Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA

Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMAYayın ən isti günləri ilə birlikdə Xəzər sahillərində də canlanma hiss olunur. Həftəsonları Abşeron çimərliklərinə üz tutanların sayı xeyli artır, istirahət zonalarında isə sıxlıq müşahidə edilir. Lakin dəniz mövsümünə marağın yüksəlməsi ilə yanaşı, çimərlik turizminin uzun illərdir həllini gözləyən problemləri də yenidən gündəmə gəlir. Xidmət keyfiyyəti, infrastruktur, nəqliyyat, təhlükəsizlik, ictimai çimərliklərə çıxış və ekoloji vəziyyət bu yay da ən çox müzakirə olunan məsələlər sırasındadır.

"Report" mövzu ilə bağlı turizm ekspertlərinin fikirlərini öyrənib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, bu il çimərlik mövsümü əvvəlki illərlə müqayisədə daha fəal başlayıb. Bununla belə, mövsümün ilk həftələrində hava şəraitinin qeyri-sabit keçməsi istirahətə tələbatın dalğavari xarakter almasına səbəb olub.

Onun sözlərinə görə, həm yerli, həm də xarici turistlərin dənizkənarı istirahətə marağı artıb, lakin bu potensialdan tam istifadə etmək üçün xidmət keyfiyyətinin yüksəldilməsi, infrastrukturun təkmilləşdirilməsi və Azərbaycanın çimərlik imkanlarının beynəlxalq bazarda daha fəal tanıdılması vacibdir.

Xarici turistlərin dəniz turizminə marağı artır

S.Dübəndi bildirib ki, yerli turistlərin marağı ənənəvi olaraq yüksəkdir və xüsusilə həftəsonları Abşeron çimərliklərində ciddi sıxlıq yaranır.

"Xarici turistlər üçün isə çimərlik turizmi hələ müstəqil turizm məhsulu kimi formalaşmayıb. Hazırda dəniz istirahəti daha çox Bakı və Abşeron üzrə ümumi turizm paketinin tərkib hissəsi kimi təqdim olunur", - deyə o qeyd edib.

Ekspert hesab edir ki, Xəzər dənizi Azərbaycanın turizm sahəsində ən böyük üstünlüklərindən biridir.

"Xəzər MDB və ümumilikdə postsovet məkanında ən isti dəniz istiqamətlərindən biri hesab olunur. Azərbaycan sahilləri uzun illər Rusiya, Ukrayna, Moldova, Belarus, Mərkəzi Asiya və Baltik ölkələrindən gələn turistlər arasında populyar olub. Bu bazarları yenidən aktivləşdirmək mümkündür. Bunun üçün isə təkcə dəniz və günəş kifayət etmir. Keyfiyyətli xidmət, təmiz çimərliklər, yüksək təhlükəsizlik, münasib qiymətlər və rahat nəqliyyat infrastrukturu təmin olunmalıdır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, son illərdə turistlərin gözləntiləri də dəyişib.

"İnsanlar artıq yalnız dənizə yaxınlığı deyil, xidmət səviyyəsini, təmizliyi, təhlükəsizliyi, qiymətlərin şəffaflığını, nəqliyyat əlçatanlığını və ümumi komfortu qiymətləndirirlər. Xüsusilə həftəsonları Abşeron istiqamətində yaranan uzun tıxaclar, parklanma yerlərinin çatışmazlığı və ictimai nəqliyyatın yetərli olmaması istirahət təcrübəsinə mənfi təsir göstərir. Digər mühüm problemlərdən biri isə ictimai çimərliklərin sayının azalması və sahil zolağının həddindən artıq kommersiyalaşdırılmasıdır", - deyə S.Dübəndi bildirib.

Çimərlik turizmi regional inkişafın mühərrikinə çevrilə bilər

Ekspert hesab edir ki, çimərlik turizminin inkişafı yalnız Bakı və Abşeronla məhdudlaşmamalıdır. Onun fikrincə, Xəzər sahili boyunca yerləşən digər bölgələrdə də müasir çimərlik infrastrukturunun yaradılması həm turist axınının balanslaşdırılmasına, həm də regionların iqtisadi inkişafına töhfə verə bilər.

S.Dübəndi bildirib ki, bunun üçün dövlət və özəl sektor arasında əməkdaşlıq genişləndirilməli, sahilboyu ərazilərdə vahid inkişaf konsepsiyası hazırlanmalı, ekoloji standartlara ciddi əməl edilməli və beynəlxalq sertifikatlaşdırma mexanizmləri tətbiq olunmalıdır.

