Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam
Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
BiG.AZ bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin azaldılması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinin və milli iqlim hədəflərinin icrası məqsədilə imzalanıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028-2035-ci illər üçün Milli Fəaliyyət Planı"nın layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Adıçəkilən qurum Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən aşağıdakıları təmin etməlidir:
1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də müəyyən edilmiş təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında (COP21) qəbul olunmuş Paris Sazişi, habelə Tərəflərin 29-cu Konfransının (COP29) nəticələri və ölkəmizin "Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" sənədi və "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nın hədəfləri ilə kompleks şəkildə həyata keçirilməsini;
2. atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsini;
3. atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsini, atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmlərinin gücləndirilməsini, habelə transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasını;
4. əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsinini və müvafiq ekoloji standartların təkmilləşdirilməsini;
5. qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və təkmilləşdirilməsini;
6. şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınmasını, iri şəhərlərdə atmosfer havasının çirklənməsi səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqini və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanmasını;
7. iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət-özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyən edilməsini;
8. atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanlarının genişləndirilməsini;
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









