Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Azərbaycan musiqisində elə imzalar var ki, onların bəstələri illər keçsə də, yaddaşlardan silinmir. Bəzən mahnını hamı tanıyır, zümzümə edir, amma onun müəllifinin adı yeni nəsil üçün o qədər də tanış olmur. Belə sənətkarlardan biri də bəstəkar Ruhəngiz Qasımovadır.
Lent.az "Unudulan sənətkarlar" rubrikasında bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında ətraflı məlumatı təqdim edir. Uşaqlığı və ilk musiqi addımları
Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakı şəhərində anadan olub. Atası hərbçi, anası tarix müəllimi kimi çalışıb. Ziyalı ailəsində böyüyən gələcək bəstəkarın musiqiyə marağı erkən yaşlarından özünü göstərib. Valideynləri onun musiqiyə həvəsini görərək 10 yaşında ona pianoya yazdırıblar və musiqi təhsili almasına şərait yaradıblar.
Ruhəngiz Qasımovanın təhsil həyatı da musiqi ilə bağlı olub. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə daxil olub.
Burada görkəmli bəstəkar Cövdət Hacıyevin sinfində təhsil alan Ruhəngiz Qasımova peşəkar bəstəkar kimi formalaşıb. Onun musiqi dünyagörüşünün inkişafında Seyid Şuşinski, Midhət Əhmədov və digər müəllimlərinin də rolu olub.
İlk əsərləri və televiziyaya gəlişi
Ruhəngiz Qasımova tələbəlik illərində yaradıcılığa başlayıb. 1961-ci ildə Naxçıvan Dövlət Dram Teatrında səhnəyə qoyulan "Kölgəli dağ" tamaşasına musiqi yazıb. 1962-ci ildə konservatoriyanın son kursunda oxuyarkən Dövlət Televiziya və Radio Komitəsində işləməyə başlayıb. Əvvəl musiqi verilişlərində kiçik redaktor, sonra uşaq verilişləri redaksiyasında redaktor kimi çalışıb. 1968-ci ildən etibarən uzun illər "Azərbaycantelefilm"də səs rejissoru işləyib.
Azərbaycan animasiyasında izi
1965-ci ildə Ruhəngiz Qasımova Azərbaycanda televiziya animasiyasının ilk nümunələrindən sayılan "Danışan işıqlar" cizgi filminə musiqi yazıb.
Bu əsər onun kino və televiziya musiqisi sahəsində fəaliyyətinin mühüm nümunələrindən biri hesab edilir.
Onu məşhurlaşdıran mahnılar
Əsərlərini Rəşid Behbudov, Elmira Rəhimova, İlhamə Quliyeva, Azər Zeynalov və digər tanınmış ifaçılar səsləndiriblər.
"Anacan, dostum evlənir", "Utancaq oğlan", "Gəlmirsən, gəlmə", "Laylay", "Azərbaycan", "Xəzər", "Yollar", "Gənclik" kimi əsərlər onun yaradıcılığının əsasını təşkil edir.
Mahnıya çevrilən sevgi hekayəsi
Ruhəngiz Qasımovanın şəxsi həyatının maraqlı məqamlarından biri onun həyat yoldaşı Vasif Süleymanovla münasibətlərinin bəzi mahnılarının yaranmasına ilham verməsidir. Bəstəkarın qızı Canana Süleymanlının xatirələrinə görə, Vasif Süleymanov sakit və utancaq xarakterli insan olub. Şair Fikrət Qocanın yazdığı "Utancaq oğlan" şeiri də bu xüsusiyyətlə əlaqələndirilib və Ruhəngiz Qasımova həmin sözlərə musiqi bəstələyib.
Sonra "Gəlmirsən, gəlmə" mahnısı yaranıb. Münasibətlərin başqa mərhələsində isə "Anacan, dostum evlənir" əsəri meydana çıxıb.
