Azərbaycanın Asiya siyasətində Vyetnam istiqaməti: Yeni iqtisadi və siyasi imkanlar
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir. Dövlət başçısının bu səfəri mövcud geosiyasi və iqtisadi reallıqlar fonunda xüsusi diqqət çəkir.
Prezidentin Vyetnama səfəri təsadüfi xarakter daşımır. Səfər rəsmi Hanoyun dəvəti əsasında həyata keçirilir. Belə ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam 2025-ci il mayın 7-də Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevi ölkəsinə dəvət etmişdi. 19-21 noyabr tarixlərində reallaşan hazırkı rəsmi səfər məhz həmin dəvətin nəticəsidir.
Azərbaycan və Vyetnam coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, tarixi köklərə söykənən səmimi dostluq münasibətlərinə malikdirlər. İki ölkə arasında dostluğun əsası hələ ötən əsrin 50-ci illərində qoyulub. 1959-cu ildə Vyetnamın tarixi lideri Ho Şi Minin Bakıya səfəri iki xalq arasında əlaqələrin inkişafında mühüm mərhələ olub. Həmin səfər zamanı Azərbaycanın zəngin neft sənayesi təcrübəsi Vyetnam tərəfinin xüsusi marağına səbəb olmuşdu. Sonrakı illərdə azərbaycanlı mütəxəssislər Vyetnamın neft-qaz sənayesinin inkişafında iştirak etmiş, minlərlə vyetnamlı gənc isə Azərbaycanda təhsil alaraq müxtəlif ixtisaslara yiyələnmişdi.
Bu münasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də xüsusi rolu olub. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama rəsmi səfər edib. Səkkiz gün davam edən səfər Hanoydan Hoşimin şəhərinədək ölkənin müxtəlif bölgələrini əhatə edib. Səfər çərçivəsində iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri müzakirə olunub. Heydər Əliyevin Falay İstilik Elektrik Stansiyasına səfəri və Vyetnamın energetika potensialının inkişafına göstərilən diqqət həmin dövrdə əməkdaşlığın konkret nümunələrindən biri idi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bu dostluq ənənəsi davam etdirilib. 23 sentyabr 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2025-ci ildə isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələlərin əsasını qoyub. Xüsusilə 2025-ci ildə iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması tarixi dostluğun müasir siyasi və iqtisadi əməkdaşlıq səviyyəsinə yüksəldilməsini rəsmiləşdirib.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Vyetnama səfəri 2025-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin konkret layihələrlə möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərdə iqtisadiyyat, energetika, müdafiə, nəqliyyat və digər sahələr üzrə məsul şəxslərin təmsil olunması da əməkdaşlıq gündəliyinin kifayət qədər geniş olduğunu göstərir.
İki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ildə 150 milyon dolları ötüb. Bununla belə, mövcud iqtisadi potensial nəzərə alınarsa, bu göstəricinin artırılması üçün imkanlar kifayət qədər genişdir. Vyetnamın istehsal və ixrac imkanları, Azərbaycanın isə enerji resursları və əlverişli tranzit mövqeyi tərəflər arasında yeni iqtisadi əməkdaşlıq istiqamətlərinin formalaşmasına zəmin yaradır. Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağı da bu baxımdan diqqətəlayiqdir.
Energetika iki ölkə arasında əməkdaşlığın ənənəvi istiqamətlərindən biridir. Sovet dövründə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafına verdiyi töhfələr bu gün SOCAR və PetroVietnam arasında əməkdaşlıq vasitəsilə yeni mərhələdə davam etdirilir. 2025-ci ildə imzalanmış memorandum neft-qaz yataqlarının işlənməsi, texniki xidmət və mütəxəssis hazırlığı sahələrində əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün perspektivlər mövcuddur.
Nəqliyyat və logistika da münasibətlərin perspektivli istiqamətlərindəndir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları üzrə imkanları Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması üçün alternativ imkanlar yarada bilər. 2026-cı ilin ilk doqquz ayında Azərbaycan ərazisindən Vyetnamla əlaqəli tranzit yükdaşımalarının altı dəfə artaraq 8 min tonu keçməsi bu istiqamətdə əməkdaşlıq potensialının reallaşmağa başladığını göstərir.
Siyasi müstəvidə isə tərəfləri suverenlik və ərazi bütövlüyü prinsiplərinə ortaq yanaşma, eləcə də beynəlxalq platformalarda əməkdaşlıq birləşdirir. Humanitar əlaqələr, təhsil və mədəniyyət sahəsində onilliklər ərzində formalaşmış ənənələr də ikitərəfli münasibətlərin möhkəm təməlini təşkil edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin əsas hədəfi tarixi dostluq və siyasi etimadı daha geniş iqtisadi əməkdaşlığa çevirməkdir. Strateji tərəfdaşlığın real nəticələri isə qarşılıqlı ticarətin artması, investisiya layihələrinin həyata keçirilməsi, energetika və nəqliyyat-logistika əlaqələrinin genişlənməsi ilə ölçüləcək.
Turan Rzayev - politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










