Zəngəzur eşqiylə döyünən qəlblər...

Zəngəzur eşqiylə döyünən qəlblər...Böyük Qələbə ilə nəticələnən Vətən müharibəmiz 30 ilə yaxındır düşmən işğalında olan Qarabağımızı özünün əsl sahiblərinə geri qaytarmaqla yanaşı, bütövlükdə, Azərbaycan xalqının qəlbində təptəzə ümid, yepyeni inam cücərtdi. Bu ümidlə dörd ildir ki, xalqımız gələcəyi daha parlaq, daha işıqlı, daha aydın görür. Axı Qarabağ bu başıbəlalı xalqın ilk itkisi, ilk həsrəti deyil. Məsələn, indi Qarabağa başlayan köçə həsrətlə baxan, bir zamanlar özlərinin də beləcə öz yurd-yuvalarına qovuşacağına inanan Qərbi azərbaycanlılar- zəngəzurlular, göyçəlilər, dərələyəzlilər, vedililər var... Axı onlar da öz ata-baba yurdlarının həsrəti ilə ömür sürür, saç ağardırlar...

Onlardan biri də Quliyev Əkbər Hüsü oğludur. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin texniki avadanlıq üzrə mütəxəssisi olan Əkbər bəy əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus rayonunun Ağbulaq kəndindəndir. Uşaqlığı həmin kənddə keçən müsahibim deyir ki, əgər bu dünyada cənnət deyilən yer varsa, şübhəsiz ki, onun bir parçası məhz Zəngəzurdur:

"Ağbulaq güneyini, quzeyini saran meşələri, saysız-hesabsız buz bulaqları ilə yaddaşımın ən gözəl yerində indi də yaşamaqdadır. O bulaqlar elə möcüzəvidir ki, bir quzunun kababını yeyib üstündən bircə stəkan o bulağın suyundan içsən, təzədən acırdın. Sarı bulaq, Xor-xor bulağı, Çömçə bulaq, Nağdalı bulağı, Sofulu bulağı, Alçalıq bulağı, Peyvaz bulağı... Demək olar ki, hər daşın, hər ağacın dibindən bir bulaq qaynayırdı. Həmin bulaqların adları, hətta sularının dadı belə bu gün də tək-tək yadımdadır. İyul ayında kəndimizdəki Kəpəz dağına çıxırdıq. Dağın başında ağ qar hələ də qalmış olurdu və biz uşaq dəcəlliyi ilə həmin qarı götürüb qaça-qaça kəndə gəlirdik. Yolda qar əriyirdi və ovcumuzda suyu qalırdı.

Meşələrində o qədər yabanı meyvə ağacları vardı ki, sanki Allah bütün nemətləri elə ora bəxş etmişdi. Yaz gələndə hər tərəf sanki rəngarəng xalça kimi gül-çiçəklə örtülürdü. Ətri insanı bihuş edirdi. Meşələri elə sıx idi ki, adına "Qaranlıq meşə" deyərdik. Çünki günün günorta çağı oraya girəndə elə bilirdin qəfildən qaranlıq düşdü. Ağacları o qədər sıx və hündür idi ki, Günəşin qarşısını kəsirdi.

Təbiəti o qədər saf, gözəl idi ki, soyuq iqliminə baxmayaraq, heç birimiz xəstəlik nədir bilməzdik. Kənddə heç kəsin sağlamlığı ilə bağlı bircə problemi də yox idi. Halbuki, bəzən oktyabrdan qar yağmağa başlayar, aprel ayının axırına kimi davam edərdi. Hətta bir dəfə iyun ayının 4-də kəndimizə qar yağmışdı.

