İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyi əhəmiyyətli dəyişikliklərə məruz qaldı. Bu dövrün əsas xüsusiyyətlərindən biri dövlət başçısının siyasi rəhbərliyi altında uzunmüddətli strateji hədəflərin müəyyənləşdirilməsi, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərinin dövlət siyasətinin mərkəzində saxlanılması oldu".

Bu sözləri BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli bildirib. O qeyd edib ki, İlham Əliyevin prezidentliyinin 23-cü ildönümü Azərbaycanın keçdiyi siyasi yolun, əldə olunan nəticələrin və qarşıda dayanan vəzifələrin geniş təhlilini zəruri edir:

"Bu illəri səciyyələndirən hadisələrə yalnız iqtisadi layihələr, diplomatik görüşlər və hərbi əməliyyatlar prizmasından yanaşmaq kifayət deyil. Əsas məsələ həmin hadisələrin vahid dövlət strategiyası daxilində necə əlaqələndirildiyini, Prezidentin siyasi qərarlarının ölkənin inkişaf istiqamətlərinə necə təsir göstərdiyini və əldə edilmiş nəticələrin gələcək üçün hansı imkanları yaratdığını qiymətləndirməkdir. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursunun davam etdirilməsi ilə əlaqələndirilirdi. Həmin dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələr müstəqil dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi potensialın genişləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi idi. Sonrakı illərdə bu istiqamətlər üzrə qəbul edilən qərarlar Azərbaycanın siyasi və iqtisadi gündəliyini formalaşdırdı. Prezidentin rolunu fərqləndirən əsas məqamlardan biri ayrı-ayrı sahələrdə görülən işlərin ölkənin uzunmüddətli maraqları ilə əlaqələndirilməsi və strateji prioritetlərin ardıcıl şəkildə gündəmdə saxlanılması idi. Dövlət başçısının siyasi rəhbərliyinin nəticələri, xüsusilə milli təhlükəsizlik və ərazi bütövlüyü məsələlərində daha aydın görünür. Uzun illər Azərbaycan torpaqlarının işğal altında qalması ölkənin xarici siyasətini, müdafiə planlaşdırmasını və dövlət resurslarının bölüşdürülməsini müəyyən edən əsas amillərdən biri idi. Qarabağ probleminin həlli yalnız diplomatik danışıqlardan deyil, həm də güclü ordu quruculuğundan, iqtisadi imkanların genişləndirilməsindən və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsindən asılı idi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu istiqamətlər paralel şəkildə dövlət siyasətinin əsas xəttinə daxil edildi. Azərbaycanın iqtisadi inkişaf strategiyasında enerji amili xüsusi yer tutdu. Neft və qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması, enerji nəqli infrastrukturunun genişləndirilməsi və xarici tərəfdaşlarla əməkdaşlığın inkişafı ölkənin maliyyə imkanlarını artırdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın beynəlxalq enerji sistemində rolunun genişlənməsinə şərait yaratdı. Bu layihələrin həyata keçirilməsi yalnız iqtisadi məsələ deyildi; onlar ölkənin beynəlxalq tərəfdaşlarla əlaqələrinə, regional əməkdaşlıq imkanlarına və strateji əhəmiyyətinə də təsir göstərirdi".

Müsahibimiz əlavə edib ki, Prezidentin iqtisadi siyasətində enerji gəlirlərindən dövlətin inkişafı üçün istifadə edilməsi mühüm istiqamət olub:

