Kəlağayı Azərbaycan qadınının zövqünün və gözəlliyinin göstəricisidir

"Tarixin bütün mərhələlərində keçdiyi keşməkeşli yola baxmayaraq, Azərbaycan xalqı milli mədəni irsini və adət-ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixin süzgəcindən keçən elə dəyərlər var ki, onlar bizim mənəvi sərvətimizdir. Kəlağayı da bizim mənəvi sərvətlərimizdən biridir".
Bu sözləri BiG.AZ-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib. O qeyd edib ki, kəlağayını yalnız bir baş örtüyü kimi xarakterizə etməməliyik:
"Bu, Azərbaycan xalqının milli kimliyinin identifikasiyasıdır. Bu, Azərbaycan qadınının estetikasının, zövqünün və gözəlliyinin göstəricisidir. Bu baxımdan, milli şüurumuzda, yaddaşımızda və mənəvi dəyərlərimizdə kök salan kəlağayıya münasibət hər zaman xüsusi səciyyə daşımışdır. Azərbaycan qadını mərasimlərdə kəlağayıdan istifadə etməklə öz həyat tərzini nümayiş etdirir. Azərbaycanın Şəki və Basqal kimi bölgələrində tarix boyu kəlağayı istehsal edilmişdir. Kəlağayıya turistlərin də geniş maraq göstərdiyini görürük. Onlar kəlağayını bədii zövqün və estetikanın bir parçası kimi qəbul edirlər. Kəlağayı naxışlarında Azərbaycanın milli ornamentlərinin olması sənətkarlığımızın qədim köklərə malik olduğundan xəbər verir".
Politoloq vurğulayıb ki, kəlağayı bizə ulu nənələrimizdən, analarımızdan ötürülən bir mirasdır:
"Buna görə də onun qorunub saxlanılması əvvəlki nəslə, böyüklərimizə göstərdiyimiz hörmət və ehtiram deməkdir. Kəlağayı müxtəlif dövrlərdən süzülüb gəldiyi kimi onun fərqli çalarları var. Qırmızı, ağ, qara və digər rənglər Azərbaycan kəlağayı ənənəsində mühüm yer tutub. Rənglər müxtəlif dövrlərdə və bölgələrdə fərqli mənalar ifadə edib. Qırmızı rəng toy mərasimləri ilə, xüsusilə gəlinin baş örtüyü ilə əlaqələndirilib. Sevgi və həyat enerjisini də simvolizə edir. Ağ rəng təmizlik və saflıqla əlaqələndirilir, ənənədə gənc qadınların və qızların istifadə etdiyi açıq rənglərdən biri olub, qara və tünd rənglər isə ənənəvi geyim mədəniyyətində yaşlı qadınların örtüklərində daha çox istifadə olunub, qara rəng bəzi ənənələrdə yasla da əlaqələndirilib. Azərbaycan dövləti milli mədəni irsin beynəlxalq aləmdə tanıdılması istiqamətində önəmli addımlar atmışdır. Bunlardan biri də 2014-cü ildə kəlağayı simvolizmi və ənənəvi sənətinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsidir".
Müsahibimiz əlavə edib ki, Azərbaycan öz qədim adət-ənənələrinə sahib çıxır, onları qoruyur və gələcək nəsillərə ötürmək məsuliyyətini şərəflə yerinə yetirir:
"Dünyada dəbin sürətlə dəyişdiyi, yad ünsürlərin milli-mənəvi dəyərlərə və milli irsə zərbə vurduğu, onlara kölgə saldığı bir dövrdə biz keçmişimizə hörmət göstərməli, onu qoruyub saxlamalıyıq. Həmçinin kəlağayını gündəlik həyat tərzimizin və müasir yaşayışımızın bir hissəsinə çevirməliyik. Zənn edirəm ki, ideoloji istiqamətdə fundamental addımlar atılmalıdır. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi, formallıqdan kənar, real iş ortaya qoyulmalıdır. Kəlağayı irsi təhsil müəssisələrində milli bayramlarımız zaman təbliğ edilməli, ənənəvi biliklər gənc nəslin yaddaşına həkk olunmalıdır. Kəlağayı sənətinin inkişafı turizmin inkişafı baxımından da çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyətinin canlı nümunəsi olan kəlağayı özündə milliliyi, dünyəviliyi və mənəviyyatı birləşdirir. Kəlağayının qorunması dövlət təsisatlarının, sənətkarların və cəmiyyətimizin müştərək məsuliyyəti olmalıdır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş





