Quzu əti BAHALAŞDI : Qiymətlər niyə yüksəkdir?
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var.
Əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.
Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəbi idxal və daşınma xərclərinin yüksəlməsidir.
Satıcılar bildirirlər ki, mövsümlə əlaqədar son dövrlərdə mağazalara Monqolustandan quzu əti gətirilməyib. Məhsulun satışı yalnız son bir həftə ərzində yenidən bərpa olunub.
Qarşıdakı həftələrdə isə qiymətin stabil qalacağı gözlənilir.
Bəs, bahalaşmanın əsas səbəbləri nələrdir? Yerli idxal niyə azdır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, Monqolustandan gətirilən quzu ətinin bahalaşması daha çox idxalın maya dəyəri və təchizat zənciri ilə bağlı görünür:
"Hazırda satıcıların verdiyi məlumata görə, qiymət əvvəlki 9-12 manatdan 13-16 manata yüksəlib və əsas səbəb kimi idxal və daşınma xərclərinin artması göstərilir. Üstəlik, mövsümi fasilədən sonra Monqolustan quzusunun Azərbaycana gətirilməsi yalnız son həftədə bərpa olunub.
Burada maraqlı məqam odur ki, söhbət təkcə nəqliyyat xərcindən getmir. 2025-ci ildə Azərbaycana Monqolustandan 897 ton qoyun və quzu əti gətirilib və bu, əvvəlki illə müqayisədə 77 faiz çoxdur. Həmin idxalın orta qiyməti təxminən 6,8 manat/kq olub. 2026-cı ilin yanvar-aprelində isə Azərbaycana 58 ton quzu əti idxal edilib və bunun demək olar ki, hamısı - 58 tona yaxın hissəsi - yenə Monqolustanın payına düşüb.
Yəni Monqolustan Azərbaycanda quzu əti üzrə faktiki olaraq əsas xarici təchizatçıya çevrilib. Bu da bazarı həmin ölkədən gələn məhsulun qiymətinə və logistikasına daha həssas edir".
Müsahibimiz qeyd edib ki, yerli istehsal məsələsində isə vəziyyət bir qədər fərqlidir:
"Azərbaycanda ümumilikdə qoyun-keçi əti üzrə özünütəminetmə səviyyəsi yüksəkdir. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı məlumatda ölkənin qoyun-keçi əti ilə özünütəminetmə səviyyəsi 94 faiz, daxili istehsal 88 min ton, idxal isə 5 min ton göstərilir. Düzdür bu rəqəmlərin səhihliyinə bir qədər şübhə var, lakin bu rəsmi gostəricilərdir. Amma burada əsas problem quzu ətidir. Qoyun əti ilə quzu ətini eyni kateqoriya kimi qiymətləndirmək düzgün deyil. Quzu daha cavan heyvandır, onun yetişdirilməsi üçün sürünün reproduktiv potensialı, yem bazası, balaalma göstəriciləri və təsərrüfatın dövriyyəsi mühüm rol oynayır".
Ekspert yerli quzu istehsalının zəif qalmasının səbəblərindən bəhs edib:
"Qoyun-keçi sürüsünün azalması: Azərbaycanda son illərdə qoyun-keçi sayında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsi də qoyun-keçilərin sayı və sürü dövriyyəsi üzrə ayrıca statistika aparır. Yem xərclərinin yüksəlməsi: Qış yemləri, xüsusilə ot və arpa kimi yem komponentlərinin bahalaşması quzu yetişdirmənin maya dəyərini artırır.
Otlaq problemləri: Otlaq sahələrinin məhsuldarlığının aşağı düşməsi və bəzi ərazilərdə otlaq çatışmazlığı heyvandarlığın maya dəyərinə birbaşa təsir edir. Xırda və dağınıq təsərrüfatlar: Azərbaycanda qoyunçuluğun böyük hissəsi sənaye tipli iri fermalardan çox kiçik və ailə təsərrüfatları ilə bağlıdır. Bu isə seleksiya, yemləmə, baytarlıq və məhsuldarlığın idarə olunmasını çətinləşdirir. Damazlıq və məhsuldarlıq problemi: Azərbaycanda yüksək məhsuldarlıq potensialına malik yerli qoyun cinsləri var. AQTA-nın məlumatlarında Mil-Qarabağ, Qaradolaq, Balbas, Azərbaycan dağ merinosu və digər cinslərin yüksək ət məhsuldarlığı göstəriciləri qeyd olunur. Lakin genetik potensialın kommersiya miqyasında tam reallaşdırılması ayrıca məsələdir. Quzunun bazara çıxarılma vaxtı: Fermer üçün quzunu müəyyən çəkiyə çatdırmaq yem və vaxt tələb edir. Əgər bazarda hazır idxal əti daha ucuzdursa, yerli fermerin quzu istehsalını artırmaq üçün iqtisadi stimulu zəifləyir".
Akif Nəsirlinin sözlərinə görə, idxalın özü yerli istehsala təzyiq yarada bilər:
"Ucuz xarici quzu bazarda qiymət tavanını aşağı salır. Fermerin maya dəyəri yüksəkdirsə, o, eyni qiymətə məhsul sata bilmir. Burada bir paradoks yaranır: Azərbaycan ümumilikdə qoyun-keçi əti ilə özünü yüksək səviyyədə təmin etsə də, bazarın konkret olaraq quzu ətinə olan tələbatını yerli istehsal tam qarşılamaya bilər. Buna görə də idxal edilir. Məncə, məsələni yalnız "Monqolustan quzusu niyə bahalaşdı?" kimi qoymaq əvəzinə, "Niyə Azərbaycan ət istehsalında 94 faizlik özünütəminetmə səviyyəsinə baxmayaraq, quzu ətini idxaldan asılı vəziyyətdə saxlayır?" sualı üzərindən araşdırmaq daha maraqlıdır. Çünki 2026-cı ilin ilk dörd ayında quzu əti idxalının əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artması artıq bazarda konkret tələbat olduğunu göstərir. Bu həm də onu göstərir ki, quzu ətinin bahalaşmasının qarşısını yalnız idxalı ucuzlaşdırmaqla almaq mümkün deyil. Əsas məsələ yerli quzu istehsalının maya dəyərini aşağı salmaq və fermer üçün bu sahəni iqtisadi cəhətdən daha cəlbedici etməkdir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