"Yol-nəqliyyat infrastrukturu, regionların inkişafı, sosial obyektlərin tikintisi və enerji təminatının yaxşılaşdırılması iqtisadi siyasətin görünən istiqamətlərinə çevrildi. Bununla yanaşı, müasir dövrün reallıqları iqtisadiyyatın şaxələndirilməsini daha da vacib edir. Neft və qaz gəlirlərinin sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, innovasiya və insan kapitalına yönəldilməsi ölkənin gələcək dayanıqlılığı baxımından əsas məsələlərdəndir. Dövlət başçısının müəyyən etdiyi iqtisadi prioritetlərin uzunmüddətli səmərəsi məhz bu imkanların rəqabətqabiliyyətli istehsala, davamlı məşğulluğa və əhalinin rifahına çevrilməsi ilə ölçüləcək. İlham Əliyevin prezidentliyinin ən mühüm və tarixə düşən mərhələsi isə Qarabağ məsələsi ilə bağlı oldu. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsinə çevrildi. Müharibə nəticəsində ölkənin əhəmiyyətli əraziləri işğaldan azad edildi və 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı ilə hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olundu. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi siyasi və hərbi rəhbərliyi həmin prosesin mühüm tərkib hissəsi idi. Bununla yanaşı, qələbənin əldə olunmasında Azərbaycan Ordusunun peşəkarlığı, hərbçilərin qəhrəmanlığı, müdafiə potensialına əvvəlki illərdə yatırılan sərmayələr və cəmiyyətin səfərbərliyi mühüm rol oynadı. Vətən müharibəsi Prezidentin siyasi rəhbərliyi ilə hərbi strategiyanın əlaqələndirilməsinin əhəmiyyətini də nümayiş etdirdi. Müharibə dövründə hərbi əməliyyatlarla yanaşı, beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyinin çatdırılması, diplomatik təmasların aparılması və informasiya siyasətinin həyata keçirilməsi vacib istiqamətlər idi. Prezidentin xarici media nümayəndələrinə müsahibələri və beynəlxalq platformalarda çıxışları Azərbaycanın mövqeyinin təqdim olunmasına xidmət edirdi. Bu baxımdan 2020-ci ilin hadisələri yalnız cəbhədə baş verən proseslərdən ibarət deyildi; hərbi əməliyyatlar diplomatik və informasiya müstəviləri ilə paralel inkişaf edirdi".

Əli Məsimli vurğulayıb ki, müharibədən sonra Prezident İlham Əliyevin qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş hərbi nəticələrin siyasi müstəvidə möhkəmləndirilməsi idi:

"Ərazi bütövlüyünün bərpası prosesinin tamamlanması, sərhəd nəzarətinin təmin edilməsi və ölkənin suverenliyinin bütün ərazilərdə həyata keçirilməsi istiqamətində addımlar atıldı. 2023-cü il aprelin 23-də Laçın istiqamətində dövlət sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılması, həmin ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi bu mərhələnin mühüm hadisələri oldu. Sentyabr hadisələrindən sonra Azərbaycan öz dövlət suverenliyinin bütün ərazisində bərpa olunduğunu elan etdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını ucaltması həmin prosesin simvolik hadisələrindən birinə çevrildi. Bu hadisələrin siyasi əhəmiyyəti Prezidentin uzun illər dövlət siyasətində əsas prioritet kimi saxladığı ərazi bütövlüyü məsələsinin yeni mərhələyə keçməsində özünü göstərdi. Bununla belə, suverenliyin bərpası ilə bağlı proseslər ölkənin qarşısında yeni vəzifələr də yaratdı. İndi əsas məsələ azad edilmiş ərazilərdə təhlükəsizliyi, davamlı məskunlaşmanı, iqtisadi fəallığı və sosial həyatın bərpasını təmin etməkdir. Bu baxımdan Prezidentin siyasi rəhbərliyi altında həyata keçirilən Böyük Qayıdış proqramı Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının əsas istiqamətlərindən biri kimi çıxış edir. Qarabağın bərpası dövlət başçısının qarşısında dayanan ən genişmiqyaslı müharibədən sonrakı vəzifələrdəndir. Uzun illər işğal altında qalmış ərazilərdə yolların, yaşayış məntəqələrinin, elektrik və su təchizatı sistemlərinin, məktəblərin və digər sosial obyektlərin yenidən qurulması böyük maliyyə və təşkilati resurslar tələb edir. Prezidentin bu ərazilərin bərpasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirməsi prosesin siyasi əhəmiyyətini göstərir. Lakin bərpanın uğuru yalnız tikinti layihələrinin həcmi ilə deyil, geri qayıdan insanların işlə təmin olunması, uşaqların təhsilə çıxışı, səhiyyə xidmətlərinin əlçatanlığı və iqtisadi fəaliyyətin davamlılığı ilə qiymətləndirilməlidir".

