Rusiyanın TDT-də iştirakı hansı riskləri yarada bilər?
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində Rusiyaya təşkilatda müşahidəçi statusunun verilməsini təklif edib.
Qazaxıstan lideri təşkilatın nüfuzunun artırılması məqsədilə Rusiyanın bu istiqamətdəki niyyətinə müsbət yanaşmağın, Moskvaya TDT-yə qoşulmağı və ya təşkilatın fəaliyyətində müşahidəçi qismində iştirak etməyi təklif etməyin düzgün və ədalətli qərar olacağını bildirib.
Tokayev Rusiyanın böyük dövlət olduğunu və əsrlər boyu Türk dünyası ilə sıx əlaqələr saxladığını vurğulayıb.
"Bu ölkənin ərazisində tarixən çoxsaylı türk xalqlarının nümayəndələri yaşayıb. Hazırda Rusiya Qazaxıstanın da dəstəklədiyi "Altay - Türk sivilizasiyasının beşiyi" layihəsini irəli aparır. Rus dilində türk mənşəli çoxsaylı sözlər mövcuddur. Ümumilikdə, Rusiyanın türk dövlətlərinin, yəni bizim təşkilatımızın bir hissəsinə çevrilməsi bütün dövlətlərimizə fayda gətirəcək", - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Tokayevin təklifi diqqət çəkir. Belə ki, Rusiya ərazisində çoxsaylı türk xalqları yaşayır. Hətta onların bir qisminin sayı bir çox müstəqil dövlətin əhalisindən çoxdur. Məsələn, Rusiyada tatarların sayı təxminən 4,7 milyon, başqırdların 1,5 milyon, çuvaşların isə 1 milyondan artıqdır. Bunlarla yanaşı, yakutlar, tuvalılar, kumıklar, noqaylar, qaraçaylar, balkarlar və digər türk xalqları da Rusiya Federasiyasının etnik mənzərəsində mühüm yer tutur.
Bu baxımdan, Tokayevin Rusiyanın Türk dünyası ilə tarixi bağlılığına istinad etməsi başadüşüləndir. Lakin burada nəzərə alınmalı olan mühüm məqamlar da var.
Tatarıstanın, Başqırdıstanın və Saxanın mövcudluğu Rusiyanı avtomatik olaraq türk dövlətinə çevirmir. Rusiya çoxmillətli dövlətdir və onun ərazisində təkcə türk xalqları deyil, slavyan, fin-uqor, monqol və digər etnik qruplar da yaşayır.
Əslində, Tokayevin yanaşmasını ümumi prinsip kimi qəbul etsək, daha ciddi suallar ortaya çıxır. Məsələn, İran ərazisində milyonlarla Azərbaycan türkü, qaşqay, Xorasan türkü və türkmən yaşayır. Bu məntiqlə, İran da TDT-yə müşahidəçi statusunda dəvət edilməlidirmi?
Eyni zamanda, Çində milyonlarla uyğur və digər türk xalqlarının nümayəndələri yaşayır. Bu halda Pekinə də analoji təklif ünvanlanmalıdırmı?
İraq və Suriyada türkmənlər, Moldovada isə qaqauzlar yaşayır. Hindistanın da türk dövlətçilik tarixi ilə bağlı zəngin keçmişi var. Belə çıxır ki, ərazisində türk icmaları yaşayan bütün ölkələrə TDT-də iştirak imkanı təklif edilməlidir?
Göründüyü kimi, bu yanaşma müəyyən məntiqi ziddiyyətlər yaradır. Çünki TDT türk xalqlarının yaşadığı bütün dövlətləri bir araya gətirən etnik platforma deyil. Təşkilat suveren türk dövlətləri arasında siyasi, iqtisadi, təhlükəsizlik və mədəni əməkdaşlığın inkişafına xidmət edən qurumdur.
Əgər müşahidəçi statusunun əsas meyarı hər hansı ölkənin ərazisində türk xalqlarının yaşaması olarsa, təşkilatın coğrafi və siyasi sərhədlərini müəyyənləşdirmək çətinləşər.
Müşahidəçi statusundan söz düşmüşkən, Macarıstan və Türkmənistan da TDT-də bu statusa malikdir. Lakin onların təşkilatda iştirakı fərqli əsaslara söykənir. Türkmənistan türk dövlətidir və müşahidəçi statusunda qalması onun xarici siyasət seçimi ilə bağlıdır. Macarıstanın TDT-də iştirakı isə tarixi-mədəni əlaqələrə, xüsusilə hun, avar, bulqar və qıpçaq irsi ilə bağlı tarixi baxışlara, eləcə də müasir siyasi əməkdaşlığa əsaslanır.
Bu baxımdan, Macarıstanın təşkilatda müşahidəçi statusunda iştirakı ilə Rusiyaya eyni statusun verilməsi təklifi eyni məntiqə söykənmir. Məsələn, Monqolustana bənzər təklif irəli sürülsəydi, bu, Macarıstan nümunəsi ilə müqayisə oluna bilərdi.
Ümumiyyətlə, Rusiya TDT-yə dəvət ediləcək sıradan bir müşahidəçi dövlət deyil. O, Avrasiyada böyük siyasi, hərbi və iqtisadi gücə malik ölkədir. Təşkilatın beş əsas üzvündən Qazaxıstan və Qırğızıstan Rusiya ilə həm Avrasiya İqtisadi İttifaqı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq edir.
Rusiyanın müşahidəçi statusu əldə etməsi Moskvanın TDT-nin gündəliyinə, xüsusilə təhlükəsizlik, regional nəqliyyat və iqtisadi inteqrasiya məsələlərinə təsir göstərmək imkanlarını artıra bilər. Bu isə təşkilatın müstəqil qərarvermə imkanları baxımından həssas məsələdir.
Bundan başqa, Azərbaycan və Türkiyə də daxil olmaqla, TDT üzvlərinin hər birinin Rusiya ilə münasibətlərində fərqli maraqları mövcuddur. Moskvanın təşkilatda iştirakı bu maraqların uzlaşdırılmasını daha da mürəkkəbləşdirə bilər.
TDT-nin əsas üstünlüklərindən biri türk dövlətlərinin öz aralarında müstəqil əməkdaşlıq platforması formalaşdırmasıdır. Rusiya kimi böyük geosiyasi gücün bu platformaya daxil olması təşkilatın regional əməkdaşlıq formatından daha geniş geosiyasi rəqabət meydanına çevrilməsi riskini yarada bilər.
Məlumata görə, Tokayevin Rusiyaya müşahidəçi statusunun verilməsi ilə bağlı təklifi sammit iştirakçıları tərəfindən dəstəklənməyib.
Turan Rzayev- politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










