İlqar Muradov: "Kaş Fuad Poladov yox, özüm səsləndirərdim"

İlqar Muradov: "Kaş Fuad Poladov yox, özüm səsləndirərdim""Özümü çərçivəyə salmağı sevmirəm. Həmişə ruhuma yaxın mahnılar oxumuşam. Mən toya gələndə deyirlər ki, bayaqdan gəl çıx, qulağımız dincəlsin".

Bu sözləri Xalq artisti İlqar Muradov müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- İlqar bəy, bu gün senzurasız İlqarla həmsöhbət olmaq istəyirəm.

- (gülür) Söz verirəm heç bir senzura olmayacaq, inanın ki, söhbətimiz çox səmimi alınacaq.

- Siz, ümumiyyətlə, əsəbiləşə bilirsiniz?

- Əlbəttə, mənim də əsəbiləşdiyim məqamlar olur. Ancaq çalışıram ki, bacardığım qədər təmkinli davranım. Mən həmişə deyirəm səbir və şükür.

- Deyəsən, həqiqətən də şükür ediləsi həyat yaşamısınız. Keşməkeşli həyat yaşayan birinə bənzəmirsiniz.

- Çətin günlər mənim də həyatımda olub. Çətinliklər olmasa, insan həyatın qədrini bilməz.

- Ancaq, deyəsən, sizdə az olub.

- Az olsa da, hər halda olub. Şükürlər olsun ki, Allahın və xalqımızın sayəsində mən tanınıram, sevilirəm. Bu, mənim ən böyük xoşbəxtliyimdir.

- Biz sizi həmişə klassik obrazda, klassik mahnılarla görürük. Bu çərçivədən çıxmaq istəməmisiniz heç?

- Ümumiyyətlə, özümü çərçivəyə salmağı sevmirəm. Sadəcə, mən özümə bu janrı yaxın bilirəm, həmişə də ruhuma yaxın mahnılar oxumuşam. Mən musiqiçiyəm, istəsəm, hər şey oxuya bilərəm. 90-cı illərdə muğam-caz da oxumuşam. Ancaq son on beş ildə necə söhbət edirəmsə, o cür də oxuyuram. Çünki mənə belə rahatdır.

- Toylarda da repertuarınıza sadiq qalırsınız?

- Bəli. Ümumiyyətlə, otuz ildir ki, mən tanımadığım, mənə uyğunsuz olan məclislərə getmirəm. Digər tərəfdən, mən toya öz repertuarımla gedirəm. O vaxtlar birdən bizə başqa cür baxarlar deyə, toya getdiyimizi gizlədirdik. Konsertə getməyi daha çox istəyirdik. Toy biznesi sonradan bu qədər inkişaf etdi. Otuz illik təcrübəmdə də rast gəlməmişəm ki, toyda gəlib məndən bayağı mahnı istəsinlər.

- Axı, sizin mahnılarınıza oynamaq olmur.

- Mən oynamaq üçün oxumuram. Mən oxuyuram ki, məni dinləyib zövq alsınlar.

- Bir anlıq toy mühitini gözümün qarşısına gətirirəm: Toyun vurhavuru, musiqi, dinləmək və zövq almaq. Ağlabatan deyil.

- Mənim mahnılarım lirik olsa da, onların içində sevinc də var. Müəyyən toylarda da o musiqilər vacibdir. Nə qədər oynamaq olar axı? Arada balaca fasilələr də olmalıdır. Qaldı siz deyən kimi, insanların məni dinləməsinə, mən toya gələndə deyirlər ki, bayaqdan gəl çıx, qulağımız dincəlsin. Elə toy olub ki, məni yarım saatlıq dəvət ediblər, ancaq cəmi iki mahnı oxuyub çıxmışam. Mənim iştirakım həm toyun ahənginə, həm də mənə bağlıdır.

- İxtisasca tarixçisiniz.

