Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsinə və məktəb mədəniyyətinin formalaşmasına töhfə verir. Qərarın əsas mahiyyəti uşaqlar üçün vahid, səliqəli və təhsilə uyğun mühitin yaradılmasıdır. Bəzi ölkələrin bu qərarı yanlış istiqamətdə istifadə edərək vəziyyətdən yararlanmaq cəhdləri əvvəlcədən gözlənilən idi".
Bu sözləri BiG.AZ-a açıqlamasında Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı söyləyib. O qeyd edib ki, istənilən ölkənin digər dövlətlərə təsir imkanları kifayət qədər genişdir:
"Əgər bunun üçün siyasi, ideoloji və ya dini zəmin mövcuddursa, həmin ölkələr yaranmış vəziyyətdən dərhal yararlanmağa, proseslərə təsir göstərməyə çalışırlar. Azərbaycanla bağlı baş verənlərdə də bunun şahidi olduq. Məsələ ölkəmizin daxili işi olsa da, qonşu İranın bu istiqamətdə fəallaşması, eyni zamanda qardaş Türkiyədə bəzi dairələrin də proseslərə müdaxilə etməyə çalışması diqqətdən kənarda qalmadı. İranın bu məsələdən yararlanmağa çalışacağı gözlənilən idi. Çünki dini amil və mövcud təsir imkanları bu ölkəyə Azərbaycanda müəyyən dairələrə təsir göstərmək üçün zəmin yaradır. Bu reallığı nəzərə almaq lazımdır. Lakin Türkiyədə bəzi dairələrin məsələyə bu qədər açıq şəkildə müdaxilə etməsi, ayrı-ayrı media orqanlarının bu istiqamətdə çıxışları, hətta Ankarada səfirliyimizin qarşısında aksiyaların keçirilməsi xüsusilə üzücü mənzərə yaratdı. Türkiyə ilə Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri fonunda belə halların yaşanması təəssüf doğurur. Çünki dövlətlərarası münasibətlərin mahiyyəti ayrı-ayrı dairələrin mövqeyindən daha geniş anlayışdır və bu cür hadisələrə də məhz həmin kontekstdən yanaşmaq lazımdır".
Müsahibimiz hesab edir ki, artıq proseslər tədricən səngiməkdədir:
"Böyük ehtimalla, yaranmış ajiotaj ən geci bu həftə ərzində öz təsirini itirəcək və həyat əvvəlki axarına qayıdacaq. Çünki belə məsələlər ətrafında süni şəkildə yaradılan gərginliyin uzun müddət davam etməsi üçün ciddi əsaslar yoxdur. Bunun başqa alternativi də görünmür. Əsas məsələ emosional reaksiyalardan uzaqlaşaraq baş verənlərə soyuqqanlı yanaşmaq, Azərbaycanın öz qərarlarını müstəqil şəkildə qəbul etmək hüququna hörmətlə yanaşılmasını təmin etməkdir. Digər tərəfdən, bu cür qərarların ilk mərhələdə sərt təpkilərlə qarşılanması da tarixdə dəfələrlə müşahidə olunub. Tarixi təcrübəyə nəzər salsaq, görərik ki, cəmiyyətdə müəyyən dəyişikliklərə səbəb olan qərarlar qəbul edildikdə, xüsusilə də geyim və ictimai həyatla bağlı məsələlərdə ciddi müqavimət ortaya çıxa bilir. Buna nümunə olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyata keçirdiyi islahatları göstərmək olar. Cümhuriyyətin qurulmasından sonra Türkiyədə həyata keçirilən geyimlə bağlı dəyişikliklər də dövründə müəyyən dairələrin sərt etirazları ilə qarşılaşmışdı".
Cavanşir Abbaslı əlavə edib ki, zaman keçdikcə həmin qərarların cəmiyyətin həyatında yaratdığı dəyişikliklər daha aydın görünməyə başladı:
"Bu gün Türkiyənin keçdiyi tarixi yol həmin proseslərə daha geniş perspektivdən baxmağa imkan verir. Başlanğıcda mübahisələrə və etirazlara səbəb olan qərarların sonradan cəmiyyətin gündəlik həyatının bir hissəsinə çevrilməsi onu göstərir ki, hər hansı yeniliyə münasibətdə ilkin emosional reaksiyalarla uzunmüddətli nəticələri eyniləşdirmək olmaz. Ona görə də hesab edirəm ki, Azərbaycanda da bu məsələni məhz dövlətin müstəqil qərarvermə hüququ, cəmiyyətin maraqları və təhsilin dünyəvi prinsipləri kontekstində qiymətləndirmək lazımdır. Hər bir dövlət öz ictimai və təhsil siyasətini müəyyənləşdirmək hüququna malikdir. Bu qərarlarla bağlı müxtəlif fikirlərin səsləndirilməsi təbii olsa da, həmin müzakirələrin ölkələrin daxili işlərinə müdaxilə vasitəsinə çevrilməsi qəbuledilməzdir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










