Fişinq hücumlarını xüsusi proqramlarla aşkar etmək mümkündürmü?
Müasir rəqəmsal dövrdə kiberdələduzluğun ən geniş yayılmış və təhlükəli növlərindən biri fişinqdir (phishing). Bu üsul vasitəsilə kiberdələduzlar istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatları ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsilə müəyyən etmək mümkündürmü və bu təhlükələrdən necə qorunmaq olar?
Bəli, fişinq hücumlarını və zərərli linkləri aşkar etmək üçün bir sıra texnoloji vasitələr mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, heç bir proqram 100 faiz təhlükəsizliyə zəmanət vermir. Çünki kiberdələduzlar daim yeni hücum üsulları hazırlayır və mövcud təhlükəsizlik sistemlərini keçməyə çalışırlar.
Fişinq hücumlarının aşkarlanmasında bir sıra vasitələrdən istifadə olunur. Məsələn, Gmail və Outlook kimi e-poçt xidmətlərində mövcud olan anti-fişinq və anti-spam filtrləri şübhəli mesajları müəyyən edərək onları avtomatik olaraq spam qovluğuna yönləndirir.
Google Chrome, Mozilla Firefox və Microsoft Edge kimi müasir brauzerlər də məlum zərərli saytların siyahısı əsasında istifadəçiləri təhlükəli keçidlər barədə xəbərdar edir.
Bundan əlavə, şübhəli linkləri açmadan əvvəl VirusTotal kimi platformalarda yoxlamaq mümkündür. Bu xidmətlər keçidləri və faylları müxtəlif təhlükəsizlik mühərrikləri vasitəsilə təhlil edərək potensial təhlükələri müəyyənləşdirməyə kömək edir. Müəssisə və təşkilatlar isə kiberdələduzluq hücumlarının qarşısını almaq üçün Proofpoint, Cisco Umbrella və KnowBe4 kimi peşəkar təhlükəsizlik həllərindən istifadə edə bilərlər.
Texnoloji vasitələr mühüm rol oynasa da, kiberdələduzlara qarşı ən güclü müdafiə üsullarından biri istifadəçinin diqqətli olması və kiber-gigiyena qaydalarına əməl etməsidir.
İlk növbədə, sizə göndərilən e-poçt və ya mesajın mənbəyini yoxlamaq vacibdir. Göndərənin ünvanının rəsmi olub-olmadığına, hərf və domen fərqlərinə diqqət yetirmək lazımdır. Məsələn, [email protected] ünvanına bənzəyən, lakin bir hərfi fərqli olan saxta ünvanlardan istifadə edilə bilər.
Digər vacib məqam tələsik qərar verməməkdir. Kiberdələduzlar adətən "Hesabınız bloklanıb!", "Pulunuz təhlükədədir!" və ya "Təcili daxil olun!" kimi narahatlıq və təcililik hissi yaradan mesajlardan istifadə edirlər. Belə hallarda panikaya düşmədən məlumatı rəsmi kanallar vasitəsilə yoxlamaq lazımdır.
Həmçinin, şübhəli linklərə daxil olmadan əvvəl onların ünvanını yoxlamaq tövsiyə olunur. Kompüterdə bunun üçün siçanın göstəricisini linkin üzərinə gətirmək kifayətdir. Bu zaman keçidin hansı ünvana yönləndirdiyini görmək mümkündür. Mobil cihazlarda isə linki açmadan onun ünvanını yoxlamaq üçün üzərinə basıb saxlamaq olar.
Hesabların təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiyadan (2FA) istifadə etmək də vacibdir. Bu funksiya hesaba daxil olmaq üçün şifrədən əlavə ikinci təsdiqləmə mərhələsi tələb edir. Authenticator tətbiqləri və digər təhlükəsiz təsdiqləmə üsulları hesabların qorunmasını gücləndirir. Bununla belə, iki faktorlu autentifikasiya bütün hücumlara qarşı tam zəmanət vermir.
Bundan başqa, hər platforma üçün fərqli və güclü şifrələr seçmək lazımdır. Şifrə menecerlərindən (Password Managers) istifadə etmək həm təhlükəsizliyi artırır, həm də müxtəlif şifrələri yadda saxlamağı asanlaşdırır.
Bank və digər vacib xidmətlərə daxil olarkən e-poçt və ya mesajlarda göndərilən linklərə etibar etmək əvəzinə, rəsmi mobil tətbiqlərdən istifadə etmək və ya brauzerdə xidmətin ünvanını özünüz daxil etmək daha təhlükəsizdir.
Nəticə etibarilə, texnologiya kibertəhlükələrə qarşı bizə mühüm müdafiə vasitələri təqdim edir. Lakin rəqəmsal təhlükəsizlikdə ən zəif həlqələrdən biri çox vaxt insan faktorudur. Buna görə də şübhəli mesajlara, naməlum linklərə və real görünən saxta təkliflərə ehtiyatla yanaşmaq şəxsi məlumatların qorunmasının ən vacib şərtlərindəndir. Rəqəmsal dünyada təhlükəsizliyin ilk addımı diqqətli olmaqdır.
Fərid Musayev
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti,
Xəzər Universitetinin İT departament rəhbəri
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