- Mənim musiqi təhsilim də var. Ali təhsil olaraq isə tarix fakültəsini bitirmişəm. Buna baxmayaraq, bütün ömrüm boyu musiqi ilə məşğul olmuşam. Pionerlər evindən indiyə qədər. Tarixə sevgi var idi. Atam da, bacım da tarixçi olduğu üçün tarix mənə yad deyildi. Şükürlər olsun ki, mən musiqi ilə məşğul olmuşam. Allah mənə o istedadı verib. Onu da deyim ki, tarix fakültəsində oxuyanda da universitetdə musiqi ilə bağlı tədbirlərdə iştirak edirdim. Amma qismət elə gətirdi ki, hələ cavan vaxtlarımdan professional musiqi ilə məşğul olmağa dəvət olundum.

- Ailəniz bu dəvəti, ümumiyyətlə, musiqi yolunu tutmağınızı necə qarşıladı?

- Anamın musiqiyə böyük sevgisi var idi. Atam da çox musiqisevər insan olub. Amma onu da deyim ki, atam mehriban olduğu qədər də çox tələbkar idi. Atam həmişə rəhbər vəzifələrdə çalışıb. Biz ona həmişə "Siz" deyə müraciət etmişik. Necə ki, bu gün bizim övladlarımız bizimlə o cür danışır. Nə yaxşı ki, onun qanunları olub. O, heç vaxt mənim musiqi ilə məşğul olmağıma qarşı çıxmayıb. Mən balaca vaxtı pianoda çalanda, o, həvəslə məni dinləyirdi, ifamdan zövq alırdı. Bir az toylara getməyimə pis baxırdı. Çünki mən orta məktəbdən - səkkizinci sinifdən toylara gedirdim. O vaxtlar atam bir az narazı idi bundan. Düşünürdü ki, içki məclisləri-filan mənə təsir edə bilər. Sonralar Rafiq Babayev kimi bir adam məni Bakıya dəvət edəndə, o hiss etdi ki, mən yaxşı musiqi ilə məşğul oluram və bu sənəti çox sevirəm. Buna görə icazə verdi ki, Bakıya köçüm.

- Danışığınızda Naxçıvan ləhcəsi hiss olunmur amma...

- Hərdən Naxçıvan sözlərindən istifadə edirəm. Amma peşəkar estrada musiqisində ləhcə ilə oxuya bilməzdim. Düzü, oturub bunun üzərində işləməmişəm, sadəcə, çalışmışam ki, düzgün tələffüz qaydalarına həmişə riayət edim. Zamanla özü təkmilləşib.

- Kitab oxuyursunuz?

- Səmimi deyəcəm, təəssüf ki, yox. Axırıncı dəfə "Dronqo" çəkiləndə onu oxumuşam. Kitab oxumağa vaxt tapa bilmirəm. "Vaxt amansız, ömür qısa" - Zəlimxan Yaqub demiş.

- "Dronqo" demişkən, filmdə çəkilmək təşəbbüsü kimdən gəlmişdi?

- Mən həmişə əsa, şlyapa kimi kişiyə aid olan aksesuarlardan istifadə etməyi sevirəm - "Dronqo" kimi. Bu məqam filmin rejissoru Yavər Rzayevin diqqətini çəkdi. Yavər Rzayev çox istedadlı insandır. Biz film çəkilişləri zamanı çox yaxın dost olduq. Əslində, "Dronqo" obrazına namizəd olan peşəkar aktyorlar da var idi. Ancaq Yavər Rzayev məni çəkmək istəyirdi. Çingiz müəllim başda olmaqla, hamı mənim rolumu bəyəndi. Çingiz müəllim hətta dedi ki, mən bu rola çəkilən onuncu "Dronqo"yam və ən çox bəyəndiyi "Dronqo" da mənəm.

- Mən bildiyim qədərilə Kinostudiyada Bədii Şura sizin namizədliyinizi dəstəkləmirdi.

