COP31-də Əliyev-Ərdoğan görüşü: Strateji müttəfiqliyin növbəti nümayişi
COP31 çərçivəsində Türkiyənin Antalya şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi səmimi münasibət və siyasi yaxınlıq adi diplomatik protokol çərçivəsindən daha geniş məna daşıyır. Bu, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin beynəlxalq platformada nümayişidir.
Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub. Antalya hava limanında dövlət başçımızın yüksək səviyyədə qarşılanması, daha sonra COP31 Liderlər Sammitində Türkiyə Prezidenti və BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən şəxsən qarşılanması Azərbaycanın beynəlxalq nüfuzunun və Türkiyə ilə münasibətlərinin siyasi əhəmiyyətinin göstəricisidir.
Eyni zamanda, COP31-in açılışında Rəcəb Tayyib Ərdoğanın əvvəlki COP sədrliklərinin təcrübəsini bölüşdüklərinə görə Azərbaycan və Braziliyaya təşəkkür etməsi xüsusi diqqətə layiqdir. Bu, Azərbaycanın COP29 çərçivəsində qazandığı təcrübənin və qlobal iqlim diplomatiyasına verdiyi töhfənin Türkiyə tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Burada söhbət yalnız iki dövlət başçısının şəxsi münasibətlərindən getmir. Eyni zamanda, iki ölkə arasında formalaşmış möhkəm siyasi iradənin, qarşılıqlı etimadın və ortaq strateji maraqların təzahürünü görürük. Azərbaycan-Türkiyə münasibətləri artıq sadəcə dostluq və tərəfdaşlıq əlaqələri deyil. Şuşa Bəyannaməsi ilə bu münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib və regional təhlükəsizlik məsələlərində də özünü göstərir.
Bu məqamda Türkiyə Prezidentinin noyabrın 8-də Azərbaycana, o cümlədən Şuşa və Xankəndiyə səfərini də xatırlatmaq lazımdır. Rəcəb Tayyib Ərdoğanın Zəfər abidəsinin önünə əklil qoyması, Xocalı Soyqırımı Memorialını ziyarət etməsi və təltif olunmuş hərbi qulluqçularla görüşü Azərbaycan-Türkiyə münasibətlərinin mənəvi-siyasi əsaslarının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu səfərdən cəmi iki gün sonra Azərbaycan Prezidentinin COP31 çərçivəsində Türkiyədə iştirakı və iki liderin beynəlxalq platformada bir araya gəlməsi münasibətlərin davamlılığını və siyasi koordinasiyasını göstərən mühüm məqamdır.
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Ekspert qeyd edib ki, bu görüntülərin beynəlxalq ictimaiyyətə verdiyi mesaj kifayət qədər aydındır: Azərbaycan və Türkiyə bir-birinin yanında olan, ortaq maraqlarını uzlaşdıran və regionun gələcəyinə dair məsələlərdə koordinasiyalı mövqe nümayiş etdirən iki müttəfiq dövlətdir.
Məsələnin Cənubi Qafqaz kontekstində də xüsusi əhəmiyyəti var. Hazırda regionda yeni geosiyasi reallıqlar formalaşır. Azərbaycan postmüharibə dövründə regionun siyasi və iqtisadi gündəliyinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Türkiyə isə Azərbaycanın strateji müttəfiqi kimi bu proseslərdə xüsusi çəkiyə malikdir. İki ölkənin siyasi, iqtisadi, hərbi və nəqliyyat sahələrində əməkdaşlığı regional proseslərə təsir göstərən əsas amillərdəndir.
Təbii ki, bu münasibətlər Ermənistanın da diqqətindən kənarda qala bilməz. Ermənistan anlamalıdır ki, regionda davamlı sülhə, kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığa nail olmaq üçün mövcud reallıqlar nəzərə alınmalı, qarşılıqlı etimad və suverenliyə hörmət prinsipləri əsas götürülməlidir. Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülh və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi amillərdən biridir.
Digər tərəfdən, COP31 platforması göstərir ki, Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız regional təhlükəsizlik və siyasi məsələlərlə məhdudlaşmır. İqlim diplomatiyası, enerji keçidi, yaşıl iqtisadiyyat və beynəlxalq ekoloji təşəbbüslər də iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycanın COP29-a, Türkiyənin isə COP31-ə ev sahibliyi etməsi bu sahədə təcrübə mübadiləsi və təşəbbüslərin davamlılığı baxımından əhəmiyyətlidir.
Eyni zamanda, iki liderin nümayiş etdirdiyi birlik regionun digər güc mərkəzlərinə də Azərbaycan-Türkiyə müttəfiqliyinin uzunmüddətli və strateji xarakter daşıdığı mesajını verir. Lakin bu əməkdaşlıq hər hansı dövlətə qarşı yönəlmiş siyasət kimi qiymətləndirilməməlidir. Əksinə, regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Hesab edirəm ki, COP31-də iki liderin nümayiş etdirdiyi səmimiyyətin əsas siyasi mahiyyəti məhz bundan ibarətdir: Azərbaycan və Türkiyə regionun gələcəyinə dair məsələlərdə ortaq strateji baxışa malikdirlər. Bu birlik həm də dünyaya göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı dəyişən beynəlxalq siyasi şəraitdə belə öz möhkəmliyini qoruyur.
Bu, sadəcə iki prezidentin səmimi görüntüsü deyil, iki dövlətin strateji müttəfiqliyinin, qarşılıqlı etimadının və ortaq siyasi iradəsinin beynəlxalq aləmə nümayişidir", - deyə Bəhruz Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