Hələ əvvəlki dövrlərdən Ermənistanda azərbaycanlılar əsasən təhsil məsələsində sıxışdırılırdılar. Belə ki, Yerevan Zəngəzurdan çox uzaq olduğu üçün Azərbaycan dilindəki ali məktəblərin sayı, demək olar ki, yox dərəcəsində idi. Bakıya gəlib ali təhsil alan azərbaycanlılara da şərait yaradılmırdı. Onlar ancaq kənd təsərrüfatı ilə məşğul ola bilirdilər. Çünki dövlət idarələrində erməni dili yeganə dil idi. Nə Azərbaycan, nə də rus dilləri qəbul olunmurdu. Ona görə də kəndin təhsilli cavanları məcbur qalırdılar ki, gəlib Azərbaycanda məskunlaşsınlar, öz ixtisasları üzrə işləsinlər. Ermənilər çox məmnuniyyətlə savadlı insanların oradan uzaqlaşmasına razı olurdular.

Mən də hərbi xidmətdən sonra təhsil almaq üçün Azərbaycana- Sumqayıt şəhərinə gəldim və burada məskunlaşmaq məcburiyyətində qaldım. Buna baxmayaraq, ta 1988-ci ilə kimi bütün məzuniyyətlərimi öz doğma kəndimdə keçirirdim".

Doğulduğu və yaşadığı coğrafiya səbəbindən hər iki xalqı yaxşı tanıyan müsahibim ermənilərlə azərbaycanlıların fərqini də dəqiqliklə ifadə edir:

"Bizim kənddə ermənilər yaşamasa da, rayon mərkəzinə gedəndə tez-tez onlarla qarşılaşırdıq. Qəribədir ki, həmin zamanlarda belə ermənilərin azərbaycanlılara olan nifrətini hər zaman hiss edirdik. Ancaq mən Azərbaycana gələndə burada heç zaman ermənilərə qarşı nifrət, kin hiss etmədim. Biz hər zaman güzəştə gedən, unutqan millət olmuşuq. Yüz illərlə bizə çəkdirdikləri zülmü, əzabı unutmuşuq, güzəştə getmişik. Onlar isə heç vaxt bizi sevməyiblər. Onlarda xoşuma gələn tək məqam bizə "türk" deməkləridir. Rast gələndə həmişə soruşurdular "ermənisən, ya türksən?" Heç vaxt bizə azərbaycanlı deməzdilər. Baxmayaraq ki, Sovet dövründə bizə "azərbaycanlı" adı qoyub milli kimliyimizi unutdurmağa çalışırdılar, amma onlar özləri də bilmədən bizə xatırladırdılar ki, siz türksünüz".

İllərdir öz kəndinə, yurd-yuvasına həsrət yaşayan Ə.Quliyevin də tək arzusu o torpaqlara qovuşmaqdır:

"Kənddən çıxarıldıqdan sonra bütün dünyamız alt-üst oldu. Tək mən yox, demək olar ki, bütün Qərbi azərbaycanlılar hər gecə yuxularımızda o cənnət məkanları, öz doğma yurdumuzu görürük.

O yerlərə dönmək bütün azərbaycanlıların, Türk dünyasının arzusudur. Çünki ora bizim ata-baba torpaqlarımızdır. Yüz illər, min illər öncə yaşamış əcdadlarımız ruhu orada çox narahatdır, nigarandır və bizim oraya qayıdışımızı gözləyir. O torpaqlar bizim üçün əvəzolunmazdır, gec-tez qayıtmalıyıq. Düzdür, bura da bizim vətənimizdir, doğma elimizdir. Ancaq hər bir insanın doğulduğu, uşaqlığının keçdiyi balaca bir kənd onun ilk vətəni, dünyasıdır. Tarix boyu Zəngəzur türk torpağı olub. Orada bizim kökümüz var. Oralar Türk torpağıdır. Türkün torpağı da türkə qayıtmalıdır.

Kəndimizə qayıtsam, ilk hara gedəcəyimi özüm də bilmirəm. Çünki onun hər qarışı mənim üçün əzizdir. Ağbulaq bulağından tutmuş Kəpəz dağının zirvəsinə qədər hər addımı doya-doya gəzərəm".

