Azərbaycanın Fələstinə dəstəyi niyə bəzi dairələri narahat edir?
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. Bununla yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyi də Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib.
Azərbaycan-Fələstin münasibətləri uzun illərdir dostluq və qarşılıqlı dəstək prinsipləri əsasında inkişaf edir. Rəsmi Bakı bu gün olduğu kimi, əvvəlki illərdə də Fələstinin müstəqilliyini dəstəkləyib, Fələstin xalqına humanitar yardımlar göstərib. Azərbaycanın Fələstində daimi nümayəndəliyi, Fələstinin isə Bakıda səfirliyi fəaliyyət göstərir. Bakı İsrail-Fələstin münaqişəsinin, o cümlədən Qüds və Qəzza məsələlərinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib.
Prezident İlham Əliyevin Mahmud Abbasa ünvanladığı təbrik məktubu Azərbaycanın Fələstin məsələsinə dair prinsipial mövqeyinin növbəti təsdiqidir. Məktubda yer alan fikirlər göstərir ki, Azərbaycan Fələstin xalqının müstəqil dövlət qurmaq istəyini dəstəkləyir və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini vacib hesab edir.
Xüsusilə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasına dəstəyin açıq şəkildə ifadə edilməsi Azərbaycanın bu məsələdəki mövqeyinin dəyişməz olduğunu göstərir. Dövlət başçısının iki dövlət prinsipinə istinad etməsi isə problemin yalnız siyasi bəyanatlarla deyil, beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və hüquqi mexanizmlər əsasında həllinin vacibliyini ön plana çıxarır.
Məktubun diqqətçəkən digər məqamı Azərbaycanın Fələstinə münasibətinin yalnız siyasi dəstəklə məhdudlaşmamasıdır. Humanitar yardımların davam etdiriləcəyinə dair verilən mesaj ölkəmizin Fələstin xalqının üzləşdiyi çətinliklərə həssas yanaşdığını göstərir. Beləliklə, Bakı həm diplomatik mövqeyi, həm də humanitar fəaliyyəti ilə Fələstin xalqına dəstəyini ifadə edir.
Təəssüf ki, Azərbaycan Prezidentinin Fələstin dövlətinin müstəqilliyini dəstəkləyən və ölkəmizin bu xalqa göstərdiyi humanitar yardımları ehtiva edən məktubu bəzi qüvvələr tərəfindən yenidən məqsədyönlü şəkildə təhrif olunur. Türkiyədəki bəzi radikal mühafizəkar dairələr sosial şəbəkələrdə Bakının bu addımını "ikiüzlülük" və "səmimiyyətsizlik" kimi təqdim edirlər. Halbuki Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Rəsmi Bakı ilk gündən bu siyasi xətti yürüdüb və bu gün də həmin mövqeyinə sadiqdir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, İsrail tərəfindən Azərbaycanın Fələstin məsələsindəki mövqeyinə görə bu günədək Bakıya hər hansı irad və ya narazılıq bildirilmədiyi halda, Türkiyədəki bəzi dairələr ölkəmizin atdığı addımları mənfi təqdim etməyə çalışırlar. Digər tərəfdən, Fələstin Prezidenti Mahmud Abbasın Türkiyənin Müstəqillik Günü ərəfəsində Kiprə səfəri və adanın bütövlüyü ilə bağlı açıqlamaları fonunda Ankaranın reaksiyasının eyni səviyyədə olmaması da diqqət çəkən məqamlardandır.
Nəticə etibarilə, Azərbaycan-Fələstin münasibətləri qarşılıqlı hörmət və dəstək əsasında inkişaf edir. Rəsmi Bakı Fələstin xalqının müstəqil dövlət qurmaq istəyini dəstəkləyir və bu istiqamətdə öz prinsipial mövqeyini qoruyur. Azərbaycanın bu məsələdəki siyasətini tənqid edənlərin mövqeyi isə bəzi hallarda Fələstin məsələsinə verilən dəstəyin özündən daha çox siyasi mübahisələrə xidmət edir.
Turan Rzayev -politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