- Əvvəldən etiraz var idi. Çünki bu rol üçün başqa aktyorlar da təklif olunmuşdu. Heç əvvəldən özüm də razı deyildim. Bu, mənim üçün də sensasion bir şey idi. Ancaq "Dronqo" obrazına müəyyən dərəcədə bənzərliyim olduğu üçün bu rola çəkildim. Əgər yenidən "Dronqo" çəkilsə, mən orada da çəkilməyə razıyam. Ancaq başqa film, yaxud başqa rola çəkilmək fikrim yoxdur.

- Bir tamaşaçı kimi deyim ki, hətta mənim kimi Fuad Poladov pərəstişkarı belə "Dronqo" obrazında onun səsini qəribsədi. Bu filmdə sizin obrazınızla onun səsində bir uyğunsuzluq var idi.

- Hə... Allah Fuad Poladova qəni-qəni rəhmət eləsin. O, peşəkar idi. Bilirsiniz, filmin çəkilişlərində mən çox yorulmuşdum. Rejissor təklif etdi ki, sən yorulmusan, həm də Fuad Poladovun dublyajı daha peşəkardır, o səsləndirsə, daha yaxşı olar. Kaş elə mən səsləndirərdim. Çox təəssüf edirəm buna. Çünki rolu oynayan mən idim, kaş, elə mən də səsləndirərdim. Məncə, onda daha effektiv olardı. Bəlkə gələcəkdə dublyaj olsa, özüm səsləndirərəm.

- Övladlarınızdan yolunuzu davam etdirən olmadı. Özləri istəmədi, yoxsa siz?

- Üç oğlum var, heç birini musiqi məktəbinə qoymamışam. Onların öz yolu var, ancaq onlar da çox musiqisevərdirlər. Düzü, mən heç özüm də istəmirdim ki, övladlarımdan hansısa musiqiçi olsun. Çünki bu sənətin çətinliklərini bilirdim. Peşman da deyiləm. Əgər hansındasa istedad olsaydı, bəlkə də yönləndirərdim. İki oğlumda istedad, ümumiyyətlə, yox idi. Balaca oğlumda vardı, o da getmədi. Uzun sözün qısası, ailədə bir musiqiçi var, bəsdir.

- Həyat yoldaşınız dayınız qızıdır. Sevib evlənmisiniz, yoxsa ailənizin istəyi ilə?

- Sevgi evliliyi olub. Əslində, evdəkilər bizim evlənməyimizi istəmirdilər, narazı idilər. Deyirdilər ki, hər şey ola bilər, birdən alınmaz. Yaxın qohumluqdur. Ancaq biz qəti qərara gəlmişdik ki, evlənəcəyik. Evləndik də. Bu gün də çox xoşbəxtəm.

- Deməli, hərdən valideynlərin sözünü eşitməməkdə də fayda var.

- Bu, onları eşitməmək deyildi. Sadəcə, sevgi məsələləri bir az başqadır. Biz valideynlərimizi inandıra bildik ki, bir-birimizi sevirik.

- Sənətçinin həyat yoldaşı olmaq da asan deyil.

- Gənc vaxtlarda müəyyən çətinliklər, qısqanclıqlar ola bilir, ancaq mənim həyat tərzim yoldaşıma bəlli idi. Məncə, o da xoşbəxtdir ki, İlqar Muradovun həyat yoldaşıdır.

- Son illər gördüyünüz işlərdən danışaq. "Peşman olarsan" mahnınız çox sevildi. Fikrimcə, klipi də fərqli və maraqlı idi.

- O klip Riqada çəkilib. Təklif klipin rejissoru Vüsaldan gəlmişdi. Mən də razılaşdım. İkimiz də fərqlilik axtarırdıq. Orda əsas hadisələr ofisdə baş verir. Bəxtimizdən klipin çəkilişləri olan vaxt Riqada atəşfəşanlıq olmalı idi. Biz də buna görə çəkilişləri bir neçə gün geriyə çəkdik. Mahnı da, klip də çox uğurludur.