Əkbər Quliyev təkcə öz xatirələrində, qəlbində deyil, həm də ailəsində yaşadıb Zəngəzur sevgisini. Üç övladı Qərbi Azərbaycanı, Zəngəzuru görməsələr də, atalarının xatirələrindən, söhbətlərindən tanıyıb, seviblər və bu gün fəxrlər, qürurla Qərbi azərbaycanlı olduqlarını hər yerdə deyirlər. Onlardan biri də istedadlı gənc jurnalist Aysel Quliyevadır. Aysel xanım ta uşaqlığından uşaq saflığı ilə tarixi bilməyən insanlara ermənistanlı yox, Qərbi azərbaycanlı olduğunu anlatmağa çalışır:

"Biz uşaqlığımızdan ailəmizdə Qərbi Azərbaycan, Zəngəzur sevgisi ilə böyümüşük. Atam həmişə bizə xəritədə o yerləri göstərib, əslimizin haradan gəldiyini başa salıb. Hətta uşaq vaxtı bir dəfə məktəbdə sinif yoldaşım dedi ki, siz ermənistanlısınız, deməli ermənisiniz? Mən hələ uşaq olduğum üçün tam fikrimi izah edə bilmirdim ki, əslində, oralar Azərbaycanın qərb torpaqlarıdır.

Atam hər zaman tarixlə yaxından maraqlanıb, tarixi kitabları oxuyub, mənbələri araşdırıb. Həmişə öz soykökümüzlə bağlı nəsə maraqlı tarixi fakt tapanda mütləq bizi yanına çağırar, bizə də bir-bir başa salardı. Bunun sayəsində mən bu gün öz soyköküm, əslim, nəslim haqqında hər şeyi bilirəm, milli kimliyimin fərqindəyəm.

Sevindirici haldır ki, biz öz tariximizi təkcə atamdan deyil, digər Qərbi azərbaycanlılardan da eşidirdik. Yaşıdım olan gənc nəsil də öz soykökünü yaxşı tanıyır və hər zaman sahib çıxır. Onlarla söhbət zamanı eyni məlumatlara, eyni bilgilərə sahib olduğumuzu görüb çox sevinirəm ki, gənc nəsil də öz yurdunu, tarixini unutmur.

İndi ən böyük arzum atamın, qohumlarımın doğulduğu, böyüdüyü o torpaqlara getmək, onların uşaqlığının keçdiyi yerləri gəzməkdir. Çox şükür ki, bu gün Qarabağımız azaddır. Qarabağdan olan və 30 il köçkün həyatı yaşayan həmvətənlərimiz artıq öz yurd-yuvalarına qayıdırlar. Bu, bizdə böyük ümid doğurur. İnanırıq ki, vaxt gələcək cənab Prezidentimiz, Ali Baş Komandan İlham

Əliyevin rəhbərliyi ilə biz Qərbi Azərbaycanlılar da öz yurd-yuvalarımıza qayıdacaq, tarixi torpaqlarımıza qovuşacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 990   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"

Model Səmra Hüseynova TikTok fəaliyyətinə görə ona gəlir vergisi borcu hesablanmasından narazılığını bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş verg

22.10.2026 187
.

Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni

22.10.2026 227
.

Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident

22.10.2026 237
.

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb - XƏBƏRDARLIQ

Meyvə və tərəvəzlər 60 il əvvəllə müqayisədə xeyli az miqdarda faydalı qida maddələri ehtiva edə bilər. Yeni araşdırmaya görə, kənd təsərrüfatı məhsullarında bir sıra mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz azalıb. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar bunun əsas səbəblərində

22.10.2026 187
.

Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib

"Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlı

22.10.2026 0
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22.10.2026 278
.

Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər

İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c

22.10.2026 140
.

Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA

Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy

22.10.2026 273
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22.10.2026 290
.