Onun sözlərinə görə, təmiz və təhlükəsiz çimərliklərin sayının artırılması, xilasedici xidmətlərinin gücləndirilməsi, əlilliyi olan şəxslər üçün əlçatan infrastrukturun yaradılması və ictimai çimərliklərin genişləndirilməsi Azərbaycanın dəniz turizmini daha rəqabətqabiliyyətli edə bilər.

"Azərbaycanın Xəzər sahilləri böyük turizm potensialına malikdir. Düzgün planlaşdırma və keyfiyyətli xidmət sayəsində ölkə yaxın illərdə təkcə daxili deyil, xarici turistlər üçün də cəlbedici çimərlik istiqamətlərindən birinə çevrilə bilər", - deyə ekspert əlavə edib.

İctimai çimərliklərin azalması isə ekspertin diqqət çəkdiyi əsas problemlərdən biridir.

S.Dübəndinin fikrincə, ödənişsiz, təmiz və minimum zəruri infrastrukturla - sanitar qovşaqlar, duş kabinələri, kölgəliklər, xilasedici xidmət və müntəzəm təmizlik sistemi ilə təmin olunmuş ictimai çimərliklərin sayı artırılmalıdır.

"Bu baxımdan bələdiyyə çimərliklərinin və ictimai sahil zonalarının inkişafına daha çox diqqət yetirilməlidir. Dəniz sahili yalnız biznes obyekti deyil, həm də ictimai sərvətdir", - deyə o vurğulayıb.

Təhlükəsizlik və sığorta mexanizmləri gücləndirilməlidir

Ekspertin sözlərinə görə, çimərlik turizmində təhlükəsizlik və sığorta məsələləri də xüsusi əhəmiyyət daşıyır.

"Boğulma halları, güclü külək və dalğalar, günvurma, su idmanı zamanı xəsarətlər, uşaqların təhlükəsizliyi və qəfil hava dəyişiklikləri bu sahədə əsas risklərdir. Çimərliklərdə, su idmanı mərkəzlərində və açıq hava turizmi xidmətlərində məsuliyyət sığortası, turist sığortası və risklərin idarə olunması standartları daha geniş tətbiq edilməlidir", - deyə S.Dübəndi bildirib.

Onun sözlərinə görə, Xəzərin ekoloji vəziyyəti də çimərlik turizminin gələcəyini müəyyənləşdirən əsas amillərdəndir.

"Dəniz səviyyəsinin azalması, çirklənmə, tullantı sularının təsiri və sahil zolağının həddindən artıq yüklənməsi əsas problemlər sırasındadır. Xəzərin qorunması dövlət qurumları ilə yanaşı, sahibkarların, bələdiyyələrin və vətəndaşların da ortaq məsuliyyətidir", - deyə o əlavə edib.

Abşeron çimərliklərinə nəqliyyat yaxşılaşdırılmalıdır

S.Dübəndi hesab edir ki, Azərbaycanın çimərlik turizmini daha rəqabətqabiliyyətli etmək üçün ilk növbədə sahil zonalarının idarə olunması üzrə vahid standartlar formalaşdırılmalıdır.

"İctimai, bələdiyyə və özəl çimərliklər üçün təmizlik, təhlükəsizlik, sanitar qovşaqlar, duşlar, kölgəliklər, xilasedici və tibbi yardım xidmətləri, parklanma, qiymətlərin şəffaflığı və ekoloji davranışla bağlı minimum tələblər müəyyən edilməlidir. Eyni zamanda, Abşeron çimərliklərinə nəqliyyatın təşkili təkmilləşdirilməli, əlavə ictimai nəqliyyat marşrutları yaradılmalıdır", - deyə o bildirib.

Çimərlik hotellərinə maraq daha erkən formalaşıb

Oxşar fikirləri Bakıda fəaliyyət göstərən hotellərdən birinin rəhbəri, turizm eksperti İbrahim Qəmbərov da bölüşür.

O, "Report"a bildirib ki, bu il çimərlik hotellərinə maraq əvvəlki illərlə müqayisədə daha erkən yaranıb.

"Əvvəlki illərdə Bakıətrafı çimərlik hotelləri ilə bağlı əsas sorğular iyunun ortalarından başlayırdısa, bu il mayın son həftəsindən etibarən həm yerli, həm də xarici tərəfdaşlardan müraciətlər artmağa başlayıb", - deyə o bildirib.

İ.Qəmbərovun sözlərinə görə, son illərdə xarici turistlərin səyahət vərdişləri də dəyişir.

"Əgər əvvəllər turistlər əsasən İçərişəhər, Heydər Əliyev Mərkəzi, Atəşgah və Qobustan kimi tarixi-mədəni məkanlara üstünlük verirdilərsə, hazırda Hindistan, Pakistan və Körfəz ölkələrindən gələn turistlər və tərəfdaşlarımız artıq dənizkənarı istirahət imkanları olan hotellərlə də yaxından maraqlanırlar. Bu isə Azərbaycanın çimərlik turizminin beynəlxalq bazarda tədricən tanınmağa başladığını göstərən müsbət göstəricidir", - deyə ekspert vurğulayıb.

