Buraxılış imtahanında 1472 nəfərin 0 bal toplaması nə ilə bağlıdır? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Buraxılış imtahanlarının nəticələri ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Açıqlanan statistikaya əsasən, 1472 abituriyent imtahanda 0 bal toplayıb. Bu göstərici həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında suallar yaradıb. Bəs yüzlərlə şagirdin sıfır nəticə göstərməsinin əsas səbəbi nədir?
Məsələ imtahan proqramının çətinliyindən, məktəblərdə hazırlıq səviyyəsinin yetərsiz olmasından, yoxsa qiymətləndirmə sisteminin xüsusiyyətlərindən qaynaqlanır? Bu nəticələr təhsil sistemində hansı problemlərin mövcud olduğunu göstərir və gələcəkdə belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, buraxılış imtahanında 1 472 nəfərin 0 bal toplaması ilk baxışda dəhşətli və mürəkkəb görünə bilər, amma əslində bu nəticə tək bir səbəbdən yaranmayıb. Onun sözlərinə görə, burada həm məktəbdəki təhsil, həm imtahanın öz forması, həm də şagirdlərin şəxsi yanaşması zəncirvari şəkildə bir-birinə bağlanıb: "Ən birinci səbəb hazırlıq səviyyəsi və insanların imtahana münasibətidir. 17 yaşında bir çox gənc ali məktəbə qəbul olunmaq istəyir və bunun üçün repetitor yanına gedir. Amma hər kəsin bu imkanı olmur. Rayon və ya kənd məktəblərində resurslar, bəzən də müəllim təminatı paytaxtdakı kimi olmur. Məktəb təhsili zəif qaldıqda və repetitor dəstəyi də olmadıqda, şagird imtahanda tamamilə çətinliklə üz-üzə qalır. Digər tərəfdən, bu 1 472 nəfərin böyük bir hissəsi, böyük ehtimalla, imtahana sadəcə formal olaraq gələnlərdir. Yəni ali məktəbə girmək fikri olmayan, oxumağa motivasiyası çatmayan və ya sırf attestat almaq üçün gəlib cavab kartını boş buraxan, yaxud təsadüfi işarələyən gənclərdir.
İkinci tərəf isə proqramın özüdür. Əvvəllər imtahanlar daha çox "əzbərlə və yaz" prinsipi ilə işləyirdi. İndi isə Dövlət İmtahan Mərkəzi daha çox mətnin analizi, tənqidi düşüncə və mühakimə yürütmək bacarığını yoxlayır. Əgər şagird illərlə yalnız qayda əzbərləyibsə, amma mətni oxuyub oradan çıxarış etməyi, tətbiq etməyi öyrənməyibsə, imtahan zalında qarşısına çıxan açıq suallar onun üçün keçilməz bir divara çevrilir. Dərsliklərin dilinin ağır və sıxıcı olması da gəncləri fəndən uzaqlaşdıran başqa bir amildir.
Sonuncu məsələ isə qiymətləndirmə sistemi və psixologiyadır. Testlərdə variantlar olanda bəxtini sınayıb hansısa balı toplamaq mümkündür. Lakin açıq tipli və yazı tələb edən suallarda "bəlkə tutdu" məntiqi işləmir. Fikrini tam dəqiq ifadə edə bilməyəndə və ya cavabın sistemin gözlədiyi şablona uyğun gəlməyəndə sıfır bal alırsan. Bunların üstünə bir də imtahan stresini, cavab kartını yanlış kodlaşdırmaq kimi texniki səhvləri və ya gərginlikdən kilitlənib qalmağı gəlsək, mənzərə tam aydınlaşır.
Bir sözlə, bu göstərici nə tək başınadək proqramın çox çətin olması, nə təkbaşına qiymətləndirmənin sərtliyi, nə də təkcə şagirdlərin savadsızlığıdır. Bu, məktəb təhsili ilə imtahanın tələbləri arasındakı uyğunsuzluğun və təhsildən soyuyan gənclərin varlığının acı bir göstəricisidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş







