Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır
225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur.
Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur. VII sinif şagirdinin ölümü ilə bağlı hadisənin bütün təfərrüatları hələ araşdırılır. Jurnalistlərə hücumun səbəbləri və iştirakçıların məsuliyyəti də hüquqi qiymətini almalıdır. Ancaq baş verənlər daha geniş bir problemin müzakirəsini zəruri edir: məktəblərdə davranış mədəniyyəti, tərbiyə və məsuliyyət anlayışı.
Son illər uşaq hüquqlarından çox danışırıq. Bu, vacibdir. Uşaqlar zorakılıqdan qorunmalı, təhlükəsiz şəraitdə təhsil almalı, ləyaqətlərinə hörmət edilməlidir. Ancaq bir məqamı da unutmayaq: uşaq hüquqlarını müdafiə etmək başqalarının hüquqlarını arxa plana keçirmək demək deyil. Məktəbdə təkcə uşaqlar olmur. Müəllimlər, texniki işçilər, valideynlər və jurnalistlər də var. Onların da təhlükəsiz işləmək, təhqirə, təhdidə və fiziki zorakılığa məruz qalmamaq hüquqları var.
Uşağın hüququ olduğu kimi, məsuliyyəti də var. Hüquq hər istədiyini etmək, hər etirazı aqressiya ilə qarşılamaq, özünü hamıdan üstün tutmaq imkanı deyil. Uşağa yalnız öz haqqını tələb etməyi öyrədib başqasının haqqına hörmət etməyi öyrətməsək, onun tərbiyəsində ciddi boşluq yaranacaq. Hər səhvi ört-basdır edilən, hər davranışına bəraət qazandırılan uşaq zamanla özünü başqalarından üstün görməyə başlaya bilər.
Bəs uşaqlarda aqressiya haradan yaranır? Bunun səbəblərini yalnız məktəbdə axtarmaq düzgün deyil. Ailədəki münasibətlər, valideynlərin davranışı, sosial şəbəkələrdə qarşılaşdıqları məzmun, həmyaşıdlarının təsiri, bullinq və psixoloji gərginlik uşağın davranışına təsir göstərə bilər. Uşaq böyüklərin bir-biri ilə necə danışdığını, münaqişələri necə həll etdiyini görərək öyrənir. Əgər ailədə və cəmiyyətdə kobudluq, təhqir və güc nümayişi adi hala çevrilirsə, bunun uşaqların davranışında əks olunması təəccüblü deyil.
Məsələnin digər tərəfi isə məktəb rəhbərliyinin seçilməsi və müəllimin nüfuzunun qorunmasıdır. Bu gün məktəb direktoru təyin edilərkən yalnız test suallarına düzgün cavab vermək kifayət hesab olunmamalıdır. Məktəb idarə etmək tamam başqa məsuliyyətdir. İllərin pedaqoji təcrübəsindən keçməmiş, kollektivlə işləmək, valideynlərlə münasibət qurmaq, münaqişələri idarə etmək və məktəbdə sağlam mühit yaratmaq bacarığı sınaqdan çıxmamış insanı rəhbər vəzifəyə gətirmək nə dərəcədə doğrudur? Test biliyi ölçə bilər, amma insanın idarəçilik qabiliyyətini, prinsipiallığını və çətin vəziyyətlərdə düzgün qərar vermək bacarığını tam müəyyənləşdirə bilməz.
Təsadüfi adamları məktəb direktoru təyin etməklə, sanki testdən keçmək hər şeyə kifayət edirmiş kimi davranmaqla məktəbin idarə olunmasının nə qədər mürəkkəb bir iş olduğunu nəzərdən qaçırırıq. Direktor yalnız sənədlərə imza atan şəxs deyil. O, müəllimin nüfuzunu qorumalı, kollektivdə intizam yaratmalı, valideynlərlə münasibətləri düzgün qurmalı və şagirdlərin davranışına görə məsuliyyət mexanizmlərinin işləməsini təmin etməlidir. Bu keyfiyyətlər yalnız imtahan nəticəsi ilə müəyyənləşmir; təcrübə, peşəkarlıq və illərin sınağından keçmiş idarəçilik bacarığı tələb edir.
Valideynin müəllim qarşısında əsassız üstünlük qazanmasına, müəllimin şagirdin və ya valideynin yanında alçaldılmasına göz yumulanda məktəbdə tərbiyə və intizamdan danışmaq çətinləşir. Müəllimin nüfuzu qorunmadıqda onun şagird qarşısındakı mövqeyi də zəifləyir. Uşağa hüquqlarının olduğu öyrədilir, amma bu hüquqların başqalarının hüquqları ilə sərhədləndiyi, hərəkətlərinə görə məsuliyyət daşıdığı izah olunmursa, yanlış təsəvvür formalaşır. Məktəb rəhbərinin təcrübəsizliyi, müəllimin nüfuzunun zəiflədilməsi və hüquqların birtərəfli izahı eyni mühitdə birləşəndə, bu gün qarşılaşdığımız problemlərin yaranması təəccüblü deyil.
Bu, uşaqların hamısını aqressiv adlandırmaq üçün əsas deyil. Əksinə, problemin səbəblərini vaxtında müəyyənləşdirmək, psixoloji dəstəyi gücləndirmək və düzgün tərbiyə üsullarını tətbiq etmək lazımdır. Ancaq səbəbi anlamaq məsuliyyəti aradan qaldırmaq demək deyil.
225 nömrəli məktəbdə jurnalistlərə qarşı baş verən zorakılıq göstərir ki, hüquqlar məsələsinə birtərəfli yanaşmaq olmaz. Hadisədə kimin iştirak etdiyi araşdırılmalıdır, amma heç bir narazılıq fiziki hücuma haqq qazandırmır. Uşaqların məxfiliyini və təhlükəsizliyini qorumaq vacib olduğu kimi, jurnalistlərin də peşə fəaliyyətini təhlükəsiz həyata keçirmək hüququ var.
Məktəb uşağın özünü hamıdan üstün hiss etdiyi deyil, başqaları ilə birgə yaşamağı öyrəndiyi yer olmalıdır. Uşağa hüquqlarını öyrətməklə yanaşı, vəzifələrini, davranışının nəticələrini və başqalarının sərhədlərinə hörmət etməyin əhəmiyyətini də anlatmalıyıq. Əks halda, bu gün görməzliyə vurduğumuz problemlər sabah daha ağır nəticələrlə qarşımıza çıxa bilər.
Uşaq hüquqları başqalarının hüquqlarını inkar etmir. Həqiqi tərbiyə uşağa yalnız öz haqqını qorumağı deyil, başqasının haqqına hörmət etməyi də öyrətməkdir.
Şəmsi QOCA
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