Vahid xidmət standartları çimərlik turizminin inkişafını sürətləndirə bilər

İ. Qəmbərovun fikrincə, Azərbaycanın çimərlik turizminin əsas problemi dənizin və ya təbii potensialın məhdudluğu deyil, sahilboyu ərazilərdə xidmət standartlarının vahid olmamasıdır.

"Xarici turistləri ilk növbədə dənizin temperaturu deyil, çimərliyin təmizliyi, xilasedici xidmətinin mövcudluğu, ailəvi istirahət üçün yaradılmış şərait, restoranlar, parkinq və digər xidmətlərin keyfiyyəti maraqlandırır. Müasir turist kompleks istirahət təcrübəsi yaşamaq üçün səyahət edir", - deyə o bildirib.

Ekspertin sözlərinə görə, qiymət-keyfiyyət balansı da turistlərin seçimində həlledici amillərdən biridir.

"Turist yüksək qiymət ödəməyə hazırdır, lakin bunun müqabilində keyfiyyətli xidmət gözləyir. Göstərilən xidmət ödənilən məbləğə uyğun olmadıqda, həmin turistin yenidən eyni məkanı seçməsi ehtimalı azalır. Buna görə də Azərbaycanın bütün sahilboyu ərazilərində vahid xidmət standartları tətbiq edilməli, təmizlik və ekoloji tələblərə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, gələcəkdə "Mavi Bayraq" (Blue Flag) kimi beynəlxalq ekoloji sertifikatların tətbiqi təşviq olunmalı, ölkənin dəniz turizmi potensialı Hindistan, Pakistan və Körfəz ölkələri kimi perspektivli bazarlarda daha fəal tanıdılmalıdır", - deyə İ.Qəmbərov vurğulayıb.

Ekspertlərin qənaətinə görə, ardıcıl və planlı tədbirlər həyata keçirildiyi halda, Azərbaycan Xəzər dənizi hövzəsinin ən rəqabətədavamlı çimərlik turizmi destinasiyalarından birinə çevrilmək imkanına malikdir. Onlar vurğulayır ki, ölkənin bu istiqamətdə əhəmiyyətli potensiala sahib olduğu danılmazdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 531   Tarix: 11 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır

Türkiyə və Azərbaycan Antalyada keçiriləcək COP31 ərəfəsində əməkdaşlığı daha da dərinləşdirir. Bakıda keçirilən görüşlər zamanı Sıfır Atıq Fondu "Sıfır Atıq" baxışını, resurslardan səmərəli istifadəni və dairəvi iqtisadiyyatı Türkiyənin iqlim gündəliyinin əsas elementləri kimi vurğulayıb

30.09.2026 168
.

Qəhvə beyinə necə təsir edir? Yeni kəşf

Qəhvənin yalnız oyaqlığı artırmadığı, bağırsaqdakı bakteriyaları dəyişdirərək beyin funksiyalarına və əhvala təsir göstərə biləcəyi müəyyənləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, İrlandiyanın University College Cork alimlərinin araşdırmasında qəhvə içən insanların bağırsaq mikrobiomund

30.09.2026 268
.

İspaniya Xorvatiyanı darmadağın etdi: qələbə seriyasında dünya rekordunu uzatdı

Dünən gecə Millətlər Liqasının ikinci turunun bütün oyunları başa çatıb və bu oyunlardan birində hazırkı dünya çempionu İspaniya evdə Xorvatiyanı asanlıqla 4-1 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, iki dünya səviyyəli milli komanda arasında oyun Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan"

30.09.2026 153
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30.09.2026 131
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

30.09.2026 302
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

30.09.2026 318
.

Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert

"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur". Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Eksperti

30.09.2026 167
.

Rəqəmsal dövrdə təhlükəsizlik: Azərbaycanda şəxsi məlumatların qorunması və kibertehlükəsizlik vəziyyəti necədir?

Hazırda qlobal miqyasda kibertəhlükəsizliklə bağlı narahatlıqlar pik həddə çatıb. İstifadəçilər rəqəmsal platformalarda şəxsi məlumatlarının kifayət qədər qorunmadığını düşünürlər. Bəs bu narahatlıqlar Azərbaycandakı reallıqlarla nə dərəcədə üst-üstə düşür?. Mövzu ulə bağlı BİG.AZ-a açıqlama verən Azərbayca

30.09.2026 170
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30.09.2026 164
.