Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?

Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir.

Qayanrinfo xəbər verir ki, Türkiyənin "pəri bacaları" ilə məşhur olan Kapadokiya bölgəsi təkcə yerüstü təbii gözəllikləri ilə deyil, həm də yeraltında gizlənən zəngin mədəni irsi ilə seçilir. Bölgədə eramızın V əsrində salındığı ehtimal olunan onlarla yeraltı şəhəri mövcuddur.

İHA agentliyinin hazırladığı icmala əsasən, Kapadokiyadakı yeraltı şəhərləri təxminən 20 milyon il əvvəl Ərciyəs, Hasan və Göllü dağlarının püskürtdüyü lavların yaratdığı iri tuf qatlarının oyulması nəticəsində meydana gəlib. Bu tarixi tikililər bu gün yerli və xarici turistlərin böyük marağına səbəb olur.

Məlumata görə, eramızın V əsrindən etibarən Kapadokiyaya gələn ilk xristianlar çoxallahlı dinə mənsub insanların hücumlarından qorunmaq məqsədilə bu yeraltı şəhərlərini yaradıb. İlk dövrlərdə sığınacaq kimi istifadə edilən bu məkanlar sonralar daimi yaşayış mərkəzinə çevrilib.

Yerin 40-70 metr dərinliyinə qədər memarlıq qaydalarına uyğun şəkildə oyulmuş şəhərlərdə havalandırma şaxtaları, su anbarları, hücumların qarşısını almaq üçün qalın daş sürgülü qapılar, ərzaq anbarları, yataq otaqları, şərab zirzəmiləri, heyvan tövlələri, kilsələr və məktəb otaqları yerləşir.

Bu şəhərlərdən biri də müxtəlif dövrlərdə "bunu bəlkə də yadplanetlilər inşa edib" kimi iddialarla gündəmə gələn Derinkuyudur. Bölgənin qeyri-adi memarlıq xüsusiyyətləri uzun illər müxtəlif şayiələrin və sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub.

İsveçrəli mübahisəli yazıçı Erix fon Deniken hətta bu yeraltı şəhərlərinin yadplanetlilər tərəfindən tikildiyini iddia etmişdi.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Muze.gov.tr" portalında Derinkuyu barədə bildirilir ki, yeraltı şəhəri Nevşehir-Niğdə avtomobil yolu üzərində, Nevşehirdən 30 kilometr məsafədə yerləşən Derinkuyu rayonundadır.

Kapadokiyanın geoloji quruluşu sayəsində inşa edilən səkkizmərtəbəli Derinkuyu yeraltı şəhəri böyük insan icmasını qəbul edə və onların bütün ehtiyaclarını qarşılaya biləcək otaqlardan ibarətdir. Bölgədə yerləşən digər məşhur yeraltı şəhəri "Kaymaklı"dan fərqli olaraq burada missioner məktəbi, etiraf otağı, xaç suyuna salma hovuzu və maraqlı bir quyu da mövcuddur.

Derinkuyunun ilk sakinlərinin tarixi Assuriya koloniyaları dövrünə qədər gedib çıxır. II əsrdə Roma imperiyasının təqiblərindən qaçan ilk xristianlar Antakya və Kayseri üzərindən Kapadokiyaya gələrək burada məskunlaşıblar.

Şəhərin girişləri diqqət çəkməyəcək şəkildə layihələndirildiyindən burada gizlənən insanlar Roma əsgərlərinin təqiblərindən xilas ola biliblər. Uzun müddət yerin altında yaşamaq məcburiyyətində qaldıqları üçün onlar ərzaq anbarları, havalandırma şaxtaları, şərab istehsalı otaqları, kilsələr, monastırlar, su quyuları, tualetlər və toplantı zalları inşa ediblər.

Bir-birinə bağlı otaqlardan ibarət olan şəhərdə bəzi hissələr yalnız bir nəfərin keçə biləcəyi dar tunellərlə əlaqələndirilib. Tunellərin giriş və çıxışlarında təhlükə zamanı yolu bağlamaq üçün iri daş silindrlər yerləşdirilib.

BBC 2022-ci ildə Derinkuyu haqqında hazırladığı reportajda yazırdı ki, Kapadokiyanın məşhur pəri bacalarının təxminən 85 metr altında min illər boyu demək olar ki, fasiləsiz istifadə edilən nəhəng yeraltı şəhəri yerləşir.

Məqalədə qeyd olunurdu ki, təxminən 20 min nəfərin aylarla gizlənə bildiyi bu şəhər dünyanın ən böyük qazılmış yeraltı yaşayış məskənidir və tarix boyu Friqlərdən Perslərə, daha sonra Bizans dövrünün xristianlarına qədər müxtəlif sivilizasiyalar tərəfindən istifadə olunub.

BBC-nin məlumatına görə, 1920-ci illərdə Kapadokiyadakı yunanların əhali mübadiləsi nəticəsində bölgəni tərk etməsindən sonra şəhər tamamilə unudulub və yalnız 1963-cü ildə təsadüf nəticəsində yenidən aşkar edilib.

Məqalədə bildirilir ki, mağaraya bənzər otaqlar kilometrlərlə uzanmaqla yanaşı, bölgədə aşkarlanan 200-dən çox kiçik yeraltı şəhərinin də tunellərlə bu kompleksə bağlanaraq nəhəng yeraltı şəbəkə yaratmış ola biləcəyi ehtimal edilir.