Deputatın sözlərinə görə, Böyük Qayıdışın strateji mahiyyəti də məhz bu nöqtədə ortaya çıxır:

"Məcburi köçkünlərin doğma yurdlarına qayıtması tarixi və humanitar əhəmiyyət daşımaqla yanaşı, dövlətin sosial siyasəti üçün də yeni mərhələ yaradır. Prezidentin müəyyən etdiyi bərpa strategiyasının uzunmüddətli nəticələri azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi sisteminə nə dərəcədə inteqrasiya olunmasından asılı olacaq. Kənd təsərrüfatı, turizm, alternativ enerji, sənaye və xidmət sahələrində yeni imkanların yaradılması həmin ərazilərin yalnız yaşayış məkanına deyil, iqtisadi inkişaf mərkəzinə çevrilməsinə kömək edə bilər. Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri də Azərbaycanın xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsidir. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin genişləndirilməsi, Avropa ilə enerji əməkdaşlığı və digər beynəlxalq tərəfdaşlarla siyasi-iqtisadi münasibətlərin inkişafı Azərbaycanın xarici siyasət gündəliyində mühüm yer tutur. Dövlət başçısının beynəlxalq görüşləri, ikitərəfli danışıqları və regional təşəbbüslərdə iştirakı ölkənin milli maraqlarının beynəlxalq platformalarda ifadə olunmasına xidmət edir. Azərbaycanın coğrafi mövqeyi də xarici siyasət strategiyasının əhəmiyyətli amilidir. Xəzər hövzəsi ilə Qara dəniz regionu, Mərkəzi Asiya ilə Avropa arasında yerləşməsi ölkəyə nəqliyyat, logistika və enerji əlaqələrində geniş imkanlar verir. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regional iqtisadi əlaqələrdə rolunu artıra bilər. Prezidentin bu istiqamətlərə diqqət yetirməsi ölkənin geoiqtisadi potensialından istifadə etmək baxımından əhəmiyyətlidir. Bununla belə, uzunmüddətli nəticələr üçün nəqliyyat infrastrukturunun inkişafı yerli istehsalın, xidmət sektorunun və rəqabətqabiliyyətli iqtisadiyyatın genişləndirilməsi ilə tamamlanmalıdır. Müasir geosiyasi şəraitdə Prezidentin qarşısında duran vəzifələrdən biri də Azərbaycanın milli maraqlarını qorumaqla regional sülhün və əməkdaşlığın möhkəmləndirilməsidir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və qarşılıqlı öhdəliklərin icrası Cənubi Qafqazın gələcək inkişafına birbaşa təsir göstərir. Hərbi-siyasi nəticələrin dayanıqlı sülhə çevrilməsi regionda ticarət əlaqələrinin genişlənməsi, nəqliyyat imkanlarının artması və iqtisadi əməkdaşlığın inkişafı üçün yeni şərait yarada bilər. Bu prosesdə dövlət başçısının siyasi iradəsi ilə yanaşı, hüquqi əsasların və razılaşmaların praktik icrasının əhəmiyyəti də böyükdür. Prezidentin rolunu təhlil edərkən dövlət idarəçiliyinin digər istiqamətlərini də nəzərə almaq lazımdır. İqtisadi imkanların artması və infrastrukturun yenilənməsi dövlətin inkişaf potensialını genişləndirsə də, uzunmüddətli uğur hüquqi institutların səmərəliliyindən, qanunun aliliyindən, şəffaflıqdan və vətəndaşların hüquqlarının etibarlı qorunmasından da asılıdır. Dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, məhkəmə sisteminə etimadın möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizə və dövlət-vətəndaş münasibətlərində hesabatlılığın artırılması inkişaf strategiyasının mühüm tərkib hissələridir".

