Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ: Bakı ilə Pnompeni nə birləşdirir?
Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana səfər edib. Prezident İlham Əliyev Kamboca hökumətinin başçısını qarşılayıb, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Kamboca Azərbaycan üçün coğrafi baxımdan uzaq ölkə olsa da, iki dövlət arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixi var. Baş nazir Hun Manetin Kamboca Kralı Norodom Sihamoninin və ölkənin sabiq Baş naziri, hazırda Senatın sədri olan Hun Senin salamlarını Prezident İlham Əliyevə çatdırması da münasibətlərin davamlı xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyev mətbuata bəyanatında keçmiş təmaslara toxunaraq bildirib: "12 il bundan əvvəl atanız, keçmiş Baş nazir, hazırda isə Senatın sədri ilə burada, Azərbaycanda keçirdiyim görüşü xatırlayıram. Bu, siyasətimizin davamıdır. Biz yaxşı dost və tərəfdaşıq".
Qloballaşan dünyada Kamboca ilə əlaqələrin inkişafı Azərbaycan üçün yeni siyasi və iqtisadi əməkdaşlıq imkanları yarada bilər. Hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı təmaslara malikdir. Bununla yanaşı, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün də imkanlar mövcuddur. Yaxın gələcəkdə qarşılıqlı maraqlara əsaslanan bu təmasların daha da intensivləşəcəyi gözlənilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki,diqqətçəkən məqamlardan biri iqtisadi əlaqələrin mövcud vəziyyəti və onların inkişaf perspektivləri ilə bağlı səsləndirilən fikirlər olub. Prezident İlham Əliyev ölkələr arasında ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olduğunu vurğulayaraq, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə canlanmanın baş verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı, həmçinin sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və təhsil sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib:
"Hun Manet də Azərbaycan Prezidenti ilə bu məsələdə eyni mövqedə olduğunu qeyd edib və ölkələr arasında kommersiya, ticarət və digər sahələrdə əlaqələrin hələlik məhdud səviyyədə qaldığını vurğulayıb.
Əslində, mövcud vəziyyətin müəyyən obyektiv səbəbləri var. Azərbaycanla Kamboca arasında böyük coğrafi məsafənin olması, eləcə də iqtisadi və mədəni xüsusiyyətlərdəki fərqlər qarşılıqlı əlaqələrin inkişafına təsir göstərir. Bununla belə, dəyişən beynəlxalq şəraitdə hər iki tərəfin iqtisadi münasibətlərin genişləndirilməsində maraqlı olması müsbət perspektivlər yaradır.
İkitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsil sahəsidir. Prezident İlham Əliyev Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının vacibliyini qeyd edib. Dövlət başçısının fikrincə, hər iki ölkədə qarşılıqlı təhsil imkanlarının yaradılması xalqlar arasında əlaqələrin genişlənməsinə də töhfə verə bilər.
Azərbaycan son illərdə müxtəlif ölkələrdən olan gənclərin ölkəmizdə təhsil almasına maraq göstərir. Bu baxımdan, Cənub-Şərqi Asiya dövlətləri ilə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarabağ Universiteti də daxil olmaqla, Azərbaycanın ali təhsil müəssisələrində xarici tələbələr üçün imkanların artırılması gələcək əlaqələrin möhkəmlənməsinə şərait yarada bilər. Kambocalı tələbələrin Azərbaycanda təhsil alması onların ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına, eyni zamanda, gələcəkdə iki dövlət arasında peşəkar və institusional əlaqələrin qurulmasına kömək edə bilər.
Prezident İlham Əliyevin Kambocaya səfərə dəvət olunması da münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Belə bir səfər ikitərəfli dialoqun davam etdirilməsi, əldə olunan razılaşmaların konkret layihələrə çevrilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlavə imkanlar yarada bilər.
Ümumilikdə, Hun Manetin Azərbaycana səfəri Bakı ilə Pnompen arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün əlverişli zəmin formalaşdırır. Siyasi dialoqun iqtisadi, təhsil və turizm sahələrində konkret təşəbbüslərlə tamamlanması isə iki ölkə arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edə bilər".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