Canana Süleymanlının sözlərinə görə, atası diqqət mərkəzində olmağı sevməyən, özünə qapanıq insan olub. "Anacan, dostum evlənir" Rəşid Behbudovun ifasında səsləndikdən sonra Vasif Süleymanov Ruhəngiz Qasımovaya hisslərini açıq bildirib və onu ailəsindən istəyib.
Ailə həyatı
Ruhəngiz Qasımova Vasif Süleymanovla ailə qurub. Bu evlilikdən İlkin Süleymanov və Canana Süleymanlı adlı iki övladları dünyaya gəlib.
Vasif Süleymanovun səhhətində problemlər yarandıqdan sonra Ruhəngiz Qasımova uzun illər həyat yoldaşına qulluq edib. Vasif Süleymanov 2021-ci il dekabrın 16-da vəfat edib. Onun ölümü Ruhəngiz Qasımovaya ağır təsir edib.
Sevimli məşğuliyyətləri
Bəstəkarın ən sevdiyi məşğuliyyətlərdən biri nərd oynamaq olub. Qızı Canana Süleymanlı anasının ölümündən bir neçə gün əvvəl onunla nərd oynadığını deyib.
Qızının sözlərinə görə, bəstəkar Honkonqa səfər edəndə fürsət tapıb Makauya da gedirdi. Orada tarixi yerləri gəzməklə yanaşı, kazinolara baş çəkməyi də sevirmiş. Hətta səfərlərinin birində 10 min Honkonq dolları udduğu da ailə xatirələrində qeyd edilir.
Teletamaşalarda qoyduğu iz
Ruhəngiz Qasımova yalnız mahnı bəstəkarı kimi fəaliyyət göstərməyib.
"Yollar görüşəndə", "Ömrün yolları", "Qonşu qonşu olsa..." kimi musiqili televiziya tamaşalarının yaranmasında həm bəstəkar, həm də libretto müəllifi kimi iştirak edib.
Bu tamaşalarda Yaşar Nuri, Səməndər Rzayev, Nəcibə Məlikova, Eldəniz Zeynalov, Rafael Dadaşov, Hacı İsmayılov və başqa məşhur aktyorlar rol alıblar.
Ədəbiyyata olan marağı
Ruhəngiz Qasımovanın yaradıcılığı yalnız musiqi ilə məhdudlaşmayıb. Onun hekayələri müxtəlif illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" və "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" kitabının müəllifi olan bəstəkar ədəbiyyat sahəsində də fəaliyyət göstərib.
"Yeni ulduz"un yadda qalan münsifi
2000-ci illərdə Ruhəngiz Qasımova yeni nəsil tamaşaçılar arasında "Yeni ulduz" musiqi müsabiqəsinin münsifi kimi də məşhurlaşıb. Onun açıq danışığı, yumoru və iştirakçılar haqqında fikirlərini çəkinmədən söyləməsi efirdə maraqla qarşılanıb. Bir çox tamaşaçı onu məhz həmin verilişdən tanısa da, Ruhəngiz Qasımovanın peşəkar musiqi fəaliyyəti bundan onilliklər əvvəl başlayıb.
Fəxri adları
Ruhəngiz Qasımova 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. 2005-ci ildə ona Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı verilib. 2015-ci ildə prezidentin fərdi təqaüdünə layiq görülüb.
Ömrünün son illəri
2022-ci ilin avqustunda qızı Canananın yanına, Honkonqa gedib. Onun sentyabrda Bakıya qayıtması planlaşdırılsa da, səhhəti pisləşib. Bəstəkar böyrək çatışmazlığından əziyyət çəkib və xəstəxanaya yerləşdirilib.
Qızı Canananın sözlərinə görə, anasının son günlərində dediyi sözlərdən biri "uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma" olub.
Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da, 82 yaşında Honkonqda vəfat edib. Onun nəşi Azərbaycana gətirilib. Bəstəkar Bakıda Yasamal qəbiristanlığındakı ailə məzarlığında, həyat yoldaşı Vasif Süleymanovun yanında dəfn olunub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