Əli Məsimli onu da vurğulayıb ki, iqtisadi artımın əhalinin rifahına təsiri də Prezidentin gələcək siyasətinin qiymətləndirilməsində əsas meyarlardan biri olacaq:

"Məşğulluq, əməkhaqları, təhsil və səhiyyə xidmətlərinin keyfiyyəti, regionların iqtisadi imkanları və gənclərin əmək bazarına çıxışı sosial siyasətin real nəticələrini müəyyən edir. Dövlətin maliyyə və iqtisadi imkanları artdıqca həmin resursların vətəndaşların həyatında hansı dəyişikliklər yaratdığı daha böyük əhəmiyyət qazanır. Bu səbəbdən qeyri-neft sektorunun inkişafı, insan kapitalına sərmayə qoyuluşu, innovasiyaların dəstəklənməsi və rəqabət mühitinin yaxşılaşdırılması növbəti inkişaf mərhələsinin əsas istiqamətləri olmalıdır.
İlham Əliyevin prezidentliyinin 23 ili Azərbaycanın müasir tarixində mühüm siyasi, iqtisadi və hərbi dəyişikliklərlə səciyyələnir. Bu dövrdə Prezidentin siyasi rəhbərliyi enerji strategiyasının həyata keçirilməsində, ordu quruculuğunun prioritet kimi saxlanılmasında, xarici siyasətin istiqamətlərinin müəyyənləşdirilməsində və Qarabağ məsələsi ilə bağlı qərarların qəbulunda mühüm rol oynayıb. Xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə suverenliyin bərpası Azərbaycan dövlətçiliyinin yeni mərhələsini formalaşdıran hadisələr kimi tarixə düşüb.
Bununla yanaşı, tarixi nəticələrin davamlı uğura çevrilməsi gələcək siyasətin keyfiyyətindən asılıdır. Qarabağın bərpası, Böyük Qayıdışın uğurla davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi, hüquqi institutların gücləndirilməsi və regionda dayanıqlı sülhün təmin olunması qarşıdakı mərhələnin əsas vəzifələridir. Prezidentin strateji qərarlarının əhəmiyyəti bu hədəflərin həyata keçirilməsində, dövlət resurslarının səmərəli idarə olunmasında və əldə edilmiş nəticələrin cəmiyyətin gündəlik həyatına təsirində özünü göstərəcək. İlham Əliyevin prezidentliyinin 23-cü ildönümü Azərbaycanın keçdiyi tarixi yolun və qarşısında dayanan yeni vəzifələrin birlikdə qiymətləndirilməsi üçün əhəmiyyətli məqamdır. Bu dövrün təhlili Prezidentin siyasi rəhbərliyinin dövlətin strateji istiqamətlərinin müəyyənləşdirilməsindəki rolunu, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qəbul edilən qərarların əhəmiyyətini göstərir. Növbəti mərhələdə əsas məsələ əldə edilmiş siyasi və hərbi nəticələri davamlı iqtisadi inkişafa, güclü institutlara, sosial rifaha və uzunmüddətli regional sabitliyə çevirməkdir. Azərbaycanın gələcək inkişafının miqyası da məhz bu strateji hədəflərin nə dərəcədə səmərəli həyata keçirilməsindən asılı olacaq".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 110   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri

"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad

12:12 159
.

Sergey Lavrov sabah Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tədbir çərçivəsində AQEM-in gələcək inkişafı, o cümlədən onu

13:08 132
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13.10.2026 231
.

Prezidentdən sərgi iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal

11:23 145
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

13:06 125
.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

13.10.2026 314
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13.10.2026 395
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14:25 0
.

Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir

"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin

12:39 133
.