Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirləri ilə öz məntiqi yekununa çatıb, işğaldan azad edilmiş bütün torpaqlarımızda dövlət bayrağımız qürurla dalğalanmağa başlayıb. Bu zəfər yürüşünün ən mühüm mənəvi və siyasi zirvələrindən biri isə dövlətçilik tariximizdə dərin iz qoyan tarixi çıxışlar və müraciətlərdir. Prezident İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir. Vaxtilə separatizmin və işğalçılıq siyasətinin mərkəzlərindən biri olmuş şəhər bu gün Azərbaycanın suverenliyinin, milli iradəsinin və dövlət gücünün rəmzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzi ifadəsidir.
Xankəndi bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin və dövlət suverenliyinin mühüm rəmzlərindən biridir. Dövlət başçısının müraciətində "Qarabağ Azərbaycandır və nida" bəyanatını təkrar səsləndirməsi, həmin nidanın 2023-cü il sentyabrın 20-də keçirilən antiterror əməliyyatı ilə təsdiqlənməsi tarixi Qələbənin məntiqi nəticəsini ifadə edir.
Vaxtilə separatçı rejimin fəaliyyət göstərdiyi binada Zəfər Muzeyinin yaradılması da xüsusi rəmzi məna daşıyacaq. Bu, işğal və separatizm yaddaşını təmsil edən məkanın Azərbaycanın qəhrəmanlıq tarixini və tarixi Qələbəsini yaşadan mədəniyyət məkanına çevrilməsidir. Ölkə başçısı öz təbrikində bildirib: "Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar".
Azərbaycanın Zəfəri ardıcıl dövlət siyasətinin, güclü ordu quruculuğunun, fəal diplomatiyanın, iqtisadi inkişafın və xalqın milli həmrəyliyinin nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, peşəkarlıq, milli ruh və Vətənə bağlılıq Qələbənin əsas amillərindən olub. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təmin edən vahid tarixi prosesin mühüm mərhələləridir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Zəfərin davam edən nəticəsidir. "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlara qayıdış, yeni yaşayış məntəqələrinin, məktəblərin, sosial və mədəni obyektlərin inşası tarixi yaddaşın və mədəni varisliyin bərpasına xidmət edir. Cənab Prezidentib bildirdiyi kimi: "İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik".
Türkan Cümşüdova
YAP üzvü
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









