Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələri ilə davam edib.
Zərərçəkən K.Q. ona 1 milyon 500 min manat maddi ziyan vurulduğunu bildirib:
"Siracı 2014-cü ildən tanıyıram. O, mənzilləri təmir edib satırdı. Mənə 1 milyon 500 min manat ziyan vurulub. Bir onu deyə bilərəm ki, oğullarımın və qardaşımın əmlakı ilə bağlı Sahil qeyriləri vasitəsilə 358 dənə etibarnamə götürüb. Birlikdə mənim mülklərimi dağıdıblar".
Digər zərərçəkən Q.V. isə 900 min manatdan çox ziyana düşdüyünü deyib:
"Sahilə üç bağ evimin və maşınımın etibarnaməsini vermişəm. Məndən xəbərsiz onları aparıb ‘Turan’ banka qoyub. Məcbur qalıb pul ödəyərək evimi geri götürdüm. Biz Həzi Aslanov istiqamətində tikinti ilə məşğul olmuşuq. O, evləri təmir edərək baha satacağımızı, qazancı ortaq böləcəyimizi deyirdi. Amma ortada heç bir qazanc görmədim, əksinə, ziyana düşdüm".
Zərərçəkən Q.R. isə ona 755 min manat ziyan dəydiyini bildirib:
"Bunun 530 min manatını nağd vermişəm. Məndən borc aldı. Sonra mənə ‘Ukrayna dairəsi’ndə mənzil vermişdi. Sonradan məlum oldu ki, həmin ev başqasına satılıb. Sahillə Siraca görə münasibətim olub. Etibarnaməni Sahilə vermişəm. Bu ikisi bütün cinayətlərdə əlbirdirlər. Pul tələbim yoxdur, amma cəzalarını almalarını istəyirəm".
Məhkəmədə ifadə verən S.A. isə Sirac Səmədovu bacısının həyat yoldaşı vasitəsilə tanıdığını bildirib:
"2021-ci ilin fevralında mənə 40 min manat dəyərində ev verdi, amma sənəd vermədi. Sonra bunu tutdular, evin başqa sahibi çıxdı. İndi həmin şəxs məni məhkəməyə verib, evdən çıxmağımı istəyir".
Məhkəmənin növbəti iclası dekabrın 9-u saat 10:00-a təyin edilib.
Xatırladaq ki, ittihama əsasən, Sirac Səmədov və Sahil Nəhmətov qabaqcadan əlbir olaraq müxtəlif şəxslərin etibarından sui-istifadə etməklə onların külli miqdarda pul və əmlakını ələ keçiriblər.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər M.N.-yə məxsus "BMW 330i" markalı avtomobili etibarnamə əsasında sataraq 60 min manat vəsaiti mənimsəyiblər.
Bundan başqa, Ü.M.-dən 50 min manat nağd pul və 300 min manat dəyərində mənzil alınmaqla ona ümumilikdə 350 min manat ziyan vurulduğu bildirilir.
İttihama əsasən, Bakı sakini H.M.-yə məxsus "Land Rover Range Rover" markalı avtomobil 140 min manata, N.M.-yə məxsus eyni markalı avtomobil isə 136 min manata satılıb. Təqsirləndirilən şəxslər əldə olunan vəsaiti sahiblərinə qaytarmaq əvəzinə, müxtəlif vədlərlə onları aldadıblar.
Cinayət işinin materiallarında Q.V.-yə 330 min manat, Ş.T.-yə isə 200 min manat ziyan vurulduğu da qeyd olunur.
İstintaqın müəyyən etdiyinə görə, təqsirləndirilən şəxslər B.B.-yə mənzil və qeyri-yaşayış sahələrinin alınıb təmir edilərək daha baha satılması ilə bağlı vədlər veriblər. Bu yolla ondan hissə-hissə 1 milyon 200 min manat alıblar. Sonradan "Səbət" restoranının bir hissəsi 600 min manat dəyərləndirilərək B.B.-nin mülkiyyətinə keçirilib, qalan 600 min manat isə mənimsənilib.
Ümumilikdə, Sirac Səmədov və Sahil Nəhmətovun vətəndaşlara 5 milyon manatdan artıq maddi ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirildikləri bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Sahil Nəhmətov barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.
Sirac Səmədov barəsində isə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxs barəsində yekun məhkəmə hökmü çıxarılmayıb.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









