyni meyarlarla yanaşmaq zərurətindən gedir.
Onun sözlərinə görə, Azərbaycan öz suverenliyinə hörmət tələb etdiyi kimi, başqa xalqların dil və mədəni hüquqlarına hörmətlə yanaşılmasını da vacib sayır.
Ekspert vurğulayıb ki, Azərbaycanla münasibətləri dini şüarlar, ittihamlar və ictimai rəyə təsir kampaniyaları üzərindən qurmaq mümkün deyil.
"Azərbaycan cəmiyyəti öz dövlətinin siyasətini kənardan verilən göstərişlər əsasında müəyyənləşdirmir. Ölkəmizin milli maraqları, təhlükəsizliyi, dünyəvi dövlət quruluşu və müstəqil qərarvermə hüququ toxunulmazdır", - deyə o bildirib.
B.Quliyev, həmçinin Azərbaycan ictimaiyyətini dini və milli həssaslıqlardan siyasi manipulyasiya məqsədilə istifadə edilməsinə qarşı ayıq olmağa çağırıb. O qeyd edib ki, Azərbaycanın daxili siyasətinə dair əsassız ittihamlar nə yaxşı qonşuluq münasibətlərinə, nə də diplomatik əlaqələrin ruhuna uyğundur.
"Biz qonşuluq münasibətlərinin qorunmasının tərəfdarıyıq. Lakin qonşuluq adı altında Azərbaycanın milli maraqlarına müdaxiləni qəbul etmək fikrində deyilik. Yaxşı münasibətlər qarşılıqlı hörmətlə mümkündür, təzyiq və ikili standartlarla deyil", - deyə ekspert vurğulayıb.
Sonda B.Quliyev Azərbaycanın milli maraqlarının prioritet olduğunu və bu mövqenin dəyişməyəcəyini bildirib.
"Azərbaycanın milli maraqları bizim üçün qırmızı xətdir. Bu xətti heç bir xarici siyasi kampaniya, dini ritorika və ya diplomatik təzyiq dəyişə bilməz. İran tərəfi də anlamalıdır ki, Azərbaycanla sağlam münasibətlər qurmaq istəyirsə, ilk növbədə ölkəmizin müstəqilliyinə, suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət etməlidir.
Bizim üçün əsas meyar başqa dövlətlərin siyasi istəkləri deyil, Azərbaycan dövlətinin təhlükəsizliyi, xalqımızın iradəsi və milli mənafelərimizin təmin edilməsidir. Bu mövqedən geri çəkilmək niyyətimiz yoxdur", - deyə B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









