Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar
"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik".
Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi, son illərdə iki ölkə arasında yaranmış geosiyasi gərginliklərdən sonra münasibətlərdə yeni bir səhifənin açılması və pozitiv dialoq mərhələsinə keçid kimi qiymətləndirilməlidir:
"Azərbaycan hər zaman xarici siyasətində çoxtərəfliliyi, qarşılıqlı hörməti və iqtisadi praqmatizmi üstün tutan bir dövlət olub. Bu görüş də rəsmi Bakının regional və qlobal güclərlə konstruktiv əməkdaşlığa sadiqliyini növbəti dəfə sübut edir. Qeyd etdiyimiz kimi son dövrlərdə Hindistanın Ermənistanla hərbi-texniki əməkdaşlığı genişləndirməsi rəsmi Bakı və Dehli arasında müəyyən diplomatik soyuqluğa səbəb olmuşdu. Lakin yüksək səviyyəli bu qəbul göstərir ki, konstruktiv dialoq qaçılmazdır. Azərbaycan emosional deyil, strateji və praqmatik xarici siyasət yürüdür. Ölkəmiz regional təhlükəsizlik və iqtisadi maraqları naminə Hindistan kimi nəhəng bir dövlətlə birbaşa təmasları qoruyub saxlamağa və mövcud anlaşılmazlıqları masa arxasında həll etməyə üstünlük verir. Bu görüş subregional rəqabətləri qlobal əməkdaşlıq formatları ilə balanslaşdırmaq və ikitərəfli əlaqələrdə yeni müsbət dinamika yaratmaq məqsədi daşıyır. Azərbaycan və Hindistan arasındakı münasibətlər sadəcə müasir dövrün siyasi konyukturası ilə məhdudlaşmır, köklü tarixi əsasa malikdir".
Müsahibimiz əlavə edib ki, əsrlər boyu iki ölkənin tacirləri İpək Yolu vasitəsilə sıx əlaqədə olublar:
"Bakı bu marşrut üzərində mühüm bir mərkəz rolunu oynayıb. Bakıdakı məşhur "Atəşgah" məbədi bu tarixi əlaqələrin ən bariz canlı sübutudur. 17-18-ci əsrlərdə Azərbaycanda yaşamış hindli zəvvarlar və tacirlər tərəfindən ucaldılan bu abidə, Azərbaycanın multikulturalizm ənənələrinin və Hindistan mədəniyyətinə olan hörmətin tarixi rəmzidir. Müasir dünyada Azərbaycan və Hindistanı birləşdirən ən mühüm platformalardan biri Qlobal Cənub konsepsiyası və bu çərçivədə formalaşan iqtisadi-logistik layihələrdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Hindistanı İran və Azərbaycan vasitəsilə Rusiya və Avropaya birləşdirən nəhəng bir tranzit marşrutudur. Hindistan üçün yüklərin daşınma müddətini və xərclərini əhəmiyyətli dərəcədə azaldan bu layihədə Azərbaycan əsas logistik qovşaq rolunu oynayır. Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlıq və Qlobal Cənubun maraqlarının müdafiəsi hər iki ölkənin beynəlxalq arenada ortaq məxrəcə gələ bildiyi sahələrdir. Prezident İlham Əliyevin Hindistan xarici işlər nazirini qəbul etməsi, iki ölkə arasındakı münasibətlərin yalnız problemlər üzərində deyil, böyük tarixi keçmiş, güclü iqtisadi potensial və qlobal logistik layihələr üzərində qurulmasının zəruriliyini nümayiş etdirir. Bu addım iki ölkə arasında qarşılıqlı etimadın yenidən bərpasına və Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasına müsbət töhfə verə bilər".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