Yazının müəllifi qeyd edir ki, bələdçisinin sözlərinə görə, Derinkuyu 1963-cü ildə toyuqları müəmmalı şəkildə yoxa çıxan bir ev sahibi tərəfindən yenidən kəşf olunub. Evini təmir edərkən yaranan kiçik yarıqdan keçən adam gizli dəhlizə çıxıb. Bu, sonradan məlum olduğu kimi, yeraltı şəhərinə aparan 600-dən çox girişdən biri olub.

Florida Dövlət Universitetinin klassik tədqiqatlar üzrə mütəxəssisi Andrea DeCorci bildirir ki, Kapadokiyanın yumşaq tuf süxurları sadə alətlərlə asanlıqla oyulduğu üçün belə tikililər üçün olduqca əlverişli idi. Bölgənin simvoluna çevrilmiş pəri bacaları da məhz bu geoloji quruluş sayəsində formalaşıb.

Şəhərin dəqiq nə vaxt inşa edildiyi hələ də mübahisə mövzusudur. E.ə. 370-ci illərdə Afinalı Ksenofonun yazdığı "Anabasis" əsəri Derinkuyuya aid olduğu düşünülən ən qədim yazılı mənbə hesab edilir.

Yeraltı şəhərini ilk kimin inşa etdiyi dəqiq məlum deyil. Aralıq dənizi mağaraları üzrə mütəxəssis A. Buççinin araşdırmasına görə, ilkin qatların e.ə. 1200-cü illərdə Hetlər tərəfindən qazıldığı ehtimal olunur. Burada Het dövrünə aid tapıntıların aşkarlanması bu versiyanı gücləndirir.

Bununla yanaşı, şəhərin böyük hissəsinin dəmir dövrünün bacarıqlı memarları olan Friqlər tərəfindən genişləndirildiyi hesab olunur. Andrea DeCorci qeyd edir ki, Friqlər Qərbi və Mərkəzi Anadolunun böyük hissəsinə hakim olmuş və qayalara oyulmuş monumental tikililəri ilə tanınmışdılar.

Əvvəlcə əsasən ərzaq saxlanılması üçün istifadə edilən Derinkuyu sonralar işğallar zamanı sığınacaq funksiyası daşıyıb.

Friqlər, Perslər və Səlcuqlular daxil olmaqla müxtəlif dövlətlər şəhəri genişləndirsələr də, onun ən yüksək əhali sayı Bizans dövrünə təsadüf edib. Həmin dövrdə burada təxminən 20 min nəfər yaşayırdı.

Şəhərin dar və alçaq dəhlizləri müdafiə məqsədilə xüsusi şəkildə layihələndirilib. Ziyarətçilər yalnız tək sıra ilə və əyilərək hərəkət edə bilirdilər. Təxminən yarım ton çəkisi olan dairəvi daş qapılar isə yalnız içəridən açılırdı. Bu qapılardakı kiçik dəliklər müdafiəçilərə hücum edənlərə nizə atmaq imkanı verirdi.

Heyvanlar qoxu və zərərli qazların yaşayış sahəsinə yayılmaması üçün səthə yaxın tövlələrdə saxlanılırdı. Daxili mərtəbələrdə yaşayış otaqları, zirzəmilər, məktəblər və toplantı zalları yerləşirdi. İkinci mərtəbədə Bizans missioner məktəbi fəaliyyət göstərirdi.

Şəhərin ən diqqətçəkən xüsusiyyəti isə mürəkkəb havalandırma sistemi və su quyuları hesab olunur. Kompleksdə təbii hava dövranını təmin edən 50-dən çox havalandırma şaxtası var. Təxminən 55 metr dərinliyindəki quyu həm də su mənbəyi kimi istifadə olunurdu.

Nazirliyin məlumatına görə, yer səthi ilə əlaqəsi olan bu havalandırma şaxtası eyni zamanda su quyusu funksiyasını yerinə yetirib. Bəzi quyular isə mühasirə zamanı zəhərlənmənin qarşısını almaq məqsədilə yer səthi ilə birbaşa əlaqələndirilməyib. 1965-ci ildə ziyarətçilər üçün açılan Derinkuyu yeraltı şəhərinin hazırda yalnız 10 faizi gəzmək üçün əlçatandır.

Derinkuyu Kapadokiyadakı yeganə yeraltı şəhəri deyil. Təxminən 445 kvadratkilometr əraziyə yayılan bölgədə 200-dən çox yeraltı şəhəri müəyyən edilib. Onların 40-dan çoxu üç və ya daha artıq mərtəbədən ibarətdir.

Bu şəhərlərin bir çoxu uzunluğu 9 kilometrə çatan tunellərlə bir-birinə bağlanır və fövqəladə vəziyyətlər üçün ayrıca qaçış yollarına malikdir. 2014-cü ildə isə Nevşehir şəhərinin altında daha böyük ola biləcək yeni yeraltı şəhər də aşkar edilib.

BBC məqaləsini belə yekunlaşdırır: "Derinkuyunun yaşayış tarixi 1923-cü ildə Kapadokiya yunanlarının bölgəni tərk etməsi ilə başa çatdı. Yarandığı ehtimal olunan vaxtdan iki min ildən artıq müddət sonra şəhər sonuncu dəfə boşaldıldı. Müasir dünya isə onu yalnız təsadüfən itib-batan toyuqlar sayəsində yenidən kəşf etdi. 2019-cu ildə isə Nevşehirin Derinkuyu rayonunda xarabalıq vəziyyətində olan bir evin altında yeni yeraltı şəhəri aşkar edilmişdi. Araşdırmalar nəticəsində bu kompleksin rayonun əsas küçə və prospektlərinin altına qədər uzanan tunellərlə əlaqəli olduğu müəyyən edilmişdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.