İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad
İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:
"Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətində olan mövzudur. Fikrimcə, azərbaycanlılar öz əqidə və inanclarının qorunması üçün ölkələrinin mənafeyinin tələb etdiyi şəkildə öz səslərini hökumətlərinə ən yaxşı formada necə çatdırmağı yaxşı bilirlər".
Bəqai əlavə edib: "Azərbaycan yaxşı münasibətlərə malik olduğumuz, aramızda dostluq və qardaşlıq əlaqələri olan ölkədir. Ümid edirik ki, Azərbaycanda sözügedən məsələ qarşılıqlı anlaşma şəraitində, ümumi dəyərlər və xalqın əsas hüquqlarına hörmət nəzərə alınmaqla öz həllini tapacaq".
İsmayıl Bəqainin açıqlaması, həqiqətən də, diqqət çəkir. Tehran bu bəyanatla Azərbaycanın hicab məsələsindəki siyasətinə birmənalı dəstək vermədiyini nümayiş etdirdi. Eyni zamanda, hicabın İran, Azərbaycan xalqı və digər müsəlmanlar üçün əhəmiyyəti xüsusi vurğulandı.
Əslində, deyilənlərdə qeyri-adi heç nə yoxdur. Hətta bunu İran diplomatiyasına xas yanaşma da hesab etmək olar. Ancaq Bəqainin səsləndirdiyi bir fikir xüsusi diqqət çəkir. O, azərbaycanlıların öz inanclarının qorunması üçün səslərini hökumətlərinə necə çatdırmağı yaxşı bildiklərini söylədi və məsələnin qarşılıqlı anlaşma şəraitində həll olunacağına ümid etdiyini bildirdi.
Bu, diplomatik dildə sadə, lakin mühüm mesajdır: dini dəyərlər əhəmiyyətlidir, amma onların necə qorunacağına dair qərar Azərbaycan cəmiyyətinin və dövlətinin öz daxilində müzakirə olunmalıdır.
Əlbəttə, İranı bu məsələdə tamamilə neytral tərəf kimi təqdim etmək doğru olmazdı. Tehran öz maraqları naminə dindən və Azərbaycandakı təsir qruplarından istifadə etməkdə ittiham olunub. Hətta məlum qərardan sonra məktəblərdə keçirilən aksiyalarda təxribatların törədilməsi, valideynləri və inanclı insanları etirazlara səsləyən bəzi şəxslərin Tehrandan təlimat aldığı barədə iddialar da səsləndirilib. Bununla belə, hazırkı mərhələdə İran rəsmi bəyanatında məsələyə daha təmkinli yanaşma nümayiş etdirir.
İndi isə bu mövqeyi Türkiyədən gələn reaksiyalarla müqayisə edək.
Azərbaycan cəmiyyətinin Türkiyədən gözlədiyi yanaşma, müəyyən mənada, İranın rəsmi bəyanatında ifadə olunan mövqeyə yaxın idi. Bəli, qəbul edilən qərarla razılaşmaya, narahatlığını bildirməyə və dini dəyərlərin qorunmasını vacib saymağa bilərsən. Ancaq bütün bunları Azərbaycanın öz qərarlarını vermək hüququna hörmət çərçivəsində ifadə etmək lazımdır.
Təəssüf ki, Türkiyənin bəzi siyasi dairələrindən və media məkanından gələn reaksiyalarda bu yanaşmanın əvəzinə sərt ittihamlar, qəti hökmlər və Azərbaycanı qərarından geri çəkilməyə çağıran ultimativ ritorika ön plana çıxdı.
Azərbaycanın daxili qərarları ilə bağlı narazılıq yarananda Türkiyədəki bəzi siyasi fiqurların və media nümayəndələrinin seçdiyi dil düşündürücüdür. Sanki Azərbaycanın öz təhsil siyasətini müəyyənləşdirmək, dövlət idarəçiliyinin qaydalarını formalaşdırmaq, dini inancla dünyəvi idarəçilik arasındakı münasibətləri hüquqi çərçivədə tənzimləmək hüququ mübahisə mövzusuna çevrilir.
Halbuki Azərbaycan müstəqil dövlətdir. Onun qərarları müzakirə oluna, tənqid edilə bilər. Lakin başqa ölkələrin siyasi dairələrinin narazılığı və ya diqtə etmək cəhdi Azərbaycanın daxili qərarlarına veto hüququ yaratmır.
Pərdə arxasında kimin hansı addımı atmasından asılı olmayaraq, Türkiyə və İranın rəsmi səviyyədə səsləndirdiyi mövqelər arasında yaranan fərq düşündürücüdür.
Burada mühüm bir məqam var: İran İslam Respublikasıdır, Türkiyə isə konstitusiyasına görə dünyəvi dövlətdir. Azərbaycan da dünyəvi dövlət modelinə malikdir. Buna baxmayaraq, Azərbaycanın daxili məsələsinə münasibətdə ortaya çıxan mənzərə müəyyən təzad yaradır.
İranın rəsmi diplomatik dili qarşılıqlı anlaşmadan, Azərbaycan xalqının öz hökuməti ilə münasibətlərindən və ümumi dəyərlərə hörmətdən bəhs edir. Türkiyədəki bəzi siyasi və media dairələrinin reaksiyalarında isə daha sərt, tələbkar, hətta Azərbaycanın qərarını qəbuledilməz kimi təqdim edən yanaşma önə çıxır.
Bir daha vurğulamaq lazımdır ki, İranın açıqlamasını həddindən artıq romantikləşdirməyə ehtiyac yoxdur. Tehran öz maraqlarını əsas götürən dövlətdir və bu maraqlar zamanla dəyişə bilər. Azərbaycanla münasibətlərində də dini həmrəyliklə yanaşı, geosiyasi hesablamalar mühüm rol oynayır.
Bununla belə, hazırkı mərhələdə İranın rəsmi mövqeyində və ona bağlı bəzi informasiya kanallarında nisbətən sakit ton müşahidə olunur. Türkiyədə isə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın bəzi media subyektlərinin və sosial şəbəkə hesablarının sərt tənqidləri, təhdid və təhqir ritorikası ilə müşayiət olunan reaksiyaları diqqət çəkir.
Bizi düşündürən və təəssüfləndirən də məhz bu təzaddır: Azərbaycanın müstəqil qərarvermə hüququna hörmət məsələsi dost və qonşu ölkələrin siyasi dairələrində niyə eyni şəkildə qarşılanmır?
Turan Rzayev-politoloq
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