- Yaradıcılığınızda ən çox sevdiyiniz mahnı hansıdır?

- Repertuarımda xeyli mahnı var, demək olar ki, bütün mahnılarımı sevirəm. Ancaq konkret olaraq bir ad çəkməli olsam, "Bu dünyanı nağıl bilək" deyərəm. Çox vaxt çıxışlarımda birinci o mahnını salıram. Bu mahnını həm mən sevirəm, həm insanlar. "Qurban adına", "Bir ömür nəğməsi", "Peşman olarsan" da kifayət qədər sevilib.

- Bugünkü estradamızın vəziyyəti barədə nə düşünürsünüz?

- Mən Milli Konservatoriyada işləyirəm. Bizim konservatoriyada da istedadlı gənclər çoxdur. Konkret ad çəksəm, kimlərsə inciyə bilər. Amma bir çox müğənni var ki, onları çox bəyənirəm. Ümumiyyətlə, bu gün Azərbaycan musiqisində inkişaf çoxdur. Papaq altında olan xeyli istedad var. Çox təəssüflər olsun ki, bu gün kommersiya xarakterli verilişlər bayağı mahnıların yayılmasına səbəb olub. Bədii Şura televiziyalarda çox vacibdir.

- Axı, hər şeyi televiziyaların üzərinə də atmaq olmaz. Bu gün internetdə trend olan bayağı mahnıların günahkarı ki televiziyalar deyil.

- İnternet dövrü bu günün işidir. Mən, ümumiyyətlə, son 20 ili nəzərdə tuturam. Hansı ki, kommersiya kanalları açıldı və başladılar kimi gəldi, verilişlərə dəvət edib, təbliğatını aparmağa. Sosial şəbəkələr nə qədər aktual olsa da, televiziyaların da bu işdə mühüm əhəmiyyəti var.

- Təsəvvür edin ki, bir əsr sonra bir tarixçi kimi İlqar Muradovun Azərbaycan musiqisində tutduğu yerdən, ümumiyyətlə, İlqar Muradovdan danışırsınız. Nə deyərdiniz bu adam haqda?

- Mən danışardım ki, İlqar Muradov şəxsiyyətini sevən, şəxsiyyətini sənətinə qurban eləməyən adam olub. Özünəməxsus bir janrı olub. Qəlbindən gələn musiqiləri oxuyub.

Bəlkə bu sənətdə yeganə adam mənəm ki, bu sərhədi qoruya bilirəm. Bir musiqiçi belə mənim haqqımda mənfi fikir deyə bilməz. Çünki mən buna yer qoymamışam. Uşaqdan böyüyə hər kəsə hörmət edirəm və bu, içdən gəlir. Düşünürəm ki, bu, sənətimdən daha çox insaniyyətimə bağlıdır. Hərdən çox mədəni olanda elə bilirlər ki, zəifsən. Hər kəslə öz dilində danışmaq lazımdır. Bunu da həmişə nəzərə alıram.

Ümumilikdə isə çox xoşbəxt insanam. Çox şanslı adamam. Çox səmimi deyirəm. Mən insanların sevgisini həmişə hiss edirəm, ailəmdə hər şey qaydasındadır. Mənim heç Xalq artisti olmaq, tanınmaq kimi arzum da olmayıb, həyat bu cür gətirib, nə yaxşı da gətirib./ APA


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1582   Tarix: 29 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas

11.11.2026 181
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir

Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy

11.11.2026 276
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

Ərdoğan: "Bəşəriyyət ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb"

Bəşəriyyət xüsusən də həddindən artıq istehlaka meyillilik səbəbindən tarixinin ən ağır iqlim böhranlarından biri ilə üz-üzə qalıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını

11.11.2026 160
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11.11.2026 147
.

Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc

11.11.2026 197
